Türkiyənin Balkan ölkələri ilə əlaqələri Makron və Merkelin böyük narahatlığına səbəb olub. Baki-xeber.com xəbər verir ki, bununla bağlı bəyanat Avropa Birliyi (AB) nəhəngləri - Almaniya və Fransanın Berlində Balkan ölkələri ilə zirvə görüşündə səsləndirilib. Zirvəyə Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosova, Serbiya, Xorvatiya və Sloveniya liderləri də qatılıblar.
Serbiya və Kosova arasında anlaşılmazlıqlar, Balkan ölkələrinin AB-yə üzvlük prosesi və Türkiyə ilə Rusiyanın bölgədəki nüfuzu müzakirə olunub. Türkiyə və Rusiya məsələsi ilə bağlı bölgə ölkələri liderlərinə xəbərdarlıq edilib.
Ötən il "Türkiyə və ya Rusiyaya yönələn Balkan ölkələri istəmirik" bəyanatı verən Fransa Prezidenti Emmanuel Makron zirvə toplantısından əvvəl "Almaniya ilə Fransa arasındakı tarixi sülh nümunəsini tətbiq etmək istəyirik. Bu, Balkanlarda çox əhəmiyyətlidir" deyib.
Xorvatiya və Sloveniya AB-yə üzv ölkələrdir, digər Balkan ölkələri isə üzvlük üçün hələ də AB qapısında gözlədilir. Balkan ölkələrinin bu müddətdə Türkiyə ilə əməkdaşlıq etməsi isə AB-də ciddi narahatlıqla qarşılanır.
Bundan əvvəl “Reuters” də Türkiyənin Balkan ölkələri üzərində təsirini artırdığını yazmışdı.
Qeyd edək ki, Almaniya və Fransanın rəhbərləri eyni ekspansionist və təcavüzkar siyasəti 19-cu əsrin əvvəllərində də əks mövqelərdə olmaqla Balkan ölkələrində aparmışdılar. Rusiya və Türkiyə əleyhinə olmuşdular. Serbiyada atılan bir güllə dünya müharibəsi ilə nəticələndi. Oxşar siyasət və məsuliyyətsizlik bu gün də davam etdirilir.
Baki-xeber.com