Son günlər Gürcüstan Prezidentinin Azərbaycanla sərhədin delimitasiya edilməsi ilə bağlı səsləndirdiyi fikirlər ən çox müzakirə olunan məsələlərdən biridir. Qeyd edək ki, iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb.
Azərbaycanın Gürcüstanla sərhəd xətti 446 kilometrdir. Bunun 314 kilometri razılaşdırılıb. David Qareci kompleksinə aid abidələr isə 150 kvadrat kilometr sahədə bir əraziyə səpələnib. Bu abidənin xeyli hissəsi Gürcüstan ərazisindədir. Gürcülərin mübahisəli saydığı və Azərbaycan ərazisində olan hissəsi kompleksin cəmi 2 faizini təşkil edir. Bəzilərinin bu məsələ ətrafında süni gərginlik yaratma cəhdləri açıq-aşkar ortadadır.
Maraqlı olan bir məqam da ondan ibarətdir ki, Gürcüstanın Ermənistanla da sərhədlərin delimitasiyası ilə bağlı problemləri var. Ancaq, nədənsə, bu məsələnin həllini Gürcüstan rəsmiləri qaldırmır. Ermənistanla rəsmi sərhədin olmaması azərbaycanlıların yaşadığı dədə-baba torpaqlarına erməni iddialarını genişləndirib və müxtəlif vaxtlarda bir sıra sərhədyanı kəndlər, otlaq yerləri ermənilər tərəfindən zəbt edilib. Tiflis bu məsələdə susmağa üstünlük verib.
Ermənistanla Gürcüstan arasında sərhəd məsələsinə görə iki ölkə cəmiyyətlərində 2017-ci ildə müəyyən gərginlik yaşanıb. Münasibətlərin pisləşməsinə Xuçapvəng kilsəsi təsir göstərib. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Ağkörpü kəndinin yaxınlığında yerləşən Xuçapvəng kilsəsi XIII əsrdə tikilib. 1921-ci ildə regionu ələ keçirən bolşeviklər əsasən azərbaycanlıların və qismən də rusların yaşamasına baxmayaraq, tarixi Lori mahalını, eləcə də Xuçapvəng kilsəsini Ermənistana tabe ediblər. İki ölkə arasında gedən sərhəd demarkasiyası proseduru zamanı kilsənin Ermənistanda qalması ehtimalı var və bu da Gürcüstanda etirazla qarşılanır.
Maraqlıdır, Gürcüstan rəsmiləri Azərbaycandan tələb etdiyi halda, Ermənistanla sərhəddə demarkasiya ilə bağlı məsələlərin həllini niyə qaldırmırlar?
Elşən Manafov: “Ölkə hakimiyyətində çoxsaylı erməni əsilli şəxs təmsil olunur”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Gürcüstan rəsmiləri, nədənsə, Ermənistanla bu məsələni müzakirə etməkdən çəkinirlər: “Ancaq Azərbaycanla sərhəd məsələlərinin bu həddə qaldırılmasında maraqlı olan qüvvələr var. Hansı ki, bir kilsəyə görə məsələnin bu dərəcədə qabardılmasına ehtiyac yox idi. Hesab edirəm ki, bunun arxasında müəyyən xarici qüvvələr dayanır. Ona görə ki, zamanında Azərbaycanla Gürcüstan arasında demarkasiya ilə bağlı məsələlərə aydınlıq gətirilmişdi. Üstəgəl, bu iki ölkənin yaxın əməkdaşlıq etməsi bəllidir. Azərbaycan kimi Gürcüstanda da həyati əhəmiyyət kəsb edən tranzit kəmərlər var. Gürcüstan bu kəmərlərə görə böyük vəsaitlər əldə edir. Gürcüstan enerji blokadasında olanda onun harayına Azərbaycan çatdı. Ancaq o da faktdır ki, Gürcüstanın Ermənistanla da demarkasiya problemləri var. Lakin Gürcüstan rəsmiləri bu ölkə ilə sərhəd məsələsini həll etməyə tələsmirlər. Niyə? Ona görə ki, Ermənistandan çəkinirlər. Cavaxetiyada kompakt halda yaşayan ermənilərdən ehtiyat edirlər. Bundan başqa, Gürcüstan hakimiyyətində çoxsaylı erməni əsilli şəxs təmsil olunur. Bu faktorun da rolu var. Baxın, Gürcüstanda yaşayan ermənilərin sayı azərbaycanlılardan qat-qat azdır. Ancaq parlamentdə daha çox erməni əsilli deputat var. Azərbaycanlılara isə bu imkan verilmir. Baxmayaraq ki, Azərbaycanın önəmi Gürcüstan üçün daha böyükdür. Yəni ədalətsiz yanaşma ortadadır”.
Vidadi ORDAHALLI