Rusiya Baş naziri Dmitri Medvedyev İrəvana səfər edib. Bildirilir ki, Medvedyev İrəvanda Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək məqsədilə İrəvana gəlib. Medvedyevin İrəvanda iki gün qalacağı deyilir. O burada Avrasiya İttifaqına üzv ölkələrin baş nazirləri ilə ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, bundan öncə Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclası Almatıda keçirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qarşılayıb. Ermənistan KİV-i xəbər verir ki, tərəflər qarşılıqlı əlaqələrdən və Avrasiya İqtisadi Birliyinə üzvlükdən danışıblar.
Çox maraqlıdır ki, Medvedyevlə Paşinyanın görüş kadrlarının nümayişində hər iki şəxs tez-tez “ümid edirik ki, Ermənistanın sədrliyi çox uğurlu olacaq” ifadəsini işlədib. Sanki Ermənistanın sədrliyinin uğurlu olub-olmayacağından narahatlıq var. Hər halda, maraqlıdır, tərəflər bu fikri niyə xüsusilə vurğulayıb üzərində dayanırlar?
Elşən Mustafayev: “Medvedyev bağlı qapılar arxasında Paşinyanı daha detallı başa salıb”
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun cavabı bir sıra amillərlə bağlıdır: “Bilirsiniz ki, Paşinyan hakimiyyətə gələndən sonra atdığı addımları ilə özü barədə diletant bir siyasətçi, ölkə rəhbəri imicini yaradıb. Bu gün dediyini sabah danır, gözlənilməz reveranslar edir. Buna görə də Medvedyev sanki onun boynuna məsuliyyət qoymaq üçün həmin ifadəni işlədər, hətta elə şərait yaradır ki, Paşinyanın özü də onu təsdiqləmiş olsun. Bunun başqa bir səbəbi Paşinyanın KTMT ilə bağlı ortaya qoyduğu mövqe ilə bağlıdır. İş burasındadır ki, Avrasiya İttifaqında təmsil olunan ölkələrin, demək olar ki, əksəriyyəti KTMT-də təmsil olunur. Paşinyanın həmin qurumla bağlı atdığı addımlar üzv ölkələrin də xoşuna gəlmədi. Hətta bununla bağlı Paşinyana açıq iradlar da bildirildi. Nazarbayev, Lukaşenkonun mediaya verdiyi açıqlamaları bu qəbildən saymaq olar. Bununla, eyni zamanda, Ermənistana bir xəbərdarlıq da etmiş olurlar ki, sədrlikdən istifadə edib hansısa qeyri-standart addımlar atmaq olmaz. Bunlar hələ açıq formada verilən mesajlardır. Əminliklə demək olar ki, Medvedyev bağlı qapılar arxasında Paşinyanı daha detallı başa salıb və öz xəbərdarlığını da edib. Bundan əlavə, Avrasiya İttifaqına üzvlük müəyyən öhdəliklər də yaradır. Yəni Ermənistanın hansısa iri layihələrə üzv olması, bu yöndə ölkələrlə danışıqlar aparması Avrasiya İttifaqının maraqlarına cavab verməlidir. Onsuz da Ermənistan elə vəziyyətə özünü salıb ki, ölkələr onunla səmərəli əməkdaşlıq eməyə zərurət görmürlər. Çünki tamamilə blokada şəraitindədir. İstənilən halda, iqtisadi blokadanı yarmaq üçün müəyyən çabalar edir. Buna görə də Medvedyev Paşinyana bir qədər ağıllı davranmağı da tövsiyə etmiş olub. Paşinyan da fikri təsdiqləməklə, götürdüyü öhdəliyə əməl edəcəyinə söz verib”.
Məhəmmədəli QƏRİBLİ