Prezident İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Xorvatiyaya səfərini məmnunluqla xatırlayaraq, orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd edib və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd edən Mariya Buriç səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş edib.