Prezident İlham Əliyev mayın 2-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosu qəbul edib və V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
2007-ci ildə ATƏT-in fəaliyyətdəki sədri olarkən Azərbaycan Prezidenti ilə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını deyib. Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Angel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğulayaraq bildirib ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.
Söhbət zamanı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirilib.
Prezident İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini də qəbul edib.
İƏT Baş katibi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək, “Bakı prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini deyib.
Prezident İlham Əliyev mayın 2-də Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini-Draqonini də qəbul edib.
Avropa Şurası Baş katibinin müavini Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək, “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırıb.
Prezident İlham Əliyev Azərbaycanın həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olduğunu qeyd edərək, ölkəmizin “Bakı Prosesi” vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etdiyini bildirib. Hazırkı şəraitdə “Bakı Prosesi”nin coğrafiyasının genişləndirilməsinin zəruriliyini qeyd edən dövlət başçısı Azərbaycanın, sivilizasiyalararası dialoqu təşviq etməklə bərabər, sivilizasiyalardaxili dialoqu da dəstəklədiyini deyib.