Aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putin deyib:
“Biz hətta, əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə, demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir.
Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirilib və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Prezident Vladimir Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib.