Məlum olduğu kimi, 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iriçaplı silahlardan dəfələrlə davamlı atəşə tutulub.
Atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən pozulması fakt olduğu halda, Ermənistan tərəfi atəşkəsin pozulmasını Azərbaycanın üzərinə atmaq istəyir və onu siyasi çalarla bağlamağa cəhd edir.
Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü bu ölkənin mətbuatına bildirib ki, guya Azərbaycan tərəfi həmin gün atəşkəsi məqsədli şəkildə pozub. O iddia edib ki, Azərbaycan Rusiyanın Baş naziri Dmitri Medvedyevin Avrasiya İttifaqının tədbiri ilə bağlı İrəvana səfərinə etiraz əlaməti olaraq bu addımı (?) atıb.
Elman Nəsirov: “Ermənistan ehtiyatlanır ki, Medvedyevin səfəri çərçivəsində Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyi daha da fəallaşa bilər”
Millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu iddiası təxribatçı davranışın göstəricisidir. “Azərbaycanın qoşunların təmas xəttində atəşkəsin qorunub saxlanması ilə bağlı davranışları bəllidir. Biz atəşkəsə əməl edirik və hər zaman atəşkəsi pozan isə Ermənistan tərəfidir. Dəfələrlə şahidi olmuşuq ki, prezidentlər səviyyəsində görüş ərəfəsində, bəzən görüşlərin getdiyi vaxtda, bir çox hallarda həmin görüşlərdən sonra Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verib. İndiki halda da Ermənistanın Azərbaycan tərəfi ittiham etməsi ki, guya Azərbaycan Rusiyanın Baş naziri Dmitri Medvedyevin Ermənistana səfəri ilə bağlı Qazax istiqamətində atəşkəsi pozub, bu təxribatçı bəyanatdır, həqiqətlə daban-dabana zidd olan dezinformasiyadır. Məsələ bəllidir. Çünki Ermənistan ehtiyatlanır ki, Medvedyevin səfəri çərçivəsində Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyi daha da fəallaşa bilər və müəyyən mənada Ermənistana təzyiqlər ola bilər. Bunu önləmək və özlərini sığortalamaq üçün bizi ittiham edirlər, məhz atəşkəsi pozan tərəf isə özləridir. Ona görə də hesab edirəm ki, baş vermiş məlum insidentə və atəşkəsin pozulmasına görə bütün məsuliyyət Ermənistanın ali siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Biz onların dəfələrlə təxribatçı addımlarının şahidi olmuşuq və nəticə etibarilə belə addımlar atmaqla danışıqları pozmağa cəhd edirlər. Bilirsiniz ki, indi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı müəyyən fikirlər səslənməkdədir. İndidən onlar həmin görüşün baş tutmasına mane olmaq, onun vaxtını uzatmaq, pauza əldə etmək istəyirlər. Bu da Paşinyana hava və su kimi lazımdır ki, üzləşdiyi daxili problemlərin həlli üçün müəyyən mənada vaxt əldə etsin” - deyə E.Nəsirov qeyd etdi.
Əli Orucov: “Onlar daxili auditoriyanın diqqətini Paşinyandan yayındırmaq üçün Azərbaycana şər atırlar”
AMİP təmsilçisi, politoloq Əli Orucov da hesab edir ki, Qazaxda atəşkəsin pozulmasının Azərbaycanın üzərinə atılması ermənilərin növbəti təxribatıdır. Ə.Orucovun sözlərinə görə, fakt budur ki, atəşkəsi həmişə Ermənistan pozur: “Mən çox istərdim ki, Azərbaycan tərəfi daim Ermənistanı atəş altında saxlasın, onların göz açmasına imkan verməsin. Ancaq çox təəssüflər olsun ki, belə deyil. Azərbaycan tərəfi həmişə atəşkəs rejiminə əməl edib. Atəşkəsin pozulması isə həmişə Ermənistan tərəfdən baş verib və bu onların maraqlarına xidmət edib. Bu gün də onlar atəşkəsi pozmaqda davam edirlər. Hesab edirəm ki, xüsusi bir tapşırıqla Ermənistan tərəfi atəşkəsi pozur, sərhəddə gərginlik yaradır. Bilirsiniz ki, Ermənistanın baş naziri Paşinyana qarşı daxildə inam azalır. O, xalqa verdiyi vədlərə əməl etmir və cəmiyyətdə ona qarşı inamsızlıq formalaşıb. Belə bir məqamda təmas xəttində atəşkəsin pozulması Paşinyanın marağındadır. O bununla daxili problemlərdən, gərginlikdən diqqəti yayındırmaq məqsədi güdür. Ona görə də ermənilər qeyri-konstruktiv əməllərini, dağıdıcı, işğalçı niyyətlərini həyata keçiriblər və bunun günahını da hər zaman Azərbaycanın üzərinə atıblar. Amma Azərbaycan əsgərləri də həmişə Ermənistanın bu təxribatına layiqincə cavab veriblər. Bu dəfə də atəşkəsin Ermənistan tərəfindən pozulması onu göstərdi ki, onlar daxili auditoriyanın diqqətini Paşinyandan yayındırmaq üçün Azərbaycana şər atırlar və iddia edirlər ki, guya Azərbaycan Medvedyevin İrəvan səfərinə etiraz əlaməti olaraq atəşkəsi pozub”.
İradə SARIYEVA