Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olduğunu bəyan etsə də, aparılan danışıqlar istənilən nəticəni verməyəcəyi təqdirdə güc yoluna əl atacağını bəyan edib. Məhz bu şəraitdə Qarabağ danışıqlarının nəticəsiz olması halında müharibə ehtimalının artması işğalçı Ermənistanda getdikcə ciddi narahatlıq yaratmaqdadır. Çünki belə savaşın nə ilə nəticələnəcəyini Ermənistanda yaxşı başa düşürlər.
Belə bir vaxtda Ermənistanda böyük təşviş yaradan hallardan biri də Azərbaycan və Türkiyənin hərbi qüvvələrinin növbəti təlimidir. Qeyd edək ki, Azərbaycan və Türkiyənin ordu birləşmələrinin növbəti birgə təlimləri start götürür. Azərbaycanda keçiriləcək hərbi təlimlər 1-3 may tarixini əhatə edəcək. “Mustafa Kamal Atatürk – 2019” şüarı ilə keçiriləcək təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır. Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb ediləcəyi bildirilir. Təlimlərin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçiriləcəyi qeyd edilir. Keçiriləcək təlimlər, yuxarıda qeyd olunduğu kimi, Ermənistanda narahatlıqla qarşılanıb. Erməni ekspertlər hesab edirlər ki, ad açıqlanmasa da, təlimlərin hədəfi Ermənistandır. Məsələn, erməni şərhçi Aram Sarkisyan bu təlimlərin hədəfinin nəzəri baxımdan Ermənistan olduğunu və Dağlıq Qarabağ məsələsində hərbi təzyiqin edildiyini iddia edib. Moskvanın MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə iddia edir ki, bu təlimlər Ermənistana xəbərdarlığı da özündə ehtiva edir: “Ermənistan-Rusiya münasibətləri Ermənistanla hərbi münaqişəyə icazə vermir. Bunu Türkiyə də anlayır. Amma Türkiyə və Rusiyanın yaxınlaşması faktoru da var. Ermənistan bunu nəzərə almağa məcburdur”. Hərbi ekspert Aleksandr Xramçixin də hesab edir ki, Ermənistana qarşı hərbi təzyiqlər arta bilər. O, Türkiyə və Azərbaycanın hərbi müttəfiq olduğunu və belə təlimlərin təbii olduğunu da vurğulayıb: “Digər tərəfdən, Rusiya - Türkiyə münasibətləri də inkiaşf edir. 2015-2016-cı il gərginliklərindən sonra son 2-3 il ərzində müxtəlif sahələrdə, xüsusilə də Suriya münaqişəsinin nizamlanması məsələsi çərçivəsində Rusiya Türkiyə ilə münasibətlərini kifayət qədər dərinləşdirib”. Xramçixin keçiriləcək Azərbaycan-Türkiyə ordu birləşmələrinin birgə taktiki təlimlərində isə qəribə və gözlənilməz bir şey olmadığını qeyd etməklə, yeni bir şey görmədiyini vurğulayıb. O qeyd edib ki, Türkiyə ilə Azərbaycan hərbi müttəfiq olduğuna görə iki ölkənin müvafiq hərbi bölmələrinin birgə qarşılıqlı hərbi əməliyyatlarının uzlaşması, döyüş qabiliyyətinin artırılması və digər məsələləri həll etmək üçün müxtəlif ssenari üzrə birgə hərbi fəaliyyətləri çoxdan hazırlayır, bu ssenarilər əsasında birgə məşqlər keçirirlər. Bu hərbi əməliyyatların hansı məqsədlə, yaxud daha doğrusu nəzəri olaraq kimə qarşı nəzərdən keçirilməsi ilə bağlı suala cavab verərkən hərbi ekspert qeyd edib ki, formal qayda olaraq əməliyyatlar istənilən rəqibə qarşı işlənib hazırlana bilər: “Lakin şübhə yoxdur ki, əsas rəqib, əlbəttə, Ermənistandır. Ən azı bu, Azərbaycan üçün belədir”.
Elə erməni şərhçi Aram Sarkisyan da Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin Ermənistan üçün böyük təhlükə olduğunu bildirir. Onun bu mövqeyini Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da bölüşür. Artur Sakunts vurğulayır ki, Azərbaycanın daxili resursları, həmçinin Türkiyə kimi ölkələrlə hərbi əməkdaşlığı nəticəsində hərbi gücü durmadan artır. Ermənistan ordusunda isə bütün bunların əvəzində acınacaqlı vəziyyət hökm sürür. O qeyd edir ki, inqilab dövründə orduda atəşkəs rejiminın pozulması halları azalsa da, maraqlıdır ki, qeyri-döyüş şəraitində itkilərin sayı getdikcə artır.
Artur Sakunts vurğulayıb ki, intihar və qətl halları 2017-ci ildə baş verən hadisələrlə müqayisədə ötən il və bu ilin keçən dövrü ərzində azalmayıb: “Mehridəki hərbi hissədə baş verən hadisə faktlarla sübut olunur. Belə bir münasibətin başqa hərbi hissələrdə də hökm sürmədiyinə dair zəmanət yoxdur. General balasının bu hərbi hissədə necə peyda olduğu kimi hallar ətraflı araşdırma aparılmasını tələb edir. Xidmət yerinin püşkatma yolu ilə təyin edildiyini sübut etməyə çalışırlar. Ermənistan Müdafiə Nazirliyi xidməti araşdırma təyin etməli və bu nəticələri ictimailəşdirməlidir. Əsgərlərə qarşı sərhəd bölgələrinə köçürülməklə məsuliyyət tədbirləri tətbiq edilib. Buna görə hüquqi əsaslar göstərilməlidir”. Erməni hüquq müdafiəçisi qeyd edir ki, hərbi hissədə baş verən hadisə əsgərlər üzərində, komandirlərə nisbətən, general balasının daha çox təsiri olduğunu göstərir. Onun sözlərinə görə, məhz belə bir ordu ilə Azərbaycan qarşısında duruş gətirmək heç də asan deyil: “Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistana düşmən münasibətdə olan Türkiyə ilə əməkdaşlığını genişləndirir, tərəflər birgə hərbi təlimlər keçirir, hərbçilər biri digərinin ərazisinə rahatlıqla keçir, hərbi texnika dlaşıyırlar. Bu vəziyyətdə ermənistanın KTMT-nin də dəstəyini itirməsi bizi daha ehtiyatlı olmağa sövq etməlidir”.
Ekspertlər bildirir ki, əslində, İrəvan narahat olmaqda haqlıdır. Faktdır ki, Azərbaycan müstəqilliyinin elə ilk günlərindən Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurub və və bu fonda iki ölkə arasında çox sıx hərbi əməkdaşlıq mövcuddur. İki ölkənin silahlı qüvvələrinin müxtəlif təyinatlı bölmələri birgə təlimlərdə iştirak edir, təhsil və təcrübə mübadiləsi proqramları həyata keçirir. Özü də bu əlaqələr getdikcə dərinləşir. Bu fonda düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin necə inkişaf etdiyini, gücləndiyini, necə peşəkar səviyyəyə qalxdığını aydın görür. Digər tərəfdən, erməni tərəfinin narahatlığına yol açan əsas məqamlardan biri Azərbaycanın Türkiyədən idxal etdiyi hərbi texnikadır. Özü də bu texnikanın miqdarı ildən-ilə artır. Məsələn, təkcə ötən il Azərbaycan qardaş Türkiyədən aldığı silah-sursatın həcmini xeyli artırıb. Belə ki, Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb. Türkiyə İxracatçılar Assambleyasının məlumatında bu xüsusda deyilir: “ 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub. Ümumilikdə, Türkiyə ötən il 2 milyard 35 milyon dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 17% çoxdur”. Hesab edilir ki, cari il ərzində Azərbaycan Türkiyədən daha çox hərbi texnika alışını həyata keçirəcək. Ermənistanda hesab edirlər ki, Türkiyənin ən müasir silahlarını Azərbaycana satması pesrpektivdə erməni hərbçiləri üçün ciddi problem yaradır. Məsələn, erməni hərbi ekspert Van Ambartsumyan qeyd edir ki, Türkiyə hərbi sənayesinin ən son nailiyyətlərindən biri sayılan supermüasir “SOM-B1” qanadlı raketləri artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olub. Həmin raketlər “Stealth” texnologiyası ilə hazırlanıb və məxsusi olaraq hava hücumundan, raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, həmin raketlər nəinki hava və raket hücumlarından müdafiə sistemlərini dəf etmək üçündür, eyni zamanda həmin sistemlərin özlərini məhv edə bilər və Ermənistanın bu raketlərə qarşı müdafiə imkanları yoxdur. Erməni hərbi ekspert əlavə edib ki, həmin yeni Türkiyə raketlərinin uçuş zamanı relyefə uyğun manevr etmək imkanları var. Ermənistan isə dağlıq ölkə olduğundan, həmin amil hava hücumundan müdafiə sistemləri üçün hədəfləri ayırd etməyi xeyli çətinləşdirəcək. Van Ambartsumyan bildirir ki, Azərbaycan Türkiyədən təkcə “SOM-B1” qanadlı raketlərini deyil, digər müasir texnologiyaları da alır. Ambarstumyana görə, Bakının silahlanma sahəsində son addımları, xüsusən də hava döyüş texnikası sahəsində sövdələşmələri Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşdığını göstərir. O bu məsələdə məhz Türkiyənin Azərbaycana hərtərəfli yardım göstərəcəyini vurğulayır. Elə Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan da eyni mövqeni bölüşür: "Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı getdikcə möhkəmlənir. Bu gün Türkiyənin tutduğu mövqe Ermənistan üçün ən böyük təhlükədir. Bu gün Türkiyə Cənubi Qafqaz regionundakı bütün layihələrdə əsas iştirakçıdır. Ankara regionun bütün resurslarından istifadə etmək imkanına malikdir. Güclü ordusu olan Türkiyə bu vəziyyətdə Ermənistan üçün ən böyük təhlükədir. Bu kontekstdə, xüsusilə Azərbaycan-Türkiyə hərbi koalisiyasının yaradılmasını vurğulamaq istəyirəm. Bu iki ölkənin hərbi təlimləri də Ermənistana müsbət heç nə vəd etmir".
Qeyd edilənlərdən görünən budur ki, iki qardaş ölkənin döyüş vəziyyətinə maksimum yaxınlaşdırılmış ortaq hərbi təlimlər keçirməsi Ermənistanda ciddi narahatlıq yaradır. Bütün bunlar isə iki qardaş ölkə arasında hərbi əməliyyatların gedişində fəaliyyəti daha asan koordinasiya etməyə imkan verir. Elə Ermənistanı da narahat edən budur ki, mümkün yeni Qarabağ savaşında Azərbaycanla Türkiyənin daha böyük zərbəsinə tuş gələcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.