Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişə zonalarında etimadın yaradılması üçün əsirlərin və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə dair çağırış edib.
Bu barədə Rusiya xarici işlər naziri aprelin 30-da keçirdiyi mətbuat konfransında deyib: “Biz həmişə belə situasiyalarda tutarlı humanitar həllərin tərəfdarıyıq: cəsədlərin dəyişdirilməsi, hərbçilərin, girov saxlanan şəxslərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi. Və biz hesab edirik ki, belə addım münaqişə zonalarında etimad mühitinin yaradılmasına xidmət edəcək, istər Yaxın Şərqdə olsun, istər Dağlıq Qarabağda, istərsə də Ukraynanın cənub-şərqində”.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Ermənistanı əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Lakin Ermənistan hakimiyyəti Dağlıq Qarabağda girov saxlanan Kəlbəcər köçkünləri Şahbaz Quliyev və Dilqəm Əsgərovu heç bir halda dəyişdirməyəcəyini bildirib. Rusiyanın bu açıq mövqeyindən sonra əsir və girovların dəyişdirilməsi ilə bağlı hansı yeniliyi gözləmək olar?
Əhməd Şahidov: “Bunu həm də Azərbaycanın diplomatik qələbəsi saya bilərik”
Azərbaycanlı Əsir və Girovlarla Bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Moskva görüşündə tərəflər arasında humanitar problemlərin həlli ilə bağlı bir sıra müzakirələrin, hətta razılaşmaların olması ilə bağlı eyhamlar var idi: “Ermənistan tərəfi hələ ötən ildən Azərbaycanın təklif etdiyi “hamının hamıya” prinsipi ilə əsirlər və girovların dəyişdirilməsi təklifinə razılıq vermək istəmir. Son hadisələr, xüsusilə də Vyana və Moskva görüşlərində aparılan müzakirələr onu deməyə əsas verir ki, humanitar məsələlərin həlli istiqamətində irəliləyiş ola bilər. Bunu hətta əsir və girovların bizim dediyimiz prinsiplə dəyişəcəyinə hazırlıq mərhələsi kimi də qeyd edə bilərik. Son illərə qədər Ermənistan buna razı olmasa da, artıq mövqeyində bir qədər müsbətə doğru irəliləyişlər hiss edilir. Əgər əvvəl Ermənistan bu mövzudan ümumiyyətlə qaçırdısa, hazırda əsir və girovların öz ailə üzvləri ilə görüşməsinə izn verilməsi ilə razılaşır. Əslində, Lavrovun bu yanaşması çox böyük irəliləyişdir. Son vaxtlar Rusiyanın bu münaqişənin həlli ilə bağlı göstərdiyi səylərin ən önəmlisi sırasına məhz bu məsələni aid etmək olar. Son 5 il ərzində Sergey Lavrov əsir və girovlarla bağlı məsələdə ilk dəfə olaraq belə açıq və korrekt mövqe ortaya qoyur. Bunu həm də Azərbaycanın diplomatik qələbəsi saya bilərik. Çünki münaqişə tərəflərinin son Moskva görüşündə də humanitar addımların atılması ilə bağlı razılıq əldə olunmuşdu. İndiyə kimi, xatırlayırsınızsa, Sergey Lavrova müxtəlif platformalarda bu mövzuda verilən suallara yayındırıcı cavablar verirdi. Hətta Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması ilə bağlı sualları belə şərh etmək istəmirdi. Onun Azərbaycanın tələbi olan “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişilməsi prosesinə açıq dəstək verməsini həm də Ermənistana ünvanlanan bir mesaj da saymaq olar. Əminliklə demək olar ki, proses Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə çərçivəsində həllini tapacaq. Yəqin ki, yaxın aylarda biz prosesin məntiqi sonluqla yekunlaşdığının şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