Məlum olduğu kimi, Dağlıq Qarabağ mübnaqişəsinin həlli ilə bağlı növbət Azərbaycan-Ermənistan danışıqları ABŞ-da keçiriləcək. Artıq bu istiqamətdə müəyyən proseslər gedir. Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-dan gözləntisi ondan ibarətdir ki, hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq, digər həmsədr dövlətlərlə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırsın.
Nəticə etibarilə, regionda davamlı sülh, sabitlik və hərtərəfli regional əməkdaşlıq təmin olunsun. Əslində, Vaşinqton Bakının bu niyyətinə müsbət yanaşdığını və eyni mövqeni bölüşdüyünü gizlətmir. Bunu ötən ilin oktyabrında Azərbaycana səfərinin nəticələri ilə bağlı verdiyi açıqlamalarda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da təsdiq edib. Səfəri fonunda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edir. Bolton əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək və nəticələr əldə olunmasına çalışacaq.
O da məlumdur ki, Nikol Paşinyanın göstərdiyi bütün səylərə baxmayaraq, Ermənistan ABŞ-dan və Avropadan vəsait cəlb edə bilmir. Baxmayaraq ki, ilk vaxtlar Paşinyanın bu yöndə gözləntiləri böyük idi. Müxtəlif populist vədlər verirdi və s. Ancaq hələ ki, gözlənilən nəticəni əldə edə bilməyib.
Maraqlıdır, Paşinyan Vaşinqtonda keçiriləcəyi gözlənilən Qarabağ danışıqlarında da qeyri-konstruktiv mövqe tutarsa, bu onun ABŞ-dan maliyyə gözləntilərinin üzərindən birdəfəlik xətt çəkilməsinə gətirib çıxara bilərmi?
Məhəmməd Əsədullazadə: “Paşinyan hazırkı siyasi kursunu davam etdirsə...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etmədi. Onun fikrincə, Ermənistanın qeyri-konstruktiv siyasəti regionda sülhü və təhlükəsizliyi təhdid etməkdədir: “ABŞ-ın Cənubi Qafqaz siyasətinin fəallaşmasını nəzərə alsaq, məhz münaqişənin həll edilməməsi Vaşinqtonun regiona açılım siyasətinin qarşısnı alır. Hesab edirəm ki, Vaşinqtonun siyasəti arıq Ermənistana təzyiq istiqamətində ola bilər. Çünki Paşinyanın Rusiya ilə münaqişənin həllində birgə fəallığı ABŞ-ın region siyasətinin qarşısını alır. Məlum olduğu kimi, ABŞ “Azadlığa dəstək aktı”na görə Ermənistana maliyyə yardımı edir. Həmçinin, müxtəlif sahələrdə humanitar yardımlar edir. O baxımdan, Paşinyan hazırkı siyasi kursunu davam etdirsə, Vaşinqton mövcud maliyyə yardımını, ümumiyyətlə, azaldacaq. Digər maliyyə tranşı da olmayacaq. Hansı ki, Paşinyanın ümidi bunadır. ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas maneə Qarabağ konfliktinin həlli istiqamətində yaranan çətinlikdir. Vaşinqton ötən il bu vaxtlar Ermənistanda inqilaba onə görə tam dəstək verdi ki, Paşinyan ölkəsində Rusiyanın siyasi-hərbi üstünlüyünü zəiflədəcək və Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutacaq. Məhz bu istiqamətdə Vaşinqton Paşinyana dəstək verdi, hakimiyyətə gəlməsinə siyasi zəmin yaratdı. Qeyd edim ki, ötən il C.Boltonun regiona səfəri çərçivəsində İrəvanda verdiyi mesajlar məhz Qarabağ münaqişəsinin həllində erməni hakimiyyətinə ünvanlanmışdı”.
M.Əsədullazadənin fikrincə, “məxməri inqilab”dan bir il ötsə də, ABŞ-ın Ermənistanla bağlı gözləntiləri özünü doğrultmadı: “Vaşinqtonun gözləntilərinin əksinə olaraq, Ermənistan rəhbərliyi Rusiya ilə yaxınlaşaraq münaqişənin həllini mümkünsüz yola gətirməyə çalışır. Təbii ki, İrəvanın bu manipuliativ siyasəti Vaşinqtonda narahatlıqla qarşılanmaqdadır. Çünki geopolitik qarşıdurmada Paşinyan onu hakimiyyətə gətirən ABŞ-a arxa çevirir, Moskvanın siyasətini dəstəkləyir. Məhz İrəvanın bu yanaşmasına görə Vaşinqton Paşinyana maliyyə və siyasi dəstək verməyəcək. Moskva görüşündən sonra ABŞ Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Vaşinqtonda keçirilməsi təşəbbüsünü irəli sürüb. Məqsəd İrəvanı konstruktiv və substantiv danışıqlara cəlb etmək və təzyiq mexanizmini bundan sonra tətbiq etməkdir. Əgər Paşinyan iqtidarı Vaşinqton danışıqlarına rəğmən, yenidən Moskva ilə bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərsə, ABŞ-ın maliyyə və siyasi dəstəyindən məhrum olacaq. Artıq ABŞ-la Rusiya bir-birinə qarşı düşmən siyasət aparır. Əvvəlki illərdən fərqli olaraq, ABŞ Ermənistanın Rusiyaya Qarabağ məsələsində yaxınlaşmasına seyrçi qalmayacaq. Çünki ABŞ üçün Cənubi Qafqaza giriş Mərkəzi Asiyaya açılımdır və Xəzər regionuna nəzarətdir. ABŞ-la Azərbaycanın regional və taktiki-strateji siyasəti üst-üstə düşür. Vaşinqton görüşündən sonra real siyasi dəyişikliklər olmasa, artıq danışıqların limitinin bitdiyi Bakı tərəfindən elan olunmalıdır. Azərbaycan güc yolu ilə sülhə cəlb etmək taktikasını tətbiq etməlidir. ABŞ da Azərbaycana bu kontekstdə dəstək verə bilər”.
Vidadi ORDAHALLI