Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın işğalçı Ermənistan üzərində ən mühüm üstünlüklərindən biri bu gün beynəlxalq ictimaiyyətin məhz ölkəmizin mövqeyini bu məsələdə tam şəkildə dəstəkləməsidir. Dünya ictimaiyyəti məsələyə yanaşmada Azərbaycanın tələblərinin haqlı olduğunu bəyan edir, bunu qəbul edilən müxtəlif sənədlərlə də təsdiqləyir.
Yaranmış vəziyyətdə beynəlxalq miqyasda mövqeyini gücləndirən Azərbaycan Qarabağ münaqişəsinin həllində prnisipial mövqelərini daha güclü hala gətirir. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edir: “O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk Qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.
Bu fikirlərdən aydın görünür ki, Azərbaycanın gedişləri Qarabağ məsələsində İrəvanın bütün neqativ gedişlərinin fiasko ilə nəticələnməsinə gətirib çıxarıb. Eyni zamanda, Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, aparılan sülh danışıqları istənilən nəticəni verməsə, gücləndirməkdə olduğu ordusundan istifadə edərək məsələni çözməli olacaq. İndilikdə isə erməni tərəfi məsələnin sülh yolu ilə mümkün həllinə dair heç də birmənalı mövqe nümayiş etdirmir. Belə ki, Moskvada aprelin 15-də Rusiya xarici işlər naziri Sergey Lavrovun təşkil etdiyi Lavrov-Məmmədyarov-Mnatsakanyan görüşündən sonra Ermənistan tərəfi aparılan danışıqların məzmunu barədə ziddiyyətli bəyanatlar verməyə davam edir. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib ki, tərəflər Rusiya tərəfindən 2016-ci ildə irəli sürülən təkliflər əsasında Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edir. Rəsmi İrəvan isə bunu təkzib edərək, Moskvada aparılan danışıqların bütün mövzularının hər üç nazirin birgə bəyanatında öz əksini tapdığını irəli sürür.
Bəyanata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədi və cəbhə xəttindəki vəziyyəti, o cümlədən humanitar sahədə qarşılıqlı əməkdaşlıq fəaliyyəti perspektivlərini müzakirə edib. Elmar Məmmədyarov isə bildirib ki, tərəflər münaqişənin həlli üzrə konkret məsələlər ətrafında müzakirələr aparıb: “Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”. Lakin Ermənistan XİN-in mətbuat katibinin sözlərinə görə, hazırda hər hansı proqram əsasında danışıqlar aparılmır. Qarşılıqlı mövqelərin öyrənilməsi, aydınlaşdırılması və dəqiqləşdirilməsi üzrə tanışlıq müzakirələri davam edir. Aprelin 24-də jurnalistlərin xahişi ilə “Lavrov planı” adlandırılan məsələyə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan da toxunub. O bildirib ki, Ermənistan indiki məqamda hər hansı sənədi müzakirə etmir. Amma bir məsələ aydındır ki, Azərbaycan erməni tərəfi ilə heç də boş vaxt keçirmir və bunu Yaxın Şərq və Qafqaz məsələləri üzrə rus ekspert Stanislav Tarasov Ermənistanın “Araçin Lratvakan” xəbər agentliyinə müsahibəsində də təsdiq edir. O, Elmar Məmmədyarovun bəyan etdiyi 2016-cı il təkliflərinin müzakirəsi, erməni tərəfinin bunu inkar etməsi, Lavrovun isə nə təsdiq, nə də təkzib etməməsi ilə bağlı məsələyə belə aydınlıq gətirib: “Danışıqlar qapalıdır və müəyyən məlumatların yayılmaması öhdəliyi mövcuddur. “Lavrov planı” adlandırılan sənədin məzmunu nədən ibarətdir, bunu bilən yoxdur, çünki belə bir sənədin varlığını Rusiya XİN inkar edib. Amerikalı həmsədr tərəfindən də şərti olaraq “Lavrov planı” adlandırılan sənədin mövcud olmadığı, sadəcə, bu prosesə şərti olaraq onlar tərəfindən belə bir ad qoyulduğu qeyd edilib. İkincisi də, tərəflər bir-birinin mövqelərini aydınlaşdırmağa çalışır. Ümumiyyətlə, danışıqlar prosesinin əsasını 5-6 baza sənədləri təşkil edir. İstənilən halda, danışıqlar davam edir və onlar nəyinsə ətrafında müzakirələr aparırlar. Fakt odur ki, Məmmədyarov və Mnatsakanyan görüşür.. Həm də Əliyev və Paşinyanın da görüşməsi bir faktdır. Bu o deməkdir ki, danışıqlar predmeti var. Hamımız bilirik ki, danışıqlar predmeti olmasaydı, bu görüşlər baş tutmazdı. Bunun arxasında nə gizlənir, heç kim bilmir, o cümlədən mən də”.
Burada xatırladaq ki, əslində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da elə bu günlərdə Moskvada serbiyalı həmkarı ilə birgə mətbuat konfransında etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflər var. O, sözügedən təkliflərin detallarının konfidensial saxlandığını vurğulayıb. Lavrovun sözlərinə görə, bu təkliflərin mahiyyətinə gəlincə, onlar həmsədr ölkələrin başçılarının çoxsaylı bəyanatlarında ifadə olunan yanaşmalar əsasında aparılır. Onlar təklif ediblər ki, tərəflər ərazi bütövlüyü və gücdən istifadə etməmək prinsiplərini əsas götürərək öz aralarında razılığa gəlsin.
Elə Moskva görüşündən sonra, rəsmi məlumata əsasən, tərəflərin cəbhə xəttində və sərhəddəki vəziyyəti, təhlükəsizlik məsələlərini müzakirə etdikləri, dialoqu və danışıqlar prosesini qoruyub saxlamağa çalışdıqları deyilir. Bu məsələyə münasibət bildirən ekspert Stanislav Tarasov isə vurğulayır: “Sənədlə möhkəmləndirilməsə də, nəticə Düşənbədə ayaqüstü əldə edilən və bu gün də əməl olunan gərginliyin azaldılması və operativ əlaqənin yaradılması haqqında razılıqdır. Kənd təsərrüfatı işlərinin aparılması sahəsində təhlükəsizliyə əməl olunmasına dair təklif də dəstəklənib. Bu çox mürəkkəb münaqişədir, bunu addım-addım həll etmək lazımdır. Qarabağ məsələsində separatçı rejimin münaqişə tərəfi kimi danışıqlarda təmsil olunması tələbindən başqa Paşinyan özünü inqilabçı kimi ifadə edə bilmir, Serj Sarkisyan dönəmindəki oyunu oynayır. Bu tələbinə baxmayaraq, Paşinyan köhnə formatda danışıqlar aparılmasını davam etdirir”. Ekspert burada diqqəti həm də ona yönəldir ki, Paşinyan danışıqlar prosesinə yeni ideyalar gətirmək istəsə də bunu bacarmır və güclü Azərbaycan diplomatiyası bunu uğurla əngələlyir: “Digər tərəfdən, Paşinyanın danışıqlar prosesinə yeni ideyalar gətirmək cəhdləri demaqogiyadır. Xalqların sülhə hazırlanmasını təklif edir, amma necə hazırlanmasını demir. Eyni zamanda, tərəflərdən biri ərazi bütövlüyünü şərt qoyaraq danışıqlar aparırsa, digəri bunu bilərək danışıqlara davam edirsə, bu, şərtin qəbul edilməsi mənasını daşıyır. Ermənistanda inqilab baş verdiyi zaman Azərbaycan istəsəydi, baş verən inqilabi vəziyyətdən yararlanaraq zərbə endirə bilərdi. Həmin dövrdə Ermənistanda lider yox idi. Keçmiş rəhbər vəzifədən uzaqlaşdırılmış, yeni rəhbər isə hələ yerinə oturmamışdı. Lakin Azərbaycan bunu etmədi və qəflətən Əliyev Paşinyanla Düşənbədə görüş keçirdi, bir neçə məsələ ətrafında razılıq əldə olundu. Hansı erməni ekspert deyə bilər, niyə Ermənistanda seçkilərdən öncə Əliyev Düşənbədə Paşinyanla görüşdü?... Ola bilər ki, Paşinyanın güzəştlər edəcəyinə Əliyevin hər hansısa əsası var. Həm də nəzərə alaq ki, Qarabağ münaqişəsi Rusiyaya yaxın olduğu üçün Putin məsələ ilə məşğuldur. Müharibə Yaxın Şərqdən Cənubi Qafqaza sıçrayarsa, bu yalnız Ermənistan və Azərbaycan deyil, həm də Rusiyaya təsir edəcək. Vəziyyətin bu cür inkişafının qarşısı alınmalıdır. Əsas məsələ budur. Rusiya deyir ki, razılığa gəlin, biz şərt diqtə etmirik. Ancaq razılığa gəlməsəniz və bizim burnumuzun dibində müharibə başlayarsa, bu müharibə Rusiya üçün təhlükəlidir. Bu halda Rusiya öz problemlərini həll edəcək. Amma Moskvada onu da yaxşı başa düşürlər ki, problemin həlli üçün Ermənistan zəbt edilmiş ərazilərin tədricən geri qaytarılmasına başlamalıdır. Rusiyanın da istəyi elə bu istiqamətdətdir”. Ekspert bu xüsusda Bakının Moskva ilə uğurlu əməkdaşlıq münasibətləri qura bildiyini də xüsusi qeyd edir.
Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, əslində, danışıqlar masasında Azərbaycan yenə kifayət qədər güclü mövqenin sahibi qismində çıxış edir. Ermənistanın isə indiyə qədər danışıqların formatını dəyişmək və ya hansısa formada ona gələl gətirmək cəhdləri nəticəsiz başa çatıb. Əksinə, indi dünya ictimaiyyəti İrəvanı artıq problemin həlli istiqamətində əməli addımlar atmağa vadar etmək niyyətindədir. Əks təqdirdə Azərbaycanın məsələni güc yolu ilə həll etməsinə artıq heç kim mane ola bilməyəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.