Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə yaxınlaşmaq, beynəlxalq təşkilatlarla əlaqələr qurmaq üçün inamlı addımlar atır. Fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılması hazırda müasir dünyanın qarşısında duran ən mühüm problemlərdən biridir.
Bu mövzuda son illər müxtəlif səviyyəli müzakirələrin aparılması, beynəlxalq toplantıların keçirilməsi, qurumların təsis olunması bir daha problemin nə qədər aktual olduğunu göstərir.
Bu gün Azərbaycan dünyada yaranmış qlobal problemlərin həllinə kömək göstərən təşəbbüslərlə çıxış edir. Onlardan ən əhəmiyyətlisi dünya dövlətlərini mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərdən faydalanmağa dəvət etməsidir. Dünyanın bir parçası olan Azərbaycan da bu prosesə öz töhfəsini verir. 2008-ci ildən etibarən ölkəmiz bu istiqamətdə beynəlxalq tədbirlərə evsahibliyi etməyə başlayıb. Həmin il Bakıda Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2009-cu ildə Azərbaycan paytaxtında növbəti mötəbər tədbir - İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı baş tutdu. 2010-cu ildə isə böyük əhəmiyyətə malik olan Dünya Dini Liderlərinin Zirvə görüşü reallaşdı. 2011-ci il aprelində 1-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmin ilin payızında və 2012-ci ilin oktyabrında Bakıda keçirilən 1-ci və 2-ci Beynəlxalq Humanitar Forumu, 2013-cü ildə Bakıda keçirilən 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunu buna misal göstərmək olar. Ondan sonrakı illərdə də belə tədbirlər keçirildi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır.
Mayın 2-də Bakıda “Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə baş tutub. Tədbirə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri dəvət ediliblər.
Bütün bunların fonunda, Azərbaycan ümumən dünya mədəniyyətlərarası dialoq prosesinə nə verib?
Əkbər Qoşalı: “Dünyanı barışa, anlaşmaya, dialoqa çağırmaq üçün ən uyğun yerlərdən birinin...”
Məsələyə münasibət bildirən Bakı Atatürk Mərkəzinin şöbə müdiri, tanınmış şair-publisist Əkbər Qoşalının sözlərinə görə, Azərbaycan dünya mədəniyyətlərarası dialoq prosesinə çox şey verib: “Azərbaycanın sayəsində mədəniyyətlərarası dialoqun vacibliyi gündəmə gəlib. Neçə illərdir Azərbaycanın moderatorluğu ilə bununla bağlı silsilə tədbirlər keçirilir, dünyanın bir sıra tanınmış şəxsləri, dövlət adamları, sənət adamları foruma gəlir. Dünya görür ki, Azərbaycan tolerant ölkə olaraq bu işə töhfə verir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Forum məhz Azərbaycan adı, ünvanı ilə tanınır və artıq beşinci dəfədir keçirilir. Bunlar özlüyündə ciddi önəm daşımaqdadır. Bu arasıkəsilməz tədbir hər dəfə respublikamızın daha yaxından tanıdılması, həqiqətlərimizin gərəyincə göstərilməsi baxımından əvəzsizdir. Hər dəfə bizə yeni dostlar qazandıran bu forum sıradan insanların deyil, nüfuzlu dövlət, elm, din, mədəniyyət xadimlərinin iştirakı ilə keçirilməsi ilə bir başqa əlamətdarlıq daşımaqdadır. Dünyanı barışa, anlaşmaya, dialoqa çağırmaq üçün ən uyğun yerlərdən birinin, bəlkə də birincisinin məhz Azərbaycan olduğunu göstəririk. Ayrıca, səmavi dinlərin dinc yanaşı yaşamasının Azərbaycan modelinin necəliyini bir daha nümayiş etdiririk”.
Vidadi ORDAHALLI