“Onlar, həmçinin, Təbrizin, Tehranın və digər şəhərlərin muzeylərində də saxta “Artsax” xəritəsini nümayiş etdiriblər”
Uzun illərdir ermənilər Azərbaycan xalqına qarşı müxtəlif istiqamətlərdə təxribat törətməklə məşğuldurlar. Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərimizin ermənilər tərəfindən saxta xəritələri hazırlanaraq bütün dünyaya yayılır. Tarixi Azərbaycan ərazisi olan Qarabağ erməni daşnakları tərəfindən “Artsax” adı ilə təbliğ olunur. Özü də “Artsax”ın xəritəsini hazırlayıblar və həmin xəritənin müxtəlif muzeylərdə nümayişini həyata keçirməklə yanaşı, hətta təəssüf ki, onu müəyyən beynəlxalq nəşrlərə də daxil etməyə nail olublar.
Ermənilərin Azərbaycana qarşı törətdikləri təxribatların sayı-hesabı yoxdur. Hər gün biz onların yeni təxribat üsulunun şahidi oluruq. Ermənilərin bu dəfə bizə qarşı törətdikləri təxribat Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində baş verib. Belə ki, ermənilər tərəfindən Kazan şəhərində yerləşən “Qul-Şərif” məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin “Artsax” adı altında verildiyi orta əsrlər dövrünü (?) əks etdirən xəritə nümayiş olunub.
Ermənilərin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmək, ictimai rəyi çaşdırmaq məqsədilə ortaya atdıqları saxta xəritə oyununun pozulması üçün müxtəlif zəruri addımlar atılmalıdır.
“Alimlər, ictimaiyyət nümayəndələri, ziyalılar, xaricdə yaşayan soydaşlarımız erməni təxribatı ilə bağlı qabaqlayıcı tədbirlər görməlidirlər”
Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı nəşr etdirdikləri saxta xəritələr dünyanın bir çox ölkəsində yayılıb. F.Ələkbərlinin sözlərinə görə, biz erməni saxtakarlığının ifşa edilməsi ilə bağlı təbliğatımızı daha geniş səviyyədə qurmalıyıq. O hesab edir ki, ermənilərin bir türk respublikasında yerləşən məscidin muzeyində saxta “Artsax” xəritəsi nümayiş etdirməsi yolverilməzdir. F.Ələkbərlinin sözlərinə görə, biz yalnız Avropa ölkələrində deyil, həmçinin də Rusiya Federasiyasının tərkibində olan türk respublikalarında fəaliyyətimizi gücləndirməliyik. “Ermənilərin yalnız Avropa ölkələrində deyil, eləcə də bəzi türk respublikalarında, o cümlədən, Tatarıstanda belə bir saxta xəritəni nümayiş etdirməsi böyük təxribatdır və bu təxribatın təkrarlanmaması üçün biz əlavə tədbirlər görməliyik. Ermənilər bu cür təxribatları planlaşdırılmış şəkildə edirlər və bunun üçün xüsusi ölkələr, respublikalar seçirlər. Onlar bizə qarşı həyata keçirdikləri bütün təxribatları sistemli şəkildə edirlər. Ona görə də ermənilərin Kazanda yerləşən “Qul Şərif” məscidinin muzeyində bu kimi saxta aksiyalar həyata keçirməsi bizə əsas verir ki, həmin respublikada təbliğatımızı gücləndirək. Onu da bildirim ki, onlar yalnız “Qul Şərif” məscidinin muzeyində deyil, həmçinin, Təbrizin, Tehranın və digər şəhərlərin muzeylərində də saxta “Artsax” xəritəsini nümayiş etdiriblər. Onlar həmin şəhərlərdə, həmçinin, qondarma “Artsax”ın bayrağını da qaldırıblar. Bu gün isə ermənilər bu təxribatı Kazanda təkrar edirlər. Bir türk respublikasında “Artsax”ın xəritəsini nümayiş etdirməklə onlar həm bizi qıcıqlandırmaq məsədi güdürlər, həm də bununla türk birliyinə qarşı təxribat törədirlər. Onlar belə rəy yaratmaq istəyirlər ki, guya bəzi türk respublikalarında bizə sevgi yoxdur. Bu məsələdə ermənilər ciddi yanlışlığa yol verirlər. Azərbaycan olaraq erməni təxribatına qarşı ən ciddi şəkildə reaksiyalar verməliyik. Torpaqlarımızın işğaldan azad olunması üçün qəti mövqe ortaya qoymadıqca, ermənilər daha da azğınlaşacaqlar. Bəlkə də onlar bu cür saxta xəritələr nümayiş etdirməklə bizim səbrimizi sınağa çəkirlər”.
F.Ələkbərli hesab edir ki, bu məsələdə Azərbaycan dövlətinin mövqeyi bəllidir və biz torpaqlarımızı hərbi yolla da düşməndən azad etməyə hazırıq. O qeyd etdi ki, dövlət öz üzərinə düşəni edir, hazırda dünya ölkələrində ziyalılar, alimlər, ictimaiyyət nümayəndələri, diaspor təşkilatları səviyyəsində erməni təxribatının qarşısını almaq üçün vahid mübarizə tədbirləri gücləndirilməlidir. “Biz bu gün əsasən özümüzü müdafiə ilə məşğuluq. Ancaq biz bütün təbliğat məsələlərində erməniləri qabaqlamalıyıq. Yəni bütün ölkələrdə təbliğatımızı qurmalıyıq, tariximizi tanıtmalıyıq, işğal altında olan ərazilərimizlə bağlı xəritələr, materiallar hazırlayıb təqdim etməliyik. Biz hər şeyi dövlətin üzərinə qoya bilmərik, dövlət öz işini görür. Alimlər, ictimaiyyət nümayəndələri, ziyalılar, xaricdə yaşayan soydaşlarımız erməni təxribatı ilə bağlı qabaqlayıcı tədbirlər görməlidirlər. Çünki onlar hər an pusqudadırlar və bir az boşluq görən kimi orada Azərbaycana qarşı təxribatla məşğul olurlar” -deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA