Fransada bir neçə aydır davam edən xalq və hökumət qarşıdurması zamanı yalnız aksiya keçirən vətəndaşlar deyil, eyni zamanda, hadisəni işıqlandıran jurnalistlər də polis zorakılığına məruz qalıb. Fransa polisinin “Sarı jiletlilər”ə qarşı həyata keçirdiyi zorakılıq hallarını işıqlandırarkən bir neçə jurnalist xəsarət alıb. Sosial mediada və TV-lərdə həmin səhnələrin videogörüntüləri də yayılıb.
Həmin videogörüntülərdən aydın olur ki, jurnalist qarışıqlığın arasından çıxmaq istəyərkən polis tərəfindən başından zərbə alır. Fransa mətbuatında polis zorakılığına dair görüntülərin ortaya çıxması böyük əks-səda yaradıb.
O da bildirilir ki, videoda Fransa polisinin aralarında "RİA Novosti"nin əməkdaşı Viktoriya İvanovanın da olduğu bir neçə nəfərə qarşı zorakılıq etdiyi əks olunur. Məlumata görə, hadisə 1 may günü baş verib. 1 mayla əlaqədar meydana çıxan nümayişçilərə qarşı güc tətbiq olunub. Qarşıdurma zamanı xəsarət alanlara könüllü tibb işçiləri yardım ediblər.
Videogörüntülərdən aydın olur ki, V.İvanova qarışıqlığın arasından çıxmaq istəyərkən polis tərəfindən başından zərbə alıb. Onun geyiminin üzərindəki "Press" sözünə baxmayaraq, zorakılığa məruz qalıb. Jurnalist beynindən zədə alıb, ilkin müayinədən sonra ona zərbə endirən polisdən məhkəməyə şikayət edib. Rusiya Xarici İşlər Nazirliyi də rəsmi Parisdən "RİA Novosti"nin əməkdaşına qarşı baş verən zorakılığın araşdırılmasını tələb edib.
Aralarında xarici jurnalistlər də olmaqla bir neçə jurnalistin aksiyalar zamanı polis zorakılığna məruz qalmasına hələ heç bir beynəlxalq qurum reaksiya verməyib. Heç beynəlxalq jurnalist təşkilatları da faktla bağlı hər hansı bir bəyanat yaymayıblar.
Azər Həsrət: “Beynəlxalq jurnalist təşkilatlarının Fransada jurnalistlərin döyülməsinə, onlara xəsarət yetirilməsinə susqunluqla yanaşmasını anlaya bilmirik”
Mövzunu şərh edən Əməkdar jurnalist, media üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Fransada yaşanan hadisələri aylardır müşahidə edirik. O vurğuladı ki, əlbəttə, burada polislərin jurnalistlərə qarşı həyata keçirdikləri zorakılıq əməlləri bütün dünyanın gözü qarşısında baş verir: “Fransada polisin vətəndaşlara qarşı zor tətbiq etməsi diqqətimizi çəkir. Ancaq media təmsilçiləri olaraq bizi əsasən jurnalistlərə qarşı baş verənlər narahat edir. Burada hadisələrin işıqlandırılması zamanı jurnalistlərə qarşı zorakılıqlar edilir. Bizim üçün maraqlıdır ki, dünyada “demokratiyanın beşiyi” olduğunu iddia edən ölkələrdən birində jurnalistlər aksiya zamanı hadisələri necə işıqlandırır və hüquq-mühafizə orqanları öz vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı necə davranırlar? Təəssüflər olsun ki, Fransanın bizə təlqin etmək istədiyi o standartları biz həmin ölkənin özündə görmürük. Fransada jurnalistlər zorakılığa məruz qalır, döyülür, silahla təhdid edilir, hadisə yerindən uzaqlaşdırılır, həbs edilir. Bütün bu proseslər dünyanın gözü qarşısında baş verir və təəssüflər olsun ki, beynəlxalq jurnalist təşkilatları, insan haqları qurumları bu prosesə reaksiya vermək əvəzinə, onu susqunluqla müşahidə edirlər. Əlbəttə, biz hardasa kənar təşkilatların susqunluğunu bu və ya digər dərəcədə başa düşə bilərik. Amma beynəlxalq jurnalist təşkilatlarının Fransada jurnalistlərin döyülməsinə, onlara xəsarət yetirilməsinə susqunluqla yanaşmasını anlaya bilmirik. Yeri gəldi- gəlmədi, Azərbaycan kimi ölkələrin üzərinə yeriyirlər. Baş qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatının da Fransada jurnalistlərə qarşı həyata keçirilən bütün zorakılıq hallarına susqunluqla yanaşması onu göstərir ki, həqiqətən də bu qurum da ikili standartlarla fəaliyyət göstərir. Bu həmin qurumun ikili standartlardan çıxış etməsinin bariz və eybəcər nümunəsidir. Təsəvvür edin ki, aralarında xarici jurnalistlər də olmaqla Parisdə jurnalistlər döyülür, amma beynəlxalq qurum olan “Sərhədsiz Reportyorlar” təşkilatı buna reaksiya vermir”.
A.Həsrətin sözlərinə görə, bəzən bu qurum hadisələrə uyğun rekasiya ortaya qoymur, yumşaq reaksiya verir və hadisənin əhatə dairəsini kiçiltməyə çalışır.
A.Həsrətin sözlərinə görə, bu bir daha göstərir ki, “Sərhədsiz Reportyorlar” kimi təşkilatların Azərbaycanla, Azərbaycan kimi ölkələrlə bağlı açıqladığı saxta reytinqlər həqiqətən də saxtadır. “Bu qurum Azərbaycanda hansısa bir jurnalistin küçədə bir xuliqanın basqısına məruz qalmasına çox geniş miqyasda reaksiya verir. ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar belə kiçik hadisləri şişirdirlər, dünyanın aparıcı dövlətlərini bura reaksiya verməyə çağırırlar. Ancaq Fransada jurnalistlər kütləvi polis basqısına məruz qalır, həmin hadisəyə beynəlxalq qurumlar kiçik bir bəyanatla reaksiya verməyi yaraşdırmırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim həmin təşkilatların saxtakarlıq, ikili standartlar, tərəfkeşlik kimi hallara yol verdiyini deməyimiz faktlara söykənir və biz bunu özümüzdən uydurmuruq. Bu qurumlarda həqiqətən də bu kimi mənfi hallar var. Ona görə də düşünürəm ki, Azərbaycan ictimai rəyində olan insanlar, xüsusilə də ictimai fəaliyyətlə məşğul olanlar bu cür məsələlərdə diqqətli olmalıdırlar. Düşünməlidirlər ki, niyə “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar davamlı olaraq Azərbaycan kimi ölkələri gözümçıxdıya salır, olmayan yerdən problemlər uydurub, onları siyahılara əlavə edib sonra bizi “qara siyahı”lara salırlar. Amma Fransada bütün dünyanın gözü qarşısında baş verənlərə isə reaksiya vermək istəmirlər. Mənə elə gəlir ki, bu durum, əslinə qalanda, o təşkilatların əsl simasını göstərmək üçün əlavə bir fürsətdir” - deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA