“Global Startup Ranking” reytinq agentliyi növbəti reytinq siyahısını açıqlayıb. Sevindirici haldır ki, Azərbaycan qlobal startap reytinqində 188 ölkə arasında 47-ci yerdədir. Qeyd edək ki, bu reytinqə ölkəmizdə fəaliyyət göstərən 200 startap daxil edilib.
Reytinq üzrə MDB məkanında üçüncü yeri tutan Azərbaycan qonşu ölkələri xeyli qabaqlayır. Belə ki, Ermənistan 13 startapla 102-ci, Gürcüstan isə cəmi 5 startapla 118-ci yerdə qərarlaşıb.
Məlumat üçün bildirək ki, reytinq cədvəlinə 46 625 startapla ABŞ liderlik edir. İlk beşliyə daxil olan ölkələr arasında Hindistan (6324), Böyük Britaniya (4929), Kanada (2513) və İndoneziya (2105) var. MDB ölkələri arasında Azərbaycandan irəlidə olan Rusiya 19-cu (569), Ukrayna isə 43-cü (241) yeri tutur. Qeyd edək ki, bu ölkələr əhali və ərazi baxımından daha böyükdür.
Ekspertlər Azərbaycanın qlobal startap reytinqində 188 ölkə arasında 47-ci yerdə qərarlaşmasının gözlənilən olduğunu bildirirl’r.
Azər Allahverənov: “Görülən işlər nəticəsində Azərbaycan 200 startap layihəsi ilə 47-ci yerdə qərarlaşıb”
Ekspert Azər Allahverənovun sözlərinə görə, sevindirici haldır ki, “Global Startup Ranking” reytinq agentliyinin tərtib etdiyi hesabatda Azərbaycan 47-ci yerdə qərarlaşıb: “10-15 il öncə təsəvvür edə bilməzdik ki, Azərbaycanda müxtəlif sahələr üzrə startap layihələr həyata keçiriləcək. Nəticədə Azərbaycan dünya miqyasında startapçı ölkələr arasında hansısa yerə layiq görüləcək. 2012-2013-ci illərdən etibarən Azərbaycan biznes layihələri dünyada tanınmağa başladı. Görülən işlər nəticəsində Azərbaycan 200 startap layihəsi ilə 47-ci yerdə qərarlaşıb”.
Ekspertin sözlərinə görə, Azərbaycanda startap layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait var. Əsasən biznes, rabitə, informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihə həyata keçirilməyə başlayıb. 2018-ci ildə Azərbaycanda turizm, rabitə startap layihələri ilə bağlı tədbirlər keçirilib. Yaxşı olar ki, aqrar sahədə də startap layihələri həyata keçirilsin”.
Həmsöhbətimiz onu da vurğuladı ki, biznes dairələri ilə yanaşı, təhsil müəssisələri də startap layihələrinin keçirilməsində maraqlıdır: “Onu da deyim ki, startap layihələrinin keçirilməsinə gənclər də maraq göstərirlər. Hesab edirəm ki, yaxın illər ərzində Azərbaycan qlobal startap reytinqində digər ölkələri də qabaqlaya bilər və daha yüksək mövqedə qərarlaşa bilərik.
Günel CƏLİLOVA