Bir neçə gündən sonra Azərbaycan-Türkiyə ordu birləşmələrinin Azərbaycanda növbəti birgə hərbi təlimləri baş tutacaq. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 1-3 may tarixləri arasında Azərbaycan-Türkiyə ordu birləşmələrinin “Mustafa Kamal Atatürk-2019” şüarı altında növbəti birgə taktiki təlimləri keçiriləcək. Aprelin 22-də təlimlərdə iştirak edəcək türk əsgərlərinin Bakıda rəsmi qarşılanma mərasimi keçirilib.
O da məlumdur ki, Azərbaycanla Türkiyə arasında istənilən hərbi-siyasi proses erməni mətbuatı və ekspertlər dairəsi tərəfindən diqqət mərkəzində saxlanır. Hazırda ermənilər hesab edirlər ki, bu təlimlərdə, ən azı, nəzəri olsa da, əsas rəqib Ermənistan nəzərdən keçiriləcək.
Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin, təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.
Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin, hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilir
Bu arada, Rusiyada bəzi erməni yönümlü ekspertlər son zamanlar rus-türk münasibətlərinin nizamlanması və dərinləşməsinə baxmayaraq, Türkiyənin Cənubi Qafqazdakı bu fəallığını Ermənistan üçün təhdid, Rusiya Federasiyası üçün də müəyyən çağırışlar hesab edirlər.
Məsələn, Moskvanın MDB ölkələri üzrə institutunun direktor müavini, Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev mətbuata açıqlamasında bundan narahatlığını gizlətməyib. Onun fikrincə, guya bu kontekstdə 2016-cı il noyabrın 30-da Rusiya və Ermənistan arasında imzalanmış erməni-rus birləşmiş hərbi qruplaşmasının yaradılması amili nəzərə alınmalıdır: “Erməni-rus münasibətləri aydın şəkildə Türkiyəyə başa salır ki, qoşunların birləşmiş hərbi qruplaşmasının yaradılması səbəbilə Ermənistanla hərbi münaqişəyə girə bilməz”.
Əvvəla Azərbaycanın hansısa dövlətə, o cümlədən, Ermənistana qarşı ərazi iddiası yoxdur. Azərbaycanın məqsədi işğal olunmuş ərazilərini azad etməkdir. Bu sülh yolu ilə mümkün olmasa, bir gün güc yolu ilə həyata keçiriləcək. Bu baxımdan davamlı olaraq təlimlər keçirir, ordunun döyüş hazırlığını artırır. Bununla bağlı bir sıra vasitələrdən istifadə edilir. Onlardan biri də Azərbaycana dost olan ölkələrlə birgə hərbi təlimlərin keçirilməsidir. Buna da heç bir tərəf mane ola bilməz. O zaman niyə bəzi erməni yönümlü ekspertlər bu təlimləri başqa müstəvidə yozurlar?
Arzuxan Əlizadə: “Yevseyev, ənənəvi olaraq, ermənilərin maraqlarına xidmət edən bir siyasətçidir”
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bəzi dairələrin bundan narahat olması gözləniləndir: “Çünki onlar da başa düşürlər ki, Azərbaycan sonsuza qədər işğalla barışmayacaq. Əvvəl-axır öz torpaqlarını azad edəcək. O üzdən, birgə təlimləri başqa istiqamətdə yozurlar ki, Azərbaycanı Dağlıq Qarabağı güc yolu ilə azad etməkdən çəkindirsinlər. Guya ki, bu, Ermənistana qarşı təhdiddir və s. Ona görə də Yevseyev belə narahatdır. Yevseyevin belə açıqlamalar verməsi isə, bir növ, təəccüblü deyil. Çünki o, ənənəvi olaraq, ermənilərin maraqlarına xidmət edən bir siyasətçidir. Ondan hansısa obyektiv yanaşma gözləmək sadəlövhlük olar. Məgər Dağlıq Qarabağ Ermənistan ərazisidir ki, Yevseyev bu qədər narahatdır? Yevseyev də, Kazimirov kimi, hər zaman ermənipərəst mövqedən çıxış edir. Görünən odur ki, Rusiyanın ermənipərəst dairələri Azərbaycan Ordusunun öz döyüş qabiliyyətini artırmasından, bu istiqamətdə görülən tədbirlərdən get-gedə daha çox narahat olmağa başlayıblar”.
Vidadi ORDAHALLI