Almaniya kəşfiyyatı radikal sağçıların təhlükəli planları ilə bağlı hesabat hazırlayıb. Hesabatda radikal sağçıların vətəndaş müharibəsi ssenarisi və sabitliyin pozulmasına hazırlaşdığına dair ipucları var.
Almaniya kəşfiyyatının radikal sağçılarla bağlı hazırladığı gizli hesabatı “Welt am Sonntag” qəzeti yayıb. Almaniyada zorakılığa meylli radikal sağçılardan gələ biləcək təhlükənin artdığına işarə edilən hesabatda bildirilir ki, radikal təşkilatlar və onlardan kənarda olan qüvvələrdən də istifadə edilməsi mümkündür.
Çox sayda radikal sağçının bir neçə ay və ya bir neçə ildən bəri aktiv olduğu, bunların bir qisminin kimliyinin məlum olmadığı bildirilən hesabatda radikalların böyük əksəriyyətinin təxminən 30 yaşlı kişi olduğu yazılıb. Hesabat müəlliflərinə görə, onların arasında polis və əsgərlər də var.
Bir-birilə əsasən internet vasitəsilə əlaqə saxlayan radikal sağçıların vətəndaş müharibəsi ssenarisi və sabitliyin pozulmasına hazırlaşdıqlarına dair ipucları ələ keçirilib. Onların bombalı hücum məşqləri etdikləri də deyilir.
Əslində, Almaniyanın rəsmi qurumu tərəfindən hazırlanan bu hesabatla bağlı diqqətçəkən başqa mətləblər də var. Məlumdur ki, Almaniyada çoxlu sayda azərbaycanlı miqrant yaşayır. Eyni zamanda, Almaniyada yaşayan əhalinin tərkibində türklərin önəmli çəkisi var. O da sirr deyil ki, məhz həmin ölkədə erməni kriminal qruplaşmalardan ibarət ciddi təşkilatlanmış mafiyalar fəaliyyət göstərirlər. Hətta bu mövzuda sənədli film də çəkilib nümayiş olunmuşdu. Belə olan təqdirdə, Almaniyada təhlükə mənbəyinə çevrilən sağ radikallar ölkəni qarışdırmaq üçün erməni kriminal qruplaşmalarından soydaşlarımıza və türklərə qarşı təxribat törətməkdə istifadə edə bilərlərmi?
Elşən Mustafayev: “Belə ehtimallar barədə alman polisinə və digər əlaqədar qurumlara məlumat verilməlidir”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildrdi ki, Almaniyanın müxtəlif şəhər və əyalətlərində şəbəkə halında erməni mafiya dəstələrinin, ailə klanlarının ağalıq etdiyi faktdır: “Türingen əyalətindəki erməni mafiyasının Berlin, Leypsiq, Yena, Erfurt və Halle şəhərlərində formalaşmış şəbəkələri var. Nüfuzli KİV-in məlumatlarında qeyd olunur ki, Erfurt şəhərində qısa qara gödəkçə geyinən "Hells Angels" adlı erməni mafiya dəstələri digər fərqli adda olan mafiya qrupları ilə əlaqəli şəkildə çalışırlar.
Türingen federal əyalət hökumətinin açıqladığı bilgilərə görə, həmin erməni qrupları əsasən narkotik satışı, avtomobil ticarəti və fahişəxanalardan qazanc əldə edirlər. Bir neçə il əvvəl Almaniyanın Erfurt şəhərində iki erməni cinayətkar qruplaşma arasında 2 nəfərin ölümü ilə bitən silahlı atışma baş vermişdi. İnsident iki erməni cinayətkar şəbəkənin daim toplaşdığı məkanların birində yaşanıb. Erməni klanları arasında ağalıq uğrunda baş vermiş həmin qanlı hadisə ilə əlaqədar başladılan böyük bir məhkəmə prosesinin sonunda 10 nəfər erməni həbs olunmuşdu.
Mərkəzi Almaniyanın Türingen əyalətinin Erfurt şəhərində ermənilərə məxsus "Jocker", "Black Jackett" və "United Tribuns" kimi müxtəlif adlar altında başqa-başqa erməni mafiya qrupları da hökmranlıq etməkdədirlər. Təbii ki, belə dərin köklər atmış mafiya Almaniyanın anarxistləri ilə də əlaqəlidir. O da faktdır ki, həmin erməni qruplaşmaları Ermənistanın siyasi hakimiyyəti və diasporu ilə sıx əlaqəlidir. Bəzi hallarda isə onların sifarişlərini də həyata keçirirlər. Yəni söhbət siyasiləşmiş kriminal qruplardan gedir. Bu məsələdə soydaşlarımız zərər görə bilərlər. Çünki Almaniyadakı sağ radikallarla erməni mafiyasını təmin edəcək qurbanlar sırasında miqrant soydaşlarımız ola bilərlər. Bu onların ümumi maraqlarına tam cavab verir. Almaniyadakı sağ radikallar ölkədə qarşıdırma istəyirlərsə, erməni kriminallar onların işinə yaraya bilərlər. Ermənilər isə bu sifarişi təmin etmək üçün asanlıqla hədəf kimi ya soydaşlarımızı, ya da həmin ölkədə yaşayan türkləri seçə bilərlər. Həm öz milli maraqlarını təmin edərlər, həm də verilən sifarişi icra etmiş olarlar. Bu baxımdan da soydaşlarımız xüsusilə ayıq-sayıq olmalıdırlar. Belə ehtimallar barədə alman polisinə və digər əlaqədar qurumlara məlumat verilməlidir”.
Məhəmmədəli QƏRİBLİ