Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin davamlı olaraq dünya ictimaiyyətinə çatdırılması və bu məsələdə Azərbaycana verilən dəstəyin gücləndirilməsi rəsmi Bakının xarici siyasətində daim prioritet istiqamətlərdən birini təşkil edib.
Qeyd olunan xüsusda Azərbaycan diplomatiyasının aktivinə xeyli qələbə yazılması da heç kimə sirr deyil. Bununla belə, Azərbaycan əldə edilən nəticələrlə kifayətlənməyərək məsələni daim dünya gündəmində saxlamağa çalışır. Bu mənada, Bakıda “Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qarabağ məsələsinə də xüsusi diqqət yetrilməsi tamamilə təbii xarakter daşıyır.
Qeyd edək ki, bu mövzuya forumda çıxışı zamanı Prezident İlham Əliyev geniş toxundu. Dövlət başçısının burada diqqətə çatdırdığı başlıca məqamlardan biri həm də beynəlxalq hüququn qeyri-işləkliyi və bunun yaratdığı fəsadlarla ilgili oldu: “Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir ”. Bununla yanaşı, Prezident onu da diqqətə çatdırıb ki, Azərbaycan məsələnin məhz beynəlxalq hüquq əsasında dinc müstəvidə həllini istəyir: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir”.
Bununla Azərbaycan ən yüksək səviyyədə mühüm bir beynəlxalq plaftormada Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırır. Məsələ ilə bağlı Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin mövqeyi də olduqca maraqlıdır. O bu xüsusda bildirir: “Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur”. Belə bir mövqenin Prezident İlham Əliyev və forumda iştirak edən digər yüksək vəzifəli şəxslər tərəfindən diqqətə çatdırılması, heç şübhəsiz, Azərbaycana əlavə diplomatik üstünlüklər qazandırır. “Bakı Prosesi”nin ən mühüm tərəflərindən biri də elə budur.
Ümumiyyətlə, ölkəmizdə keçirilən belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirməklə yanaşı, həm də sülh, əminamanlıq ətrafında fikir mübadiləsi aparmaqdır. Cənubi Qafqazda belə sülhün təmin edilməsinin ümdə şərti isə Qarabağ münaqişəsinin həllidir ki, Azərbaycan növbəti dəfə bunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu mənada, Azərbaycanın sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmsəi ölkəmizə Qarabağ münaqişəsinin beynəlxalq diqqət mərkəzində qalmasını təmin etmək baxımından da mühüm dividendlər qazandırır. Burada onu da nəzərə almaq lazımdır ki, Bakıda keçirilən dünya miqyaslı belə tədbirlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırır. Məhz bu şəraitdə Azərbaycanın mövqeyini qəbul edənlərin də sayı çoxalır. Belə vəziyyət isə Qarabağ məsələsi ətrafında Azərbaycana daha çox beynəlxalq dəstəyin verilməsinə də gətirib çıxarır.
Ümumiyyətlə, “Bakı Prosesi” adını alan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında Qarabağ məsələsinin diqqət mərkəzində olması Azərbaycan üçün əsas məqamlardan biri sayılır. Xatırladaq ki, 2011-ci, 2013-cü, 2015-ci, 2017-ci illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında da bu mövzuya ayrıca diqqət yetrilib. Həmin forumların da nəticələri ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edib. Bu mənada, sayca beşinci olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da, şübhəsiz ki, nəticə etibarı ilə digər məqamlarla yanaşı, Qarabağ mövzusu baxımından da vacib yekunlarla yadda qalacaq. Burada nəzərə almaq lazımdır ki, indiki tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edib. Məhz onların diqqətinə Qarabağ məsələsinin çatdırılması heç də az əhəmiyyət kəsb etməyərək beynəlxalq müstəvidə Azərbaycana verilən dəstəyin artmasına gətirib çıxarır. İştirakçılar onu da nəzərə alır ki, hazırda Azərbaycan həm regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Məhz belə bir ölkə ilə əməkdaşlığın dərinləşdirilməsi digər dünya dövlətləri və təşkilatları üçün də vacib önəm kəsb edir. Onlar bu zaman Azərbaycanın həssas məsələsi olan Qarabağ münaqişəsinə də hansı prizmadan yanaşmanın vaciblyini yaxşı başa düşür. Məhz bütün bunlar Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycana gətirdiyi əsas dividendlərdən biri sayılır.
Digər tərəfdən onu da nəzərə almaq vacibdir ki, bu gün dünyada çoxlu sayda münaqişələr mövcuddur. Bu baxımdan Azərbaycanın belə bir gərgin vaxtda dünya siyasətçilərini bir araya gətirib mövcud problemlərin müzakirə edilməsinə və çıxış yollarının axtarılmasına şərait yaratması da ölkəmizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırır, eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına şərait yaradır. Eyni zamanda, Azərbaycan beynəlxalq və regional təhlükəsizlik məsələlərində, dövlətlərarası münasibətlərdə, münaqişlərin aradan qaldırılması ilə bağlı, eləcə də siyasi, iqtisadi, humanitar əlaqələrin genişləndirilməsində öz təcrübəsini belə forum vasitəsilə yaya bilir. Dünya ona da şahidlik edir ki, Azərbaycan işğaldan, terrordan əziyyət çəkən bir ölkədir və bununla yanaşı, qlobal terrorizmə qarşı mübarizə aparan dövlətlər sırasındadır. Ölkəmiz xeyli müddətdir qonşu Ermənistanın həm işğalına, həm də terroruna məruz qalıb. Lakin buna baxmayaraq, Azərbaycan regionda və bölgədə terrordan və işğaldan əziyyət çəkən ölkələrə həmrəylik nümayiş etdirərək, həm də onlara dəstək olmaq təşəbbüsünü göstərir. Məhz bu da Azərbaycana benəlxalq miqyasda əlavə mühüm üstünlüklər qazandırır.
Bu qeyd edilənlərin təsdiqini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun beşinci Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışlarda səsləndirdiyi fikirlərdən də aydın görmək olar. Nazir öncə qeyd edib ki, əsas məsələ səyləri bir araya gətirib, daha da ucadan səsləndirməkdir: "Çünki BMT bir qətnaməni belə hasil edə bilmir. Sülhdən yaxşı heç nə yoxdur. Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək nələrəsə nail ola bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq, insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır. Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək, ismarıclarımız da güclü olacaq". Məhz bununla Azərbaycan rəsmi səviyyədə forum iştirakçılarını güclü vahid mövqe nümayiş etdirməyə və onları Qarabağ münaqişəsinin, digər konfliktlərin həllinə töhfə verməyə dəvət edir. Forumda iştirak edən Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni də məhz bu mövqeni dəstəkləyir, sülh üçün vahid mövqenin vaciblyini bildirir. Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqun təşviq olunması bir anlıq hadisə deyil, bu heç vaxt bitməyən bir çağırışdır: "Mədəniyyətlərarası dialoq, sosial inklüzivlik həddən ziyadə vacibdir. Yekunda tərəqqi siyasi iradə əsasında təmin olunacaq. Biz bununla bağlı məhz bu hissləri keçiririk. Bu bizim planlarımızı irəli apara bilər. Bir faktı qeyd etməliyik ki, biz öz inamımızı və dəyərlərimizi qorumalıyıq. Biz sülh üçün dialoq qurmalıyıq, ləyaqət və qarşılıqlı hörmətə əsaslanan rəğbət göstərməliyik. Bu bizim fəaliyyətimizə veriləcək qiymətdir. “Bakı Prosesi” məhz buna həsr olunub".
Bütün bunlar “Bakı Prosesi”nin, digər məqamlarla yanaşı, Qarabağ münaqişəsi baxımından da nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini aydın nümayiş etdirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.