Ermənistan mediası Paşinyanı Çində keçirilən və 40 ölkənin rəhbərinin iştirak etdiyi “Bir kəmər, bir yol” tədbirində iştirak etməməyə görə ciddi tənqid atəşinə tutub. Bu xüsusda qeyd edilir ki, Paşinyandan əvvəlki ölkə başçısı Serj Sarkisyan da 2017-ci ildə keçirilən analoji tədbirdə iştirak etməyib.
Bildirilir ki, ən azından, bu görüşdə iştirak etməklə Paşinyan dünyanın aparıcı dövlətlərinin başçıları ilə təmas qurmaq şansı qazanardı. Erməni analitikləri hesab edirlər ki, son vaxtlar Çin Ermənistanla münasibətlərə böyük önəm verməyə başlayıb. Hətta Çinin Avrasiya məkanında Rusiyadan sonra ikinci ən iri səfirlik binasını məhz Ermənistanda tikdiyi bildirilir. Səfirlik üçün 40 hektarlıq sahənin ayrıldığı deyilir. Erməni mediası yazır ki, Çin bununla Ermənistanda regiona təsir etmək üçün öz siyasi “forpost”unu qurmaqda maraqlıdır. Hətta Ermənistanın Çinlə silah tədarükünə dair danışıqlar apardığı barədə də yazılır.
Çinin Azərbaycanla da yaxşı siyasi və iqtisadi əlaqələri var. Bu baxımdan da maraqlıdır, Çin-Ermənistan münasibətlərinin yaxşılaşması Azərbaycan üçün ziyanlı və təhlükəli nəsə vəd edə bilərmi? Əlbəttə, bütün bunlar Ermənistanın Çinlə guya çox yaxşı münasibətlərdə olduğuna dair görüntü yaratmaq taktikası da ola bilər.
Qabil Hüseynli: “Hətta bu əlaqələrin yüksək səviyyəyə çatması belə, Azərbaycan üçün mənfi nəsə vəd etmir və bunun heç bir təhlükəsi ola bilməz”
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Çin nəhəng ölkədir və dünyada önəmli söz sahibinə çevrilib: “Artıq deyirlər ki, dünya ikiqütblü idarəçilikdən üçqütblüyə keçib. Çin nəhəng iqtisadiyyata malikdir və bu göstərici günü-gündən inkişaf edir. Nüvə arsenalı olan ölkədir. Güclü hərbi qüdrəti var. Təbii ki, belə ölkə öz təsir dairəsini genişləndirməkdə maraqlıdır. Ermənistanla münasibətlərə gəldikdə isə, Rusiya heç vaxt Pekinə imkan verməz ki, İrəvanı öz siyasi “forpost”una çevirsin. Çünki Ermənistan bu xidməti, fakitiki olaraq, Rusiyaya göstərir. Ancaq Çin tərəfi Ermənistanla əməkdaşlığa hazır olsa da, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq, azad ticarət zonası və ya tarif rejiminin dəyişməsi haqqında danışıqlar aparmaq iqtidarında deyil. Ermənistan Çinlə yalnız Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləyə bilər.
Ermənistanla Çin arasında ticarət dövriyyəsinin həcmi o qədər də böyük deyil. Ticarət dövriyyəsinə fikir versəniz görərsiniz ki, burda əsas payı Çindən Ermənistana idxal olunan mallar tutur. Bunu da, demək olar ki, dünyanın bir çox ölkəsi edir. Çünki Çin mallarına hər yerdə tələbat var. Çinin Azərbaycanla hazırda olan münasibətləri Ermənistanla müqayisədə qat-qat yaxşıdır. Hansısa öllkədə böyük səfirlik binasının tikilməsi heç də o anlama gəlmir ki, həmin ölkələr qardaşlaşırlar. Çinin həmin ölkədə siyasi mövqeyinin güclənməsinə heç Rusiyanın özü də imkan verməz. Bu, Moskvanın siyasi maraqlarına cavab vermir. Çin sərhəd baxımından da regiona yaxın deyil, buna görə də həmin ölkənin buradakı proseslərə təsir imkanları ciddi ola bilməz. Eyni zamanda, Çin Azərbaycanla olan gözəl iqtisadi və siyasi əlaqələrini Ermənistana görə qurban verməz. Çünki bizim bir çox iri layihədə birgə əməkdaşlığımız var. Bu baxımdan da hətta bu əlaqələrin yüksək səviyyəyə çatması belə, Azərbaycan üçün mənfi nəsə vəd etmir və bunun heç bir təhlükəsi ola bilməz. Səfirliyin binasının bir qədər geniş tikilməsi Ermənistanı şirnikləndirmək məqsədini güdür. Çin görür ki, səfalət içərisində çabalayan ölkənin iqtisadiyyatından yaxşı yararlanmaq olar, bu səbəbdən də bəzi gedişatlar edir. Narahatlıq üçün ciddi əsas görmürəm”.
Məhəmmədəli QƏRİBLİ