Avropada erməni icmasının, diasporunun zəifləməsi tendensiyası müşahidə edilməkdədir. Qondarma “erməni soyqırımı”nı dünyanın bir sıra ölkələrində qəbul etdirən erməni icmasının son cəhdi fiaskoya uğrayıb. Başqa Avropa dövlətlərindən fərqli olaraq, Belçika hökuməti erməni kələyinə, yalanına uymayıb.
Məlum olduğu kimi, ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri uğursuzluqla nəticələnib. Belçika erməni icmasının soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş səyləri iflasa uğrayıb.
Mətbuatın yazdığına görə, aprelin 25-də Belçika Federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edilib. Belçika erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımı”nın yeni qanunla əhatə edilmiş soyqırımlar siyahısına daxil edilməsi səyləri uğursuzluğa düçar olub. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi 2019-cu il aprelin 24-də - qondarma “soyqırım”ın ildönümü kimi qeyd olunan tarixdə Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.
O da qeyd edilir ki, məsələyə münasibət bildirən Belçika ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, “erməni soyqırımı” ilə bağlı isə belə bir qərarın olmadığını deyib.
Vaqif Abışov: “Nəhayət ki, Avropada belə bir dövlət tapıldı və ermənilərin aldadıcı siyasətinə “yox” deyə bildi”
Erməni icmasının qondarma “soyqırım”la bağlı cəhdlərinin, səylərinin iflasa uğramasının səbəblərini şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, bu, Beliçka hökuməti tərəfindən ermənilərin üzünə vurulmuş sərt bir şillə kimi qiymətləndirilməlidir: “Sözün düzü, Beliçka Parlamentinin bu addımı mənim üçün gözlənilməz oldu. Çünki bir sıra Avropa ölkələri, ABŞ-ın 40-a yaxın ştatı və digər dövlətlər tarixi həqiqətlərdən deyil, siyasi baxışlardan çıxış edərək qondarma “soyqırım”ın tanınması ilə bağlı qərar qəbul ediblər. Mən bu ölkələri erməni yalanlarının, erməni məkr və hiyləsinin qurbanları sayıram. Çünki bu dövlətlər “erməni soyqırımı”na “hə” deyiblər və onu qəbul ediblər. Halbuki, tarixi sənədlər və faktlar belə bir “soyqırım”ın baş verməsini inkar edir. Bu məsələ heç bir tarixi sənəddə əks olunmayıb ki, 1915-ci ildə belə bir hadisə baş verib. Belçika Parlamentinin ermənilərin səylərini iflasa uğratması olduqca düzgün bir qərardır. Açıq görsənir ki, ermənilərin saxta siyasətinə, məlumatlarına belçikalı siyasətçilər aldanmayıblar. Belçika Parlamenti bu məsələyə siyasi nöqteyi-nəzərdən deyil, sırf tarixi baxımdan yanaşıb. Onlar biliblər ki, bu, siyasi məsələ deyil və ümumiyyətlə, tarixdə belə bir “soyqırım” baş verməyib. Hesab edirəm ki, Belçika Parlamentinin bu qərarı qəbul etməməsi onlar tərəfindən ermənilərin üzünə vurulan sərt bir şillədir. Avropanın Belçika kimi inkişaf etmiş bir dövlətində belə bir hadisənin baş verməsi çox böyük tarixi-siyasi addım kimi qiymətləndirilməlidir. Ən azından, nəhayət ki, Avropada belə bir dövlət tapıldı və ermənilərin aldadıcı siyasətinə “yox” deyə bildi. Bu, müsbət bir hal kimi dəyərləndirilməlidir”.
V.Abışov hesab edir ki, Belçika Parlamentinin bu tarixi addımı başqa Avropa dövlətləri üçün bir nümunə olmalıdır. Onun sözlərinə görə, müasir dövrdə Belçika siyasətçiləri bu məsələyə çox aydın və ayıq yanaşaraq, erməni icmasının, diasporunun hiyləsinə uymayaraq, belə mühüm qərar qəbul ediblər. “O biri Avropa dövlətləri də bu məsələdə Belçikadan nümunə götürməlidirlər. Xüsusən də Fransa. Bilirsiniz ki, son dövrlərdə Fransa Prezidenti Makronun yürütdüyü siyasət ermənipərəst bir siyasətdir. Baxmayaraq ki, Fransanın müsəlman əhalisi də onun verdiyi son qərarın əleyhinə çıxdı. Bu baxımdan, hesab edirəm ki, Belçikanın ortaya qoyduğu iradə, atdığı addım başqa dövlətlərə də təsir göstərəcək” - deyə V.Abışov vurğuladı.
İradə SARIYEVA