“Hesab edirəm ki, bu heykəl ətrafında qalmaqallar bundan sonra daha da genişlənəcək”
Bütün dünyanın faşizmi lənətlədiyi bir dövrdə faşistlərin sadiq qulu olan və öz vəhşi xisləti ilə azərbaycanlılara və digər xalqlara qarşı qanlı cinayətlər törədən Qaregin Njdeyə Bolqarıstanda heykəl qoyulacaq.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yazılanlara görə, bu barədə Bolqarıstan hökuməti qərar qəbul edib. “Erməni xalqının “qəhrəmanı” olan Qaregin Njdenin bürünc abidəsi Bolqarıstanın şimal-şərqindəki Pliska şəhərində yerləşən "Kiriliya Məhkəməsi" mədəni-tarixi kompleksində inşa ediləcək” - deyə yazan Rusiya mətbuatında gedən fikirlərə görə, burada müxtəlif ölkələrin 80-nə yaxın görkəmli şəxsiyyətinə heykəl qoyulacaq. Erməni əsilli bolqarıstanlı iş adamı Karen Aleksanyan RUSARMINFO-nun əməkdaşına “Erməni xalqı orada görkəmli bir fiqurla və filosof (?) Qaregin Njdenin heykəli ilə təmsil olunacaq” - deyə məlumat verib. O, həmçinin, deyib ki, 2015-ci ildə Pliska şəhərində "Kiril Avlusu" mədəni-tarixi kompleksi yaradılıb.
Bolqarıstan hökumətinin faşist Njdeyə heykəl ucaltması həqiqətən də mənfi bir haldır. Məlumdur ki, Bolqarıstan hökuməti Azərbaycan neftindən və qazından bəhrələnmək üçün can atır. Bundan başqa, “Cənub Qaz Dəhlizi”nin Yunanıstana, Bolqarıstana uzadılması ilə bağlı təkliflərdə də bulunur. Bu halda, Bolqarıstan hökumətinin Njdeyə heykəl qoymaq təşəbbüsü nə deməkdir?
Qabil Hüseynli: “Bolqarıstan hökuməti faşist, cani, cinayətkar Njdeyə heykəl qoymaqla bağlı qərar qəbul etməklə çox risqli addım atır”
Tanınmış politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda Bolqarıstanda qarışıqlıq, hərc-mərclik mövcuddur. “Bu gün Bolqarıstanda vəziyyət çox pisdir. Bolqarıstan hazırda çox zəifdir və siyasi sistem də bu vəziyyətdədir. Avropa Birliyi ilə əməkdaşlıq etsə də, bu quruma üzv olmaq üçün addımlar atsa da, lakin heç də hər şey qaydasında deyil. Zənnimcə, Bolqarıstan hökuməti faşist, cani, cinayətkar Njdeyə heykəl qoymaqla bağlı qərar qəbul etməklə çox risqli addım atır. Hitlerlə əməkdaşlıqda bulunan və erməni legioner dəstələrinə rəhbərlik edən, faşistlərlə birləşib günahsız insanlara divan tutan, onları qətlə yetirən birisinə heykəl qoyulması Avropa-Bolqarıstan münasibətlərinə də xələl gətirəcək. Bilmirəm, Bolqarıstan hökuməti Njdenin bioqrafiyasından, cinayətkar əməllərindən xəbərsizdir? Hesab edirəm ki, bu heykəl ətrafında qalmaqallar bundan sonra daha da genişlənəcək. Bu amil də Bolqarıstan hökumətini caniyə heykəl qoymaq qərarından daşındıracaq. Azərbaycan da bu məsələdə fəal olmalıdır. Ya Xarici İşlər Nazirliyi, ya da həmin ölkədə olan Azərbaycan səfirliyi bu hala qarşı mübarizəsini genişləndirməlidir” - deyə Q.Hüseynli qeyd etdi.
Bolqarıstanın Azərbaycan neft-qazına can atması və “Cənub Qaz Dəhlizi”nin bu ölkəyə qədər uzanması məsələsinə gəlincə, Q.Hüseynli bildirdi ki, Azərbaycan bu layihə ilə Bolqarıstana təzyiq göstərə bilər. “Cənub Qaz Dəhlizi” məsələsi ilə Azərbaycan Bolqarıstana müəyyən qədər təzyiq göstərə bilər. Yəni bu layihə çərçivəsində onlara nələrisə diktə etmək mümkündür. Burada söhbət əməkdaşlıqdan gedirsə, əlbəttə, dövlətlərarası münasibətləri korlayacaq hər hansı bir addım atılmamalıdır. Azərbaycan bu potensialından istifadə etməlidir” - deyə Q.Hüseynli vurğuladı.
İradə SARIYEVA