Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-nə, Qarabağ Komitəsinin isə mayın 4-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandırıb.
Qurumun yaydığı məlumatda bildirilir ki, BŞİH-də müraciətlərə baxılıb və hər iki siyasi qurumun İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.
Çox maraqlıdır, niyə müxalif mövqeli qurumlar bir gün fərqlə ayrı-ayrılıqda mtinq keçirmək istəyirlər və belə aksiyaların birlikdə keçirilməsi məqbul olmazdımı? Mitinqə icazə verilməyibsə, təşkilatçılar hansı addımları atmağı planalaşdırırlar?
Eldəniz Quliyev: “... icazəsiz aksiya keçirməyə cəhd etməyəcəyik”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, meriyanın artıq neçənci dəfədir dinc aksiya keçirməklə bağlı müraciətə mənfi cavab verməsi onları təəccübləndirir: “Bu, insanların sərbəst toplaşma azadlığının məhdudlaşdırılması anlamına gəlir. Azad və sərbəst toplaşmaq insanların fundamental haqqıdır. Mən başa düşə bilmirəm, niyə həmin tədbirə icazə vermirlər? Artıq neçənci dəfədir bizim müraciətimizə mənfi cavab verilir. Buna baxmayaraq, icazəsiz aksiya keçirməyə cəhd etməyəcəyik. Səbrlə, qanun çərçivəsində aksiyamızın keçirilməsinə çalışacağıq. Bu yolla da addımlayacağıq. Biz may ayının 11-i üçün də mitinq keçirmək istəyimizi bəyan etmişik. Hər halda, divarın bitdiyi yerə gəlib çatacağıq. Görək həmin günlə bağlı nə deyəcəklər? Mitinqlərin bir yerdə keçirilməməsi lap yaxşı olar. Bizim mitinqdə kiminsə iştirakı üçün məhdudiyyət qoyulmur. Mahiyyəti ümumxalq aksiyasıdır. Kim istəyir, iştirak edə bilər. Qarabağ Komitəsinə icazə versələr, şəxsən mənim özüm onların mitinqində iştirak edərəm. Mitinqin may ayına təyin olunması heç bir əlamətdar günlə bağlı deyil. Bilirsiniz ki, biz 19 fevraldan sonra, demək olar, bəzi istisnalar olmaqla hər həftə etiraz aksiyasının keçirilməsi üçün müraciətlər etmişik”.
Xəzər Teyyublu: “Bu, bir partiyanın mitinqi deyil”
Qarabağ Komitəsində təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, gərək meriya Qarabağ adı ilə keçirilən mitinqə icazə verərdi: “Biz qadağaya təəccüb etdik. Hansı addımların atılacağı ilə bağlı konkret nəsə deyə bilmərəm. Çünki Komitə kollegial formada qərar verir. Orda bir neçə qurum təmsil olunur. Mitinqlərin ayrı-ayrılıqda keçirilməsi də təəccüblü deyil. Çünki biz Qarabağın azad olunması tələbi ilə mitinq keçiririk. Kim istəyirsə, gəlib orada iştirak edə bilər. Elə bir siyasi təşkilat yoxdur ki, Qarabağın azadlığını istəməsin. Bu, bir partiyanın mitinqi deyil. Yəqin ki, gələcək addımlarımızla bağlı qurumun toplantısından sonra konkret qərar veriləcək. May ayında keçirməyimiz də adi qaydada olan bir məsələdir. Xüsusi təqvim günü seçməmişik”.
Məhərrəm Zülfüqarlı: “Sadəcə, kimin müxalifətdə lider olduğunu sübut etmək istəyirlər”
Müstəqil ekspert, professor Məhərrəm Zülfüqarlı qəzetimizə bildirdi ki, bu cür mitinqlərin mahiyyəti hamıya bəllidir: “Dağlıq Qarabağ mövzusu hamının yaralı yeridir. Bu tələblərlə keçirilən mitinqdə iqtidar və müxalifət birgə təmsil olunmalıdır. Müxalifətdə müxtəlif ideologiyanın daşıyıcıları var. Solçular, sağçılar, sol radikallar, sağ radikallar və başqaları var. Onların müəyyən məsələyə fərqli yanaşması mümkündür. Çox qəribədir ki, eyni ideologiyanın daşıyıcıları olan partiyalar belə, eyni məzmunlu tələblə ayrı-ayrılıqda mitinq keçirirlər. Bunların da hamısı mənəm-mənəmlikdən irəli gəlir. Bununla ciddi nəticəyə, hakimiyyət dəyişikliyinə nail olmaq istəmirlər. Sadəcə, kimin müxalifətdə lider olduğunu sübut etmək istəyirlər. Ana müxalifət olmaq uğrunda mübarizədə mitinqləri vasitə olaraq seçirlər. Amma ana müxalifət parlamentdə tutulan yerlərə görə müəyyən olunur. Bizim parlamentdə isə əksər yerlər YAP deputatlarına məxsusdur. Ən çox mandat əldə edən partiyanın iki yeri var. Təəssüflə deməliyəm ki, bu tip mitinqlərlə nəyəsə nail olmağın zamanı çoxdan keçib”.
Məhəmmədəli QƏRİBLİ