Azərbaycanda yayımı məhkəmə qərarı ilə qadağan edilən, mərkəzi qərargahı ölkə xaricində olan “Meydan TV” adlı KİV ətrafında maraqlı proseslər cərəyan etməyə başlayıb. Sözügedən media qurumunun rəhbəri Emin Milli öz “Facebook” hesabında post yazaraq tutduğu vəzifədən istefa verdiyini bildirib: “Əlvida, Meydan TV! Mən hesab edirəm ki, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdırlar.
Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdırlar…”.
Maraqlıdır ki, “Meydan TV”nin Azərbaycana təzyiq etmək istəyən xarici dairələrin əlində bir vasitəyə çevrildiyi barədə çoxlu sayda fikir bildirilib. Ancaq bir vaxtlar həmin KİV-lə yaxından əməkdaşlıq etmiş, müxalif mövqeli yazar, hazırda mühacirətdə yaşayan Əli Əkbərin bu xüsusdakı etirafları daha maraqlı və təsirlidir.
İsveçrədə yaşayan azərbaycanlı mühacir yazıçı Ələkbər Əliyev Emin Millinin indi yox, 1 il öncə “Meydan TV”nin rəhbərliyindən uzaqlaşdığını bildirib: “Bunun çoxdan baş verdiyini mən də, bizim dostlarımız da bilirdik. Ancaq bunu yaymaq, ictimailəşdirmək bizim işimiz deyil deyə, bu haqda danışmırdıq. Bir ilə yaxındır biz bilirdik ki, Emin Millinin “Meydan TV” ilə bir əlaqəsi qalmayıb. Tək mən yox, çox adam bunu bilirdi. Ona görə də Azərbaycanda bütün saytlar bunu yeni bir xəbər kimi yazanda mənə bir qədər gülməli gəldi. Sosial şəbəkələrdə ajiotaj yarandı. Mən Eminin niyə uzaqlaşdığını bilmirəm. Ancaq bildiyim odur ki, artıq bu layihə reysə oturub, orada yenilik üçün heç bir meydan yoxdur. Ona görə də E.Milli oradan uzaqlaşmağa qərar verib. Mənim eşitdiyim interpretasiya budur. Yəni Emin deyir ki, bunu yaratdım, bu mənim əsərimdir, ancaq bu layihə indi öz həyatını yaşayır, mənə ehtiyac yoxdur. Bu layihənin Azərbaycanla heç bir bağlantısının qalmaması da Emini narahat etmiş ola bilər. Çünki layihənin rəhbərliyi azərbaycanlılardan ibarət deyil”.
Ə.Əliyev onu da vurğulayıb ki, “Meydan TV”, əvvəldən bəyan etdiyi kimi, xalqın mediası olmadı, xalqdan maliyyələşməyi bacarmadı: “Azadlıq” radiosu, BBC, “Amerikanın səsi” kimi media orqanlarının adı üstündədir, onlar Konqresdən, ingilis hökumətindən filan maliyyələşirlər. Burada bir sirr yoxdur. Bu media orqanlarında çalışan redaktorlar, jurnalistlər də xaricilər üçün çalışdıqlarını, onlardan maaş aldıqlarını danmırlar. “Meydan TV”nin iddiası isə xalqın saytı, televiziyası olmaq idi. Beləcə, tənqidi, müxalif yönümlü xəbər portalı kimi fəaliyyətə başladı. İdeya da belə idi ki, bütün azərbaycanlılar birləşsin, bu layihəni dəstəkləsinlər. Bu, hər kəsin, hamımızın saytı olsun. Eminin ideyası idi bu. Görünür, nələrsə düz getmədi, Eminin istədiyi kimi olmadı. “Meydan TV” təzə fəaliyyətə başlayanda biz də orada idik, hamımız Eminlə birgə başladıq. Sonra Eminə təzyiqlər oldu, Azərbaycandakı QHT mafiyası, qrantyeyənlər, dinozavrlar Eminə çox açıq şəkildə təzyiq etdilər. O da açıq şəkildə bizə məsələni anlatdı. Ona təzyiq etdilər və hətta təhqiramiz ifadələr işlətdilər ki, bu filankəsləri oradan rədd elə. Yoxsa, bizim QHT mafiyasının dəstəyini görməyəcəksən. Sənin bütün qrant kanallarını bağlayarıq. Haqqında yazarıq, səni xaricilərə şikayət edərik.
Emin də bizə dedi ki, dostlar, siz kültür adamlarısınız, hətta hökuməti tənqid etsəniz də, bunu öz üslubunuzda edirsiniz. Burada isə İlham Əliyevi istefaya çağıran bir üslub olmalıdır, xalqı inqilaba səsləməliyik. Hökumətə yüklənmək lazımdır, yoxsa dəstək olmayacaq. Ona görə də xoş getdiniz. Biz də dedik axı biz bundan sonra üslubumuzu dəyişib “vidadiləşə” bilmərik, o zaman Vidadi də yox idi. (Vidadi İsgəndərlini nəzərdə tutur). Bizim öz tərzimiz var, imicimiz var. Ona görə də Eminlə bizimki alınmadı. Qrantyeyənlərin təzyiqi ilə Emin bizi “Meydan TV”dən rədd etdikdən sonra öncədən bəyan edilən xalqın layihəsi, xalqın maliyyəsi söhbəti də unuduldu”.
Ə.Əliyevin sözlərinə görə, “Meydan TV” hazırda Qərb dövlətlərinin idarəsi altındadır: “Sayt Qərb fondlarının tabeliyinə keçdi, bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərir. Saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur”.
Çox maraqlıdır ki, bənzər fikirlər ölkəmizdəki media ekspertləri, siyasilər tərəfindən səslənəndə “Meydan TV” aşiqləri bunu hakimiyyətin qarayaxması kimi dəyərləndirirdilər. Buyurun, indi bu sözləri müxalif mövqeli və həmin media qurumu ilə yaxından əməkdaşlıq etmiş bir şəxs deyir. Ə.Əkbərin bu səmimi etiraflarından daha hansı nəticələri çıxara bilərik?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Meydan TV” ilə bağlı səslənən bu etiraflar bizi dərindən təəccübləndirmədi: “Biz bunu dəfələrlə demişik. Bir daha bildirirəm ki, həmin media qurumunun Azərbaycan dövləti və xalqına heç bir formada dəxli yoxdur. Layihənin başında E.Milli kimi bir adamın durması heç də o anlama gəlmir ki, həmin KİV Azərbaycan xalqının mənafelərini qorumaq yolunu tutub. İddia etdikləri insan haqları və demokratiya uğrunda mübarizə, əslində, pərdələnmək üçün bir vasitə olub. Onların xüsusilə də vətəndaşları özlərindən çıxara biləcək məzmunlu paylaşımlar etmələri də bizim diqqətimizi cəlb edirdi. Ona görə də həmişə demişik ki, “Meydan TV” destruktivdir, məqsədi xoş deyil, Azərbaycanda qarşıdurma yaratmağa can atırlar. Bu səbəbdən də həmin qurumda normal, balanslı media fəaliyyəti göstərmək istəyən istənilən jurnalistlə tez bir zamanda yollarını ayırıblar. Həmin adamların yazıları və çəkilişləri saytda yayımlanmayıb. Bunları biz dəqiqliyinə qədər bilmişik. İndi də özlərinə yaxın olan bir adamın belə etiraflar etməsi, əlbəttə ki, bizi təəccübləndirmir. Bununla bizim dediklərimiz bir daha təsdiqini tapmış olur”.
Azər Həsrət hesab edir ki, xüsusilə də “Meydan TV”yə bir ümid işığı kimi baxanlar bu etirafları diqqətlə oxumalıdırlar: “Problemlərinin çarəsini onlarda axtaranlar bir daha düşünsünlər. Çünki insanların problemlərindən “Meydan TV” hər zaman sui-istifadə edib. Əslində, onlar insanların problemlərinin həllində deyil, həmin vəziyyətin daha da dərinləşməsində maraqlı olublar ki, bundan xaricdəki bəzi qüvvələr Azərbaycana təzyiq aləti kimi istifadə edə bilsinlər”.
Məhəmmədəli QƏRİBLİ