Ermənilər yalnız tarixi saxtalaşdırma ilə məşğul olmur, onlar hətta beynəlxalq rəy sorğusu keçirən təşkilatların da qənaətlərinə “əl gəzdirirlər”. Özü də elə təhrif edirlər ki, rəy sorğusu keçirən beynəlxalq qurumların özləri belə onların saxtalaşdırma əməllərinə məəttəl qalırlar.
Obyektivlikdən çox-çox uzaq olan və saxtakarlığın, qərəzin təbliğat maşınına çevrilən Ermənistan mətbuatı “Gallup” şirkətinin 140 ölkə arasında keçirdiyi rəy sorğusunu da təhrif edib. 2018-ci ili əhatə edən rəy sorğusunda 140 ölkənin əhalisi iştirak edib və iştirakçılar arasında Ermənistan vətəndaşları da var. Əhalinin emosiyalarının öyrənilməsinə həsr edilən rəy sorğusunda iştirak edənlər müxtəlif sualları cavablandırıblar. Respondentlərdən soruşulub ki, gülübsünüzmü, gülümsəyibsinizmi, qorxu, həyəcan yaşayıbsınızmı?
Sorğunun real nəticələrinə görə, Ermənistan əhalisi mənəvi-psixoloji cəhətdən ən çox gərginlik keçirən insanlar sırasında ilk yerləri tutur. Onlar son dövrlər gərginlik keçirdiklərini, qorxu içində olduqlarını, mənəvi-psixoloji gərginlik yaşadıqlarını etiraf ediblər. Erməni mətbuatı isə “Gallup”un rəy sorğusunu təhrif edərək yazır ki, Ermənistan əhalisi gərginlik keçirməyən, yüksək səviyyədə istirahət etmək imkanına malik insanlardır. Əslində isə belə deyil, Ermənistan əhalisi dünyanın ən gərgin mənəvi-psixoloji durumda olan insanlar kateqoriyasında yer tutur.
Bu gün gərgin ictimai-siyasi vəziyyətdə yaşayan ermənilərin sosial-iqtisadi cəhətdən çoxsaylı problemlə üzləşdiyi məlumdur. Ermənistanda əhalinin gərgin mənəvi-psixoloji durumda olmasının səbəbi bu ölkədə mövcud olan siyasi, iqtisadi və sosial gərginlik ola bilərmi?
Fatimə Hacıbəyli: “Ermənistan dünyada uşaqlara və qadınlara qarşı ən çox zorakılıq hallarının baş verdiyi ölkələrdən biridir”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan əhalisi ən çox stress, mənəvi-psixoloji böhran yaşayan xalqlardan biridir: “Bu gün Ermənistan əhalisi dünyanın ən kasıb, ən miskin insanları sırasında qərarlaşıb. Bu da ondan irəli gəlir ki, bu ölkədə ciddi siyasi, iqtisadi-sosial böhran mövcuddur. İllərdir davam edən bu vəziyyət əhalinin sevinmək, şadlanmaq, müsbət emosiyalara köklənmək arzusunu əlindən alıb. Ermənistan hakimiyyətini erməni xalqının rifahı qətiyyən maraqlandırmır. Bu da xalqın ac-yalavac duruma düşməsi ilə nəticələnib. İşsizliyin hökm sürdüyü Ermənistanda həqiqətən də əhalinin mənəvi-psixoloji vəziyyəti çox kritikdir. Orada bir qrup adam yüksək səviyyədə yaşayır, onlar da mövcud hakimiyyətdə təmsil olunanlardır. Yəni bu ölkədə məmurlar xalqın vəziyyətini müsbətə doğru irəlilətmək üçün heç bir addım atmırlar. Ermənistan dünyada uşaqlara və qadınlara qarşı ən çox zorakılıq hallarının baş verdiyi ölkələrdən biridir. Burada tez-tez qadınlar, uşaqlar zorakılığa məruz qalır və hüquq-mühafizə orqanları da bu faktlara biganəlik göstərirlər. Hətta erməni qadın və uşaqlarının zorakılıq hallarına məruz qalması haqqında bəzi beynəlxalq qurumlar da öz hesabatlarında qeyd ediblər. Ermənistan əhalisinin mənəvi-psixoloji cəhətdən böhran içində olması bu ölkədəki sosial, siyasi, iqtisadi gərginliklə sıx bağlıdır”.
F.Hacıbəyli, həmçinin, qeyd etdi ki, erməni mətbuatı Ermənistanı tənqid edən, buradakı vəziyyəti pisləyən bütün hesabatları, rəy sorğularını təhrif edərək onu öz xeyirlərinə yönəldir. “Beynəlxalq rəy sorğusu keçirən qurumun sorğularında iştirak edən Ermənistan əhalisinin 55 faizi sevincin, gülüşün, xoş günlərin nə olduğunu yadırğadıqlarını deyib. Amma erməni mətbuatı əksini yazır, qeyd edirlər ki, guya bu ölkədə əhalinin yarıdan çoxu sevinc, şadlıq içində yaşayır. Necə yaşayırlar ki, işləmək üçün iş, yeməyə çörək tapmırlar. Bir müddət əvvəl mətbuat yazmışdı ki, bəzi kitabxanalar, mədəniyyət ocaqları dövlət büdcəsindən vəsait ala bilmədikləri üçün qapadılıb. Bu halda, ermənilər necə “hər gün gülürük, xoşbəxtik, hər gün yeni şeylər öyrənirik” söyləyə bilərlər?” - deyə F.Hacıbəyli qeyd etdi.
İradə SARIYEVA