“Joğovurd” qəzetinə istinadən: Ermənistan parlamentində 5 faizlik həddi aşa bilməyən “Respublika” partiyasında parçalanma baş verir. Artıq partiayanın sıralarından çıxmaq üçün 7 nəfər istefa ərizəsi yazıb.
Vəziyyət o həddə çatıb ki, bu dəfə partiyanın sədri Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanla partiyanın sədr müavini, sabiq Müdafiə naziri Viqen Sarkisyan arasında fikir ayrılıqları başlayıb. Viqen Sarkisyan Serj Sarksiyanı ikili siyasətdə və eyni zamanda büdcə xərclərinin qeyri-ünvansız xərclənməsində günahkar hesab edir. Demək olar, partiya rəhbərləri arasında ziddiyyət pik həddə çatıb. Necə deyərlər, bıçaq sümüyə dayanıb.
1 il bundan öncə Serj Sarkisyan yerli mətbuatın “özündən sonra partiyanın sükanı arxasında kimi görürsən” sualına cavabında birmənalı olaraq bildirirdi ki, Viqen Sarkisyanı. Ancaq bu gün həmin o ab-havadan əsar-əlamət qalmayıb. Son vaxtlar ölkə daxilində elə bir mühit formalaşıb ki, bu partiyanın ən fəal üzvləri, keçmiş məmurlar və deputatlar “Respublika”çıyam deməyə ehtiyat edir. Partiyanın gənclər təşkilatı da tam heyətlə istefa verdiklərini bəyan etdi. Hətta “Respublikaçı”lar istintaq komitəsinə çağırılmaqdan ehtiyat edərək, ölkəni birdəfəlik tərk etməyə üstünlük verirlər. Onlar bunu bacararsa, bu onlar üçün əlavə olaraq böyük avantajdır. Çünki son 6 ayda Serj Sarkisyanın ətrafından 17 nəfər həbs edilib. Bir çoxları isə ölkəni qeyri-qanuni tərk etdiyinə görə interpol tərəfindən axtarışdadır. Onların arasında keçmiş müdafiə nazirinin müavini, “qəssab” ləqəbli general-leytenant Manvel Qriqoryanın da adı var. Hər şey göz qabağındadır. Serj Sarkisyan qardaşlarının canını istintaqdan azad edə bilmirsə, digərlərinin həyatı onun üçün maraqlı ola bilməz. Partiyanın gənc daşıyıcıları partiyadaxili inamsızlığı hiss edərək, kütləvi şəkildə öz vəsiqələrini yandırır və yaxud, ümumiyyətlə bildirirlər ki, onlara bu “Respublika” partiyasının vəsiqələrini özlərinin istəyi olmadan, zorla paylayıblar. Özlərinin iş yerlərini qorumaq məqsədilə artıq təhsil və səhiyyə nazirliyinin bir qrup əməkdaşı “Respublika” partiyasının vəsiqələrini yandırmaq aksiyasına başlayıb.
Aydın EYVAZOV AMEA Qafqazşenaslıq İntitutunun Ermənişünaslıq şöbəsinin əməkdaşı