Uzun sürən həbs həyatından sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun ilk müsahibəsi böyük etirazla qarşılanıb. Əsasən də onun regionçuluq mövzusunu xüsusi qabartması və özünü əslən qərbi azərbaycanlıların lideri kimi təqdim etməyə cəhd etməsi elə həmin regionun ziyalıları tərəfindən ciddi təpki ilə qarşılanıb. Maraqlıdır ki, Əli İnsanovun təbliğatı ilə məşğul olan şəxslər də keçmiş məhbusun məhz regional amillə bağlı əldə edə biləcəyi”uğur” amilinin üzərində xüsusi dayanırlar. İnsanovun son müsahibəsində işlətdiyi bu yöndən olan fikirlərə diqqət edək:
“Mən heç yerdə regionçu olduğumu dilə gətirməmişəm. Mən ermənistanlı olduğumu da danmamışam. Ancaq güman edirəm ki, insan əvvəlcə öz anasını sevməlidir, sonra qonşu anaları. Belə olmayan insanları mən ikiüzlü və satqın adlandırıram. Bizdə gözəl bir məsəl var, ”astını danan". Heç kəs gərək astını danan olmasın". Sabiq nazir müsahibəsində ermənilərin atalar sözündən də sitat gətirib. Maraqlıdır ki, Əli İnsanovun bu çıxışına elə ilk reaksiya əslən Qərbi Azərbaycandan olan şəxslərdən gəlib. Sabiq təhsil naziri Misir Mərdanov, YAP icra katibi Əli Əhmədov və başqaları onun mövqeyini sərt tənqid ediblər. Bəs əslən Qərbi Azərbaycandan olan digər tanınmış şəxslər sabiq səhiyyə nazirinin regional amil üzərində qurulan təbliğatına hansı münasibəti bəsləyirlər? Əslən Qərbi Azərbaycandan olan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir şəxsin fikirlərinə görə, həmin regiondan olan digər şəxslərin sorğu-sual edilməsi doğru deyil: “Təəssüflər olsun ki, bəzən bunu yanlış anlayanlar da olur. Bu gün Cəmil Həsənliyə görə cəlilabadlılar, Qurban Məmmədova görə naxçıvanlılar və ya Əli Əliyevə görə bakılılar məsuliyyət daşımamalıdır. Eyni zamanda, heç bir siyasətçiyə bütöv regionun adından çıxış etmək üçün mandat verilmir. Təəssüflər olsun ki, bəzən bu cür hallardan sözün bütün mənalarında sui-istifadə cəhdlərinə rast gəlirik. Əli İnsanov dediyi fikirlərə görə özü məsuliyyət daşıyır. O bütün qərbi azərbaycanlıların ağsaqqalı ola bilməz. Ən yaxşı halda, öz ailəsinin , nəslinin ağsaqqalı ola bilər. Bizin regionun əhalisi elini, obasını itirib. Həssas adamlardı, onları bu cür çirkin kampaniyalara qatmaq lazım deyil. Ümumiyyətlə, bu fikri siyasətə yaxın buraxmaq lazım deyil. Regionçuluq çox cılız hissdi, ondan yapışan siyasətçi də çılız hisslərlə yaşayır. Siyasi iddiası olan adam regional amildən yapışırsa, onun heç bir uğuru olan deyil. Bizim o qədər problemlərimiz var ki, onlar barədə düşünməliyik. Çox xahiş edirəm, bu cür məsələlərdə heç kim qərbi azərbaycanılıarın adı ilə manipulyasiya etməsin. Biz ölkə Prezidentinin ətrafında birləşib, torpağımızı işğaldan azad etməliyik”. Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli sabiq səhiyyə naziri Əli İnsanovla birgə fəaliyyət göstərə bilmək haqda mülahizələrə fikir bildirib və deyib ki, belə bir niyyətləri yoxdur: “Kimsə regional amildən istifadə edib, bütöv bir bölgənin adını öz maraqları naminə hallandırmamalıdır: “Qərbi Azərbaycan elə kiçik bir region deyil ki, bir nəfər bütöv regionun ağsaqqalı funksiyasını üzərinə götürsün. Bizim qərbi azərbaycanlıların və bütün digər azərbaycanlıların bir ağsaqqalı olub: ulu öndər Heydər Əliyev, indi də həmin şərəfli missiyanı Prezident İlham Əliyev daşıyır. Bu şəxsiyyətlərdən başqa kimsə qərbi azərbaycanlılara ağsaqqallıq etmək iddiasında ola bilməz”.
Qeyd edək ki, Əli İnsanovun səsləndirdiyi fikirlərlə radikal müxalifəti təmsil edən şəxslər də razılaşmayıb və onu sərt tənqid ediblər. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev özünün facebook səhifəsində bunları yazıb: “Əli İnsanovun vətəndaş və insani haqlarını müdafiə edənlərdənəm. Həbsdəki yaşamına da sayğı ilə yanaşmışam. Amma heç zaman onun şovinistcəsinə regionçuluğuna hörmətim olmayıb. İnsanların 40-dan sonra dəyişdiyinə inanmıram. Amma düşünürdüm ki, hörmətli akademik bu ağır taledən, aldığı dərslərdən nəticə çıxarar. Təəssüf... Çünki millətin indi ziyalılara, alimlərə, siyasət adamlarına zəruri dərəcədə ehtiyacı var. Hesab edirdim ki, Əli müəllim YAP-ın ölkəyə vurduğu zədələrdən, özünün nazir olarkən buraxdığı səhvlərdən və yeni baxışlarından danışacaq. Əfsuslar... Verdiyi müsahibədə yaraşdırmadığım şəkildə yenidən milləti doğma və ögeyə böldü. Regionçuluqla bağlı əvvəldən hazırlanmış suala çox biabırçı bir cavab verdi: “Adam əvvəl doğma anasını, sonra başqa anaları sevər”. Hörmətli, Əli müəllim! Yetmədimi milləti daxildən ögey-doğmalara böldüyünüz? Həbs həyatı da sizə dərs olmadımı? Abdullayev və Umnyaşkin nümunələri sizə yerliçiliyin yanlış olduğunu sübut etmədimi? Sizin əzmlə mübarizəyə atılacağınızı, qurulmasında yaxından iştirak etdiyiniz hakimiyyətin demontajında qatqınızı səbrsizliklə gözləyirdim. Növbəti dəfə heyfslənirəm ki, bu da belə!. Amma qayıdın o yoldan, nə qədər gec deyil. Dilində gözəl danışdığınız hayların təhlükəsi qarşısında, millətin vəhdəti mühüm dərəcədə zəruridir. Daxili parçalanma gücümüzü azaldır".
Məhəmmədəli QƏRİBLİ