Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real durum işğalçı Ermənistanın mövqelərinin getdikcə daha zəif hala gəldiyini aydın surətdə nümayiş etdirir. Şübhəsiz ki, bunun ümdə səbəbi Azərbaycanın həyata keçirdiyi fəal diplomatik gedişlər, işğalçını təcrid vəziyyətinə salmasıdır. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə apardığı işlər də öz nəticələrini verməkdə, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxanların sayı artmaqdadır.
Bu durumda daha bir maraqlı məqam Qafqazda hadisələrin inkişaf axarına təsir göstərmək iqtidarında olan böyük geosiyasi güclərin də Ermənistanla mövcud münasibətlərinin getdikcə böhrana yuvarlanmasıdır. Rusiya - Ermənistan əlaqələrində artan böhran səviyyəsi qeyd edilənlərin real təsdiqi sayıla bilər. Regionda xüsusi çəkisi olan ABŞ-la da İrəvanın münasibətlərində ciddi çatların yaranması daha açıq müşahidə olunur. Hətta iş o yerə çatıb ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü də açıq etiraf edir. “Nezavisimaya qazeta”ya müsahibəsində o, bu fonda ABŞ-ı sərt tənqid etdiyini də açıq vurğulayır: “Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib”. “Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibətləri necə tarazlaşdırmağı planlaşdırırsınız” sualına cavab olaraq Paşinyan deyib ki, Ermənistan regional və beynəlxalq münasibətlərdən əlahiddə şəkildə mövcud ola bilməz.
Ümumiyyətlə, Ermənistanda baş tutan məlum inqidabdan sonra Paşinyan ABŞ-ın ona qarşı tutduğu mövqedən getdikcə daha çox narazı qalır. Məsələn, o bildirir ki, Amerika Birləşmiş Ştatları Ermənistandakı inqilaba, praktik olaraq, reaksiya verməyib. Erməni mediası yazır ki, əslində, Ermənistandan Suriyaya humanitar missiyanın göndərilməsi haqqında qərardan sonra ABŞ İrəvana çox qəzəblənib. Belə vəziyyətdə Ermənistan-Amerika münasibətləri nəinki inkişaf edir, əksinə, bu əlaqələrin iqtisadi əsaslarını təşkil edən komponentlər təhdid altına düşüb. Paşinyan bu durumda ABŞ-ın tənqid hədəfinə çevrilməsini təbii saydığını vurğulayır. Maraqlıdır ki, Ermənistanda ABŞ-ın tənqid hədəfinə çevrilməsi Vaşinqtonun Qarabağ məsələsində fəallaşdığı bir dövrə təsadüf edir. Xatırladaq ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib. “Lragir” qəzeti yazır ki, ABŞ münaqişənin həllində “Bolton planı”nı işə salmağa hazırlaşır: “Eyni zamanda ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında Moskvaya müstəsna hüquq verməmək niyyətindədir. Aydındır ki, proses dönəmində Paşinyan “Bolton planı”nın reallaşdırılması zamanı hakimiyyətini birinci prezident Levon Ter-Petrosyan kimi itirmək təhlükəsi hiss edib. Ona görə də Paşinyan geriyə çəkilərək, danışıqları dalana dirəməyə çalışır. Amma “Bolton planı”nı həyata keçirmək istəyən ABŞ buna imkan verməyəcək. Bu mənada, Paşinyanın son zamanlar apardığı siyasət böyük optimizm yaratmır. Belə ki, artıq Paşinyanın incə oyun aparıb hakimiyyətdə qalmaqla bərabər, dövləti hərbi konfliktə cəlb etməyəcəyi inandırcı görünmür. Özü də Paşinyanın vaxtı çox deyil. Azərbaycan yaranan yeni reallıqlardan istifadə edib nəticə almaq istəyir”. Hesab edilir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda substantiv mərhələnin başlanmasına çalışaraq İrəvanı güzəştə getməyə məcbur edə bilər. ABŞ-da hesab edilir ki,
Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün beynəlxalq hüquq prinsipləri işə salınmalı, ərazi bütövlüyü kimi vacib məqama xələl gəlməməlidir. Ermənistanın bütün bunlara hər hansı formada müqaviməti isə düşmən tərəf üçün istənilən nəticəni vermir. Hətta güclü erməni lobbisi də bu prosesdə acizlik nümayiş etdirir. Xüsusən də məlum həqiqətdir ki, prezident Donald Tramp Ağ Evə gəldikdən sonra erməni lobbisinin ABŞ-ın xarici siyasətinə təsiri əhəmiyyətli dərəcədə azalıb. Erməni diasporunun artıq Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “ermənipərəst” mövqe nümayiş etdirməsi üçün fəaliyyəti praktik olaraq nəticə vermir. Bu diasporun maliyyə və siyasi vasitələrlə lobbiçiliyinin ABŞ-ın Cənubi Qafqaz siyasətinə mənfi təsir göstərməsi artıq keçmişdə qalıb. Əksinə, ABŞ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində daha fəal dəstəkləyir. Məhz bütün bunlar, eləcə də gözlənilən iqtisadi yardımların edilməməsi indi Ermənistanı ABŞ-dan narazı salır. Amerikalı politoloq Piter Teys isə məsələnin başqa bir tərəfinə nəzər salaraq vurğulayır ki, Vaşinqton Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir. Elə bu səbəbdən də Ermənistanın konfliktin həlli üçün əməli addımlar atmasını istəyir. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərindən tamamilə çıxarılmadan və bu torpaqlardan sürgün edilmiş azərbaycanlıların evlərinə geri dönməsi təşkil edilmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması mümkün deyil. Bunu isə ABŞ-da da yaxşı başa düşürlər: “Digər tərəfdən, sülh Ermənistanın öz inkiaşfı üçün də vacibdir. Savaşda Azərbaycanla ayaqlaşmaq indiki zəif Ermənistan üçün çox çətindir. Son 30 il ərzində Ermənistan ordusu yüksək taktiki hazırlıq və yüksək səviyyədə döyüş ruhu nümayiş etdirməyib. Ermənistan cəmiyyətinin kədərli olması, çox sayda gəncin daha yaxşı həyat yaşamaq üçün Ermənistanı tərk etməsi, erməni əsgərlərin ac qalması, hərbi təchizat çatışmazlığı yaşaması da heç kimə sirr deyil. Bunları İrəvan mütləq nəzərə almalı, Azərbaycanla sülh əldə etməyə çalışmalıdır. ABŞ-ın da istəyi məhz bölgədə sülhün olmasıdır”.
Beləliklə, yuxarıda qeyd edilənlərdən bəlli olur ki, ABŞ-ın Qarabağ məsələsində mövqeyi reallığı əks etdirir və bu, Ermənistandan fərqli olaraq, Azərbaycanın istəkləri ilə uzlaşır. Regionda böyük təsir gücünə malik Rusiya da getdikcə Ermənistandan uzaqlaşır və bunun da Qarabağ konfliktinə təsiri qaçılmaz sayılır. Xatırladaq ki, Rusiyanın Ermənistana etibar etməməsini Nikol Paşinyan özü də açıq etiraf edir: “Rusiyada komandamızın üzvlərinə inamsızlıq var. Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektoru Rusiyanı sevməyən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdırilib. Bu səbəbdən də bizə etimadsızlıq var“. Ermənistan Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov isə ABŞ və Rusiyanın ölkəsindən uzaqlaşmasını mövcud hakimiyyətin xətası kimi təqdim edir: “Ötən ilin aprelində baş verənlərin acı nəticələrini artıq xarici siyasətdə də görürük. Ötən il baş verənlər yalan, saxtakarlıq, təhdid, şantaj və nifrətlə hakimiyyətin ələ keçirilməsi ilə nəticələnən çevrilişdir”. Şarmazanovun sözlərinə görə, son bir il yalnız onun üçün deyil, bütün ictimaiyyət üçün məyusluq ili olub: “İlk vaxtdan etibarən Paşinyanın baş nazir olmasının əleyhinə olmuşam. Apreldə baş verənlər inqilab deyil, yalan, saxtakarlıq, təhdid, şantaj və nifrətlə hakimiyyətin ələ keçirilməsi ilə nəticələnən çevrilişdir. Hazırda Paşinyan verdiyi vədləri nəinki yerinə yetirməyib, hətta iflasa uğrayıb". Şarmazanov qeyd edib ki, gün gələcək, bütün küçəyə çıxanlar aldadıldıqlarına görə məyus olacaqlar: “Bir ölkənin baş naziri qalxıb deyirsə, ölkədə xarici dövlətlərin agentləri var və daha sonra agentlərin adlarını çəkməkdən qorxursa, bu şəxsin baş nazir olma haqqı varmı? Yaxud baş nazir yalan danışır. Gün gələcək, bütün küçəyə çıxanlar aldadıldıqlarına görə məyus olacaqlar. Vəzifəsinin öhdəsindən gələ bilməyən baş nazir Ermənistanı təklənmiş vəziyyətə salıb, rəqib Azərbaycan isə bundan məharətlə istifadə edir”.
Azərbaycanın indiki vəziyyətdə uğurlu gedişlərini rusiyalı ekspert Yevgeni Mixailov da təsdiq edir. O, Azərbaycanın son illər sabit və müsbət mənada ardıcıl xarici siyasət qurduğunu vurğulayır: “Bu siyasət istər yaxın ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə, istərsə də bütün dünyada ölkənin mövqelərini gücləndirməyə yönəlib. Müxtəlif ölkələrinin liderlərilə fəal şəkildə aparılan danışıqlar Azərbaycanın iqtisadi və siyasi maraqlarının coğrafi mənada genişlənməsinə dəlalət edir”. Onun fikrincə, Azərbaycan rəhbərliyi bu gün, ilk növbədə, ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünün bərpasına yönələn siyasət yeridir: “Təhlükəsizlik məsələsinə gəlincə, bu gün qarşımıza güclü, yüksək döyüş qabiliyyətli, mükəmməl silahlanmış ordusu ilə yeni bir Azərbaycan çıxır. İqtisadi cəhətdən bir çox ölkə ilə müqayisələr apararaq bu gün Azərbaycan əhalisinin özünü arxayın və kifayət qədər təminatlı hiss etdiyini deyə bilərik. Bunu respublikaya səfərlərim zamanı şəxsən gördüklərimə əsasən təsdiqləyə bilərəm. Azərbaycan ordusunun getdikcə güclənməsi və yaxşı qurulan beynəlxalq əlaqələr, təbii ki, Qarabağ məsələsində Bakıya