“ASALA-nın və digər erməni terror təşkilatlarının əsas qurbanları türk diplomatları, dövlət adamları olub”
Bütün dünyanın terrorla mübarizə apardığı bir dövrdə Ermənistanın terrora dəstək verməsi, terrorçulara sahib çıxması bu ölkədə artıq mənfi bir ənənəyə çevrilib. Uzun illərdir dünyanı qorxu içində saxlayan, ayrı-ayrı dövlət rəsmilərinə, diplomatlara qarşı terror aktları törədən erməni terror təşkilatlarının daha da çiçəklənməsinə Ermənistanın açıq-aşkar dəstək verməsi faktdır. Ermənistan dövləti tərəfindən ASALA erməni terror təşkilatının nəinki həyatda olan üzvlərinə sayğı göstərilir, hətta ölmüş təmsilçiləri də “dirildi”lir.
Məlum olduğu kimi, erməni terror təşkilatı ASALA dünyada törətdiyi bir sıra qanlı terror hadisələri ilə yadda qalıb. Xüsusilə də keçən əsrin 70-80-ci illərində türk diplomatlarının Amerikada və Avropa ölkələrində qətlə yetirilməsini bu terror təşkilatı həyata keçirib. ASALA üzvləri bir sıra türk diplomatlarına qarşı qanlı cinayətlər törədib, onların həyatına son qoyublar. Bütün dünya tərəfindən lənətlənən bu terror təşkilatlarının törətdiyi silsilə qətllər erməni xislətinin ən bariz nümunələrindən biridir.
Qeyd etdiyimiz kimi, artıq Ermənistan dövləti bu terror təşkilatına rəsmən sahib çıxdığını ortaya qoyub. O bu istiqamətdə addımlar atır. Belə ki, ASALA-nın fəal üzvlərindən olmuş Qurgen Yanikyan adlı terrorçunun qalıqları artıq Ermənistana gətirilib və caninin simvolik dəfni keçirilib. Bu həmin canidir ki, bir sıra türk diplomatlarını qətlə yetirib. Maraqlıdır ki, Ermənistan mətbuatı bu adamı “qəhrəman” kimi qələmə verir. Erməni mediası yazır ki, o, 1895-ci ildə Ərzurumda doğulub. Erməni mətbuatı böyük saxtakarlığa yol verərək Ərzurumu “Cənubi Ermənistan” kimi təqdim edir. Erməni mətbuatı qeyd edir ki, Q.Yanikyan qondarma “erməni soyqırımı”nın “canlı şahidi” olub.
Həmin cani 27 yanvar 1973-cü ildə ABŞ-ın Santa-Barbara şəhərində türk diplomatını və onun köməkçisini güllələyib. Çox qəribədir ki, Ermənistan mətbuatı caninin bu əməlini “kişilik” və “erməni xalqının haqqının qoruyucu”su kimi təqdim etməkdən çəkinməyib.
Xatırladaq ki, 1973-cü ilin 2 iyun tarixində Yanikyan ABŞ-da həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib. 1984-cü ildə isə səhhətində yaranan problemlərlə bağlı türmədən xəstəxanaya göndərilib və 17 gün sonra isə ölüb.
