Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünya birliyinə təktərəfli sanksiyalara cavab verməyi təklif edib. O belə sanksiyalara qarşı vahid cavab mexanizminin hazırlanması təklifi ilə çıxış edib.
Rusiya dövlət başçısı Çində keçirilən "Bir kəmər - bir yol" forumunda çıxışı zamanı bildirib ki, beynəlxalq ictimaiyyətin belə bir cavab verməsi vacibdir. Putinin fikrincə, beynəlxalq cəmiyyətin birtərəfli sanksiyalardan biri olan proteksionizm təzahürlərinə qarşı vahid bir reaksiya verməlidir.
Putin bildirib ki, beynəlxalq birlik buna müqavimət göstərməsə, qlobal iqtisadi inkişaf aşağı düşər, ölkələrin inkişafı arasında fərq böyüyər, texnologiya boşluğu kimi çətinliklərlə üzləşə bilərik: “Mən dəfələrlə demişəm və təkrar etmək istəyirəm ki, bu mənfi tendensiyalar terrorizm, ekstremizm və qanunsuz miqrasiyaya səbəb olacaq. Bu, köhnə və yeni regional münaqişələrin alovlanmasına səbəb ola bilər”.
Onu da qeyd edək ki, sözügedən sanksiyalar Rusiyaya qarşı tətbiq olunub. Məsələ ondadır ki, 2014-cü ildə Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı bir sıra sanksiyalar qəbul ediblər. Sonra bu sanksiyaların miqyası daha da genişləndirilib. Qərb dövlətləri Rusiyanı Ukraynada münaqişənin iştirakçısı hesab edir. Rusiya isə bunu inkar edir. Avropa İttifaqı ötən ilin dekabrında Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.
O da məluumdur ki, Azərbaycan da "Bir kəmər - bir yol" forumunda iştirak edir və sözügedən layihəni dəstəkləyir. Putinin sanksiyalara qarşı məlum çağırışla çıxış etməsi fonunda, Azərbaycan bu məsələdə hansı mövqeni tutmalıdır?
Fikrət Sadıqov: “Düşünmürəm ki, Putinin təklifi reallaşsın”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan bu kimi çağırışlara münasibətdə ehtiyatlı mövqedən çıxış etməlidir: “Rusiya başda omaqla, bəzi dünya ölkələrinə qarşı ABŞ sanksiyalar tətbiq edir. Hətta Türkiyəyə qarşı da sanksiya tətbiq etmək istəyirlər. İranın neft ixracına məhdudiyyətin qoyulması ilə bağlı sanksiya qəbul etmək istəyirlər. Bu mövcud reallıqdır. Ancaq bir sıra dövlətlər belə bitərəfli sanksiyalara qarşı öz narazılıqlarını bildirirlər. Bütün bunlara baxmayaraq, düşünmürəm ki, Putinin belə sanksiyalara qarşı vahid cavab mexanizminin hazırlanması təklifi reallaşsın, habelə birgə siyasi addımlar atmaq mümkün olsun. Çünki dünyada ölkələr müxtəlif olduğu kimi, onların maraqları da müxtəlifdir. Bir sıra ölkələrin regional mövqeləri belə üst-üstə düşmür. O baxımdan çağırışın reallaşması mümkün deyil. Bu kontekstdə, Azərbaycan əlverişli vəziyyətdədir. Məsələn, biz İrandan neft idxal etmirik. Azərbaycanın həm Rusiya, həm də Qərblə münasibətləri yaxşıdır. Bununla bağlı başqa arqumentlər də gətirmək olar. Ona görə də düşünmürəm ki, Azərbaycan hansısa çağırışa qoşulsun. Çünki bu bizim dövlətin maraqlarına cavab verən bir addım deyil. Azərbaycanın xarici siyasəti yetərincə düşünülmüş şəkildə həyata keçirilir. Bu da, ilk növbədə, bizim milli və strateji maraqlarımıza cavab verir. Ona görə də sözügedən məsələlərdə Azərbaycan ehtiyatlı mövqedən çıxış etməlidir”.
Vidadi ORDAHALLI