“Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Prezident bildirib ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar: “Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.
Ölkə başçısı onu da qeyd edib ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək”.
O da məlumdur ki, bu gün bəzi icra başçıları əsasən kabinetdə işləməyə üstünlük verirlər. İctimaiyyətlə birbaşa təmaslardan qaçır, gedib yerindəcə cəmiyyətin üzləşdiyi problemlərlə tanış olmur və ya buna həvəs göstərmirlər. Elə icra başçıları var ki, sanki cəmiyyət içində olmağı özlərinə ar bilirlər. İş gününün böyük hissəsini kabinetdə keçirirlər. O baxımdan, Prezidentin göstərdiyi tələblərə uyuşmayan icra başçılarının vurulma ehtimalı nə qədərdir?
Məhərrəm Zülfüqarlı: “Hesab edirəm ki, bu onlara edilən sonuncu xəbərdarlıqdır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bundan sonra sözügedən tələblərə əməl etməyən icra başçılarının vəzifədən azad edilməsi ehtimalı yüksəkdir: “Hesab eirəm ki, sözügedən tələblərə əməl etməyən icra başçıları vəzifələrini itirəcəklər. Çünki cəmiyyət inkişaf etdikcə, dəyişikliklər labüddür. Köhnə sovet sistemi ilə rayonu idarə edən icra başçılarından xilas olmağın çoxdan vaxtı çatıb. Ona görə də cəmiyyətdə öz savadı, təcrübəsi və qabiliyyəti ilə hörmət qazanan insanları rayonlara icra başçısı təyin etmək lazımdır. Yalnız bu keyfiyyətə malik olan şəxslər gedib problemlərlə yerindəcə tanış olar, ictimaiyyətlə təmas qurar, rayonlara sərmayə cəlb edər, işsizlik probleminin həlli ilə bağlı çalışar və s. Belə keyfiyyətə malik olan şəxslər öz şəxsi mənafeyinə görə hər şeyi inhisara almaz. Bir məqamı unutmaq olmaz ki, ölkə başçısı daha çox məlumata malikdir. Ona görə ki, ölkə başçısına bir yox, bir neçə yerdən məlumat daxil olur. Rəsmi məlumatlarla yanaşı, qeyri-rəsmi məlumatlar da yığılır. Təkcə rəsmi məlumatların ümidinə qalsa, icra başçıları raport verərlər ki, hər şey yaxşıdır. Ona görə də Prezident bunları bildiyinə görə yəqin ki, yaxın gələcəkdə islahatların bir tərəfi yerli icra orqanları ilə bağlı olacaq. Ən nəhayət, hesab edirəm ki, bu, icra başçılarına edilən sonuncu xəbərdarlıqdır. Hansı icra başçısı bundan nəticə çıxaracaqsa, postunu qoruyacaq, nəticə çıxarmayanlar isə vəzifəsi ilə vidalaşacaqlar”.
Vidadi ORDAHALLI