“Bu faktla bağlı beynəlxalq qurumlar sərt mövqe sərgiləməlidirlər”
Bu gün Ermənistanın Q.Yanikyanın “erməni xalqının qəhrəman” kimi qələmə verməsi və onun nəşini simvolik qəbrdə dəfn etməsinin yolverilməz olduğunu bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın terrorçuları “qəhrəman” élan etməsi ilk hadisə deyil. V.Abışovun sözlərinə görə, ermənilər iki əsrdən artıqdır, açıq-aşkar, öz terrorçuluq əməllərini həyata keçirirlər. Onun dediyinə görə, bütün dünya erməni terror təşkilatlarından ziyan çəksə də, indiyə qədər heç bir terrorçu törətdiyi cinayət əməllərinə görə beynəlxalq tribunala verilməyib. “Ermənistanın bir dövlət kimi terroru dəstəklədiyi, terrorçuların xatirəsini əbədiləşdirdiyi, onlara heykəllər, büstlər qoyduğu bütün dünyaya məlumdur. Bu kimi faktlarla bağlı həm Azərbaycan, həm də Türkiyə istər ölkə daxilində, istərsə də beynəlxalq qurumlar səviyyəsində məsələ qaldırıb. Ermənistanın bir deyil, bir neçə terror təşkilatı var və o təşkilatlar bütün dünyada, xüsusən də Avropa ölkələrində və ABŞ-da qanlı cinayətlər törədiblər. ASALA-nın və digər erməni terror təşkilatlarının isə əsas qurbanları türk diplomatları, dövlət adamları olub. Bu terror təşkilatları haqqında ABŞ-ın da, BMT-nin də, digər ölkə və beynəlxalq qurumların məlumatları var. Həmin qurumlar və dövlətlər də bəzən həmin terror təşkilatlarının əməllərini qınayırlar. Bu günə kimi həmin terror təşkilatlarının üzvləri həbs edilsə də, təəssüflər olsun ki, onların heç biri beynəlxalq tribunala verilməyib. Beynəlxalq qurumlar erməni terror təşkilatlarına qarşı ciddi addımlar atmasa, bu qarşısıalınmaz bir prosesə çevriləcək.
O ki, qaldı bu gün türk diplomatlarına qarşı qanlı cinayətlər törədən, onları qətlə yetirən ASALA erməni terror təşkilatının üzvlərindən birinin qalıqlarının ABŞ-dan İrəvana gətirilərək burada dəfn edilməsi məsələsinə, bu faktla da bağlı beynəlxalq qurumlar sərt mövqe sərgiləməlidirlər. Cinayətkarın “qəhrəmanlaşdırılması” və ona “erməni xalqının xilaskarı” statusu (?) verilməsi, onun nəşinin Ermənistanda dəfn edilməsi yolverilməzdir. Ermənistan tarixi cinayətlərə, qanlı cinayətkara bəraət qazandırır, cani Q.Yanikyanın nəşini öz ərazisində dəfn etməklə rəsmən ASALA kimi terrorçu təşkilatın fəaliyyətinə yaxından havadarlıq etdiyini göstərir. Ermənistanda faşist Njde Qareginə, terrorçu, daşnak Andronikə heykəl qoyulub və onlar “qəhrənamlaşdırlıb”. İndi də ASALA-nın üzvü olan Q.Yanikyanın nəşini Ermənistana gətiriblər və onu dəfn edirlər”.
V.Abışov onu da qeyd etdi ki, Türkiyə və Azərbaycan da erməni terror təşkilatı üzvlərinə Ermənistanın havadarlıq etməsi məsələsinə bir daha sərt reaksiya verməlidir. O, həmçinin, təəssüflə vurğuladı ki, Türkiyədə ermənilər tərəfindən 1915-ci il qondarma “erməni soyqırımı” ilə bağlı “şahid ifadə”ləri əsasında kitab nəşr ediblər və həmin kitabı müxtəlif dillərə tərcümə edərək yaymaq niyyətində olduqlarını açıqlayıblar. V.Abışovun bildirdiyinə görə, sözsüz ki, tarixdə erməni soyqırımı olmadığı üçün, heç onun şahidləri də yoxdur. “Baş verməyən bir hadisənin şahidinin olması gülüncdür. Barəsində danışdığım kitab “şahid ifadələr”i əsasında yazılıb. Aşkar görsənir ki, həmin saxta şahidlərdən biri də Yanikyandır. Ermənilərin tarixi saxta olduğu kimi, qəhrəmanları da saxtadır, terrorçunu “qəhrəman” kimi qələmə verən dövlətin özü terror yuvasıdır” - deyə V.Abışov bildirdi.
İradə SARIYEVA