İşğalçı Ermənistanda real vəziyyətin təhlili burada yaxın günlər ərzində yenidən gərgin vəziyyətin hökm sürəcəyini, hətta yeni hakimiyyət dəyişikliyinə cəhdlərin olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu 1 il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik edə bilməyib. Hətta əksinə, bu istiqamətdə vəziyyətin daha da pisləşməsi müşahidə edilməkdədir. Paşinyana qarşı olan qüvvələr isə yaranmış vəziyyətdən faydalanmağa çalışır.
Ermənistan parlamentinin sabiq vitse-spikeri, müxalifətdəki Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yaranmış durumla bağlı bildirir: “Ölkəni idarəetmə ilə mitinqlərdə çıxış etməyin heç bir əlaqəsinin olmadığını aşkar etmək üçün bir il yetərlidir. Düz bir il bundan öncə Ermənistan parlamenti 45 səs lehinə, 55 səs əleyhinə olmaqla Nikol Paşinyanı baş nazir vəzifəsinə seçməmişdi. Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinə səs verməyən və onu dəstəkləməyən yeganə siyasi qüvvə Respublika Partiyası olub. Lakin bunu deyəni dinləyən lazım idi. Siyasi mübarizəni nifrətə çevirənlər və yaxud konfromist, qastrolyorlara qarşı tarix qəddar və amansızdır. İndi Paşinyanı da eyni tale gözləyir”.
Respublika Partiyası ilə yanaşı digər qüvvələrin də Paşinyana qarşı aktiv fəaliyyətə keçməsi müşahidə olunur. “Qraparak” qəzeti bu günlərdə belə bir məlumat yayıb ki, “Daşnaksütyun” Partiyası da Ermənistan hökumətinə qarşı etimadsızlıq elan edilməsi prosesini başlatmaq niyyətindədir: “Partiya cari ilin may-iyun aylarında hökumətdən ictimai narazılığın pik həddə çatacağını güman edir. Buna əsas səbəb isə dövlət aparatının optimallaşdırılması siyasəti, “Qazprom Ermənistan”, “Ermənistan Elektrik Şəbəkələri” və “Araratsement”də başlayacaq ixtisarlar olacaq. “Daşnaksütyun”, həmçinin, “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyaları ilə eyni anda deputat mandatlarından imtina vasitəsilə böhranın yaradılması variantlarını da müzakirə edir. Bununla belə, mənbəmiz bu ssenarini reallaşdırmağın çətin olduğunu, amma tərəflərin bu məsələlərin müzakirəsini davam etdirdiyini deyib”. Bu durumda yayılan məlumata görə, Paşinyan ilk növbədə böyük maliyyə dayaqları olan “Çiçəklənən Ermənistan” partiyasını və onun lideri Haqik Tsarukyanı sıradan çıxarmağı düşünür. Məsələ ilə bağlı “Qraparak” qəzetinə “Çiçəklənən Ermənistan” partiyasından aşağıdakılar deyilib: "Hakimiyyət iqtisadi bazarın yenidən bölüşdürülməsinə gedib Haqik Tsarukyanı deputat mandatından məhrum edərsə, biz də cavab olaraq onunla birlikdə deputat vəsiqəmizi təhvil verəcəyik. Biz konstitusiya üzrə mütəxəssislərdən atacağımız addım barədə soruşmuşuq. Bizə deyilib ki, konstitusiyaya əsasən, parlamentin 30 faizini müxalifət təşkil etməlidir. “Çiçəklənən Ermənistan” partiyasından olan deputatlar mandatdan imtina edərsə, parlament antikonstitusion olacaq. Bu isə növbədənkənar seçkilərin keçirilməsinə səbəb olacaq”. Bununla yanaşı xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyası və parlamentdəki “Tsarukyan” blokunun lideri, milyarder Haqik Tsarukyana qarşı cinayət işinin başlanması üçün ölkənin baş prokuroruna müraciət edilib. Başqa bir məlumata görə, Ermənistan hakimiyyəti parlamentdəki müxalif “Çiçəklənən Ermənistan” partiyasının fraksiyasını parçalamağı planlaşdırır.
Bütün bunlarla bağlı “1-in.am” portalı yazır: “Vətəndaş qərarı” partiyası icra qurumunun katibi Suren Saakyan parlament sədri Ararat Mirzoyana deputat, “Çiçəklənən Ermənistan” partiyası fraksiyasının başçısı Haqik Tsarukyanın səlahiyyətinin dayandırılması məsələsi üzrə Konstitusiya Məhkəməsinə müraciət etmək xahişilə ərizə göndərib. Suren Saakyan Haqik Tsarukyan haqqında Konstitusiyanın 98-ci maddəsinin ikinci hissəsinə əsaslanmaqla –Konstitusiyanın 95-ci maddəsi pozulduğu halda deputat səlahiyyətinin dayandırılması – cinayət işi qaldırmaq xahişilə baş prokuror Artur Davtyana müraciət edib. Suren Saakyan öz tələbini Haqik Tsarukyanın son müsahibədə səsləndirdiyi açıqlamalarla əsaslandırır. Söhbət qanunsuz sahibkarlıq fəaliyyətindən gedir. Saakyanın sözlərinə görə, bu təsdiq olunacağı halda, göstərilən deputatın səlahiyyətləri dayandırılmalıdır.
“Vətəndaş qərarı” partiyasının bəyanatında deyilir: “Ermənistanda biznes dövlət idarəçiliyi sistemindən ayrılmalıdır, vəssalam”. “Mənim addımım” fraksiyasının başçısı Lilit Makunts bildirib ki, parlament sədri Ararat Mirzoyan bu haqda bəyanatla çıxış edəcək.
Politoloq Levon Şirinyan biznes və siyasəti bir-birindən ayırmağa razılaşsa da, bununla belə hesab edir ki, proses müəyyən təhlükələri birləşdirə bilər: “Siz bilirsiniz ki, “Çiçəklənən Ermənistan” bir şəxsə və onun nüfuzuna söykənən partiyalardan biridir, indi belə bir tələb irəli sürülsə və Haqik Tsarukyan mandatdan imtina etsə, partiya necə olacaq? İkinci önəmli durum bundan ibarətdir ki, inqilabsonrası ölkələrdə istənilən xırda məsələ çaxnaşma və qarışıqlıq törədə bilər. Bu vəziyyət, doğrudan da, qarışdırıcı ola bilər”.
Həmsöhbətimiz vurğulayıb ki, siyasi çoxluqla belə tələbi təqdim etmiş güc arasında dialoq gərəkdir: “Nəticələrin nəyə gətirəcəyini söyləməyə çətinlik çəkirəm, hətta parlament böhranı meydana çıxa bilər, deməli, tələsik addımlar əvəzinə düşünmək, incələmək gərəkdir. Bu təkcə hüquq məsələsi deyil, həm də ölkənin sabitliyi məsələsidir. İnqilabdan sonra inkişafa can atan dövlətə sabitlik lazımdır, təsəvvür edirsiniz bu halda hansı durum yarana bilər? 1 mart işinin araşdırılmasına paralel belə gərgin durum yaratmağın lazım olub-olmadığını deməyə çətinlik çəkirəm”.
Şirinyanın sözlərinə görə, problem təzəlikcə meydana çıxmayıb və seçkilərədək qaldırılmalıydı: “Köçəryan xarici dəstəyi olan kriminal kapitalın saxlanmasında maraqlıdır. Görünür, parlamentdən kənar gücün irəli sürdüyü tələb daha yaxşıdır, amma təsəvvür edirsiniz bundan yararlananlar nə qədər olacaq? Düşünürəm, hansısa bir anda sakitcə ayaq saxlamaq, nəfəs dərmək və yalnız sonra irəliləmək gərəkdir. Mən qarışıqlığı son dərəcə təhlükəli sayıram”.
Polittexnoloq Karen Köçəryan qeyd edib ki, irəli sürülən tələb hər bir siyasi gücün və ya şəxsiyyətin qərarıdır: “Necə hərəkət etməyin lazım gəldiyini kəsdirəcək uyğun qurumlar var. Biznes və siyasətin ayrılmasına gəlincə, fikrimcə, kürəsəl planda bunun həlli verilib. Böyük hesabla, bu gün siyasətdə son 20 ildə görməyə alışdığımız biznesmenlər yoxdur. Haqik Tsarukyana gəlincə, onun müstəqil deputat olduğu doğru deyil. Haqik Tsarukyan böyük partiyanın lideridir və fərq çox böyükdür. “Çiçəklənən Ermənistan” parlamentdə artıq on ildən artıqdır ikinci gücdür, indi bu adama “mandatını yerə qoy” demək elə də asan proses deyil. Faktlar varsa, başqa məsələ, məndə fakt yoxdur”.
Həmsöhbətimiz hesab etmir ki, tələb müsbət həllini tapar, amma o müsbət çıxacağı halda siyasi meydanda müsbət durumun yaranmayacağına əmindir: “Düşünmürəm ki, konkret faktlar var, deyilir, təki deyilsin. Bununla belə, hansısa faktlar olacaqsa, siyasi meydanda çətinliklər olacaq, çünki, təkrar edirəm, “Çiçəklənən Ermənistan” sıradan bir partiya deyil, Haqik Tsarukyan isə bu gücün lideridir”. Hesab edilir ki, yaranmış vəziyyətdə Paşinyan və Tsarukyan arasında dərinləşən ziddiyyət fonunda sonuncu müxalif qüvvələri öz ətrafında birləşdirib Ermənistanda yeni inqilaba cəhd edəcək.
Nahid SALAYEV