Son günlərə qədər İrəvandan gələn təkziblərə baxmayaraq, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü ABŞ-ın təşkil edəcəyi, nəhayət, işğalçı ölkənin özü tərəfindən də təsdiq edildi. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün məhz Vaşinqtonda baş tutacağını bildirib.
Erməni nazir “1in.am” saytı vasitəsilə yayımlanan onlayn mətbuat konfransı zamanı bu xüsusda deyib: “ATƏT-in Minsk Qrupunda üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı”.
Nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi bu barədə konkret danışmaq olar: “Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar”. ABŞ isə belə bir görüşü təşkil etməkdə maraqlı olduğunu bildirir və buna da müəyyən hazırlıq işləri görülür. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi məhz ABŞ özü təklif edib. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bu xüsusda bildirib ki, Ermənistan və Azərbaycan XİN başçılarının Dağlıq Qarabağ üzrə danışıqları Vaşinqtonda davam etdiriləcək: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir. Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbrsizliklə gözləyirəm". İndi maraq doğuran məsələ nazirlərin Vaşinqton görüşünün hansısa nəticələrə gətirib çıxaracağı ilə bağlıdır. Eyni zamanda, burada ABŞ-ın tutacağı mövqe, məsələnin həlli istiqamətində fəallığı da xüsusi maraq doğurur.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Azərbaycanın ABŞ-dan gözləntisi ondan ibarətdir ki, hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq, digər həmsədr dövlətlərlə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırsın. Nəticə etibarilə, regionda davamlı sülh, sabitlik və hərtərəfli regional əməkdaşlıq təmin olunsun. Əslində, Vaşinqton Bakının bu niyyətinə müsbət yanaşdığını və eyni mövqeni bölüşdüyünü gizlətmir. Bunu ötən ilin oktyabrında Azərbaycana səfərinin nəticələri ilə bağlı verdiyi açıqlamalarda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da təsdiq edib. Səfəri fonunda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edir. Bolton əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək və nəticələr əldə olunmasına çalışacaq.
Xatırladaq ki, burada nəticələr deyərkən Azərbaycanın ərazi bütövlyünün bərpası nəzərdə tutulur. Hesab edilir ki, regionda daha fəal siyasət yürütmək istəyən ABŞ Ermənistanın bu mövqeni qəbul etməsi üçün bütün zəruri imkanlara malikdir. Nazirlərin Vaşinqton görüşündə ABŞ-ın bu imkanları işə salması istisnalıq təşkil etmir.
Erməni mediası isə yazır ki, əslində, hələ nazirlərin ABŞ görüşündən əvvəl Vaşinqtonun İrəvana təzyiqləri başlayıb. Əsas səbəb də odur ki, ABŞ nəticəsi olan görüş istəyir. “İravnuk” qəzeti yazır ki, son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ı tənqid hədəfinə çevirməsinin əsas səbəblərindən biri də məhz budur. Xatırladaq ki, Paşinyan Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində ABŞ-ı tənqid edib. Paşinyanın bu davranışını şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, Ermənistan baş nazirini bu açıqlamanı verməyə vadar edən ciddi səbəblər var: “Erməni xislətidir: necə sərf edirsə, onun ardınca qaçır. Paşinyan dünənə qədər Qərb ölkələrinin qapısının ağzında dilənçi pozasında dayanıb pul dilənmirdi? Dünənə qədər özünün Qərbə inteqrasiya siyasətini axıra qədər aparacağını söyləmirdi? İndi deyir ki, onun qədər Amerikanı tənqid edən ikinci bir siyasi xadim yoxdur. Paşinyandan soruşmaq lazımdır ki, sən Putindən də çox ABŞ-ı tənqid etməyə başlayırsan? Özü də o hansı arqumentlərlə Vaşinqtonu tənqid edir? Hansı eyiblərini açıb ortaya qoyur? Qərbdən əliboş qayıdan Paşinyan yaxşı başa düşür ki, Rusiyadan başqa istinad nöqtəsi yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində onun arxasında Rusiya dayanır. Prosesin ləngiməsi xəttində ona Moskva kömək edir. Azərbaycan ordusunun hərbi hazırlıqlarını görüb bəzən vahiməyə düşəndə yenə onu sakitləşdirən Moskva olur. Bu kimi nüanslar Paşinyanı Putini və Rusiyanı daha çox sevməyə vadar edir”.
Amma məsələ həm də burasındadır ki, əslində, Rusiya da Paşinyana hansısa ciddi yardımlar göstərmək niyyətindən uzaqdır. Ermənistanın eks-prezidenti Robert Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bildirir ki, məhz belə vəziyyətdə İrəvan Qarabağ danışıqlarında ən zəif mövqe sahibi kimi çıxış edir: ”Paşinyanın yanlış xarici siyasəti üzündən Ermənistan hökuməti hələ də hansı prinsiplər əsasında danışıqlar aparacağını bəyan etmir. Çünki ona nə ABŞ, nə Rusiya, nə də Avropa yardım edəcək. Bu səbəbdən də Ermənistan hökuməti hansı prinsiplər əsasında danışıqlar aparacağını bəyan etmir. Bununla bağlı müəyyən təhlükələr var. Xüsusilə ehtiyat edirik ki, erməni hökumətinin bu siyasətini beynəlxalq ictimaiyyət qeyri-konstruktiv adlandırsın. Bu isə döyüş fəaliyyətlərinin yenilənməsinə gətirib çıxara bilər. Bu arzuolunmaz ssenaridir. Ümid edirəm ki, ən yaxın zamanda erməni tərəfi özünün prinsiplərini elan edəcək. Amma bu ümidlər çox aşağı çəviyyədədir”.
Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da eyni mövqeni bölüşür. Onun sözlərinə görə, Ermənistanda transgenderlik təbliğ edilərkən Azərbaycan və Türkiyə birgə geniş təlimlərə hazırlaşır: "Ermənistanda transgenderliyin təbliğ edildiyi, Nikol Paşinyanın isə İrəvan küçələrində 124 milyonluq kababın dadına baxdığı bir vaxtda Azərbaycan və Türkiyə Azərbaycanda keçiriləcək birgə geniş təlimlərə hazırlaşır". O bu savaşda yaranmış vəziyyətdə ölkəsini yaxşı heç nə gözləmədyini də xüsusi vurğulayır. Azərbaycan isə bu durumda ən yüksək səviyyədə bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin nizamlanması üçün hüquqi əsas təşkil edir. Birmənalı olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiqlənir. Eləcə də erməni qoşunlarının Azərbaycan ərazilərindən tez bir zamanda, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Təbii ki, bu şərtlərə əməl edilməsə, Qarabağ savaşının başlanması qaçılmaz olacaq. Bakı bildirir ki, müzakirələrin predmetinin nə olmasından asılı olmayaraq, nəticə əldə olunmursa, danışıqları davam etdirməyin də mənası qalmır. Eskalasiyaya imkan vermədən danışıqların aparılması təklifi məqbuldur. Lakin Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir və bu şərtə əməl edilməyincə eskalasiya təhlükəsi də aradan qalxmır.
İndi gözləntilər budur ki, qeyd olunan məqam Vaşinqtonda nazirlərin görüşündə mütləq şəkildə nəzərə alınacaq. Əks təqdirdə, regionda ABŞ-ın da marağında olmadığı savaşın başlanması qaçılmaz sayılır. Yalnız ABŞ və digər vasitəçilərin real addımları, Ermənistana təzyiqləri bu savaşı əngəlləyə bilər. Düzdür, fikirlər səslənir ki, Minsk Qrupunun tərəflərə təsir imkanları və sülhə məcbur etmə mexanizmləri mövcud deyil. Amma həmsədr ölkələr öz aralarında razılığa gələ bilərsə, münaqişənin həllinə nail olmaq, bunun üçün Ermənistana lazımi təzyiqlər göstərmək də mümkündür. Bunu yaxşı bilən həmsədrlər oun da anlayır ki, danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu uzun müddət qoruyub saxlamaq mümkün deyil. Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb. Digər tərəfdən, münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də risq deməkdir. Bu, regional enerji layihələri üçün təhlükədir. Yeni savaş başlayarsa, proseslərə İran və Türkiyənin də müdaxilə edə biləcəyi ehtimalı yaranır. Bu isə artıq regional savaş anlamına gəlir. Qarabağ münaqişəsi Rusiya və Qərb üçün mövcud ziddiyyətlər şəraitində ciddi əməkdaşlıq stimulları yaradır. Elə buna görə də, ABŞ və Rusiya Bakı ilə İrəvanı danışıqlar masasına dəvət edir. Fransa da danışıqların davam etdirilməsini istəyir. Bu məsələdə ATƏT-in Minsk Qrupu həmrəylik nümayiş etdirir.
Nəticə etibarilə Minsk Qrupu artıq hər hansı bir uğura imza atmalıdır. Ən azı ona görə ki, danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki beynəlxalq proseslər fonunda Minsk Qrupunun özünün sıradan çıxmasına gətirib çıxara bilər.
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da məsələyə bu prizmadan nəzər salır. Onun sözlərinə görə, hər kəsi razı salan sülh razılaşmasına nail olmaq asan olmayacaq:
"Bununla belə, Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır. Hər iki tərəfdən birincisi, bir-birinə etibar edən, ikincisi də qonşu ölkələrdə müəyyən nüfuza malik olan şəxslərin iştirak etməsi çox vacibdir. İndi bu prosesin başlana biləcəyinə dair bəzi əlamətlər var. Ermənistanda və Azərbaycandakı həmkarlarımla söhbət etməyə çalışacağam ki, görüm, ölkələri kim təmsil edəcək. Bu məsələdə ölkə rəhbərliyinin iradəsinin olduğu aydın məsələdir. Özü də Azərbaycan rəhbərliyi həmişə belə proseslərə hazır olduğunu söyləyıb. Bu dəfə Ermənistan rəhbərliyi də bundan danışır. Görək, bundan nə alınacaq. Belə vəziyyətdə Minsk Qrupu da sülh əldə olunmasında hansısa nəticəyə imza ata bilər".
Beləliklə, proseslərin gedişi göstərir ki, Qarabağ məsələsində irəliləyiş olmasa, Minsk Qrupunun da istəmədiyi savaş qaçılmaz olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.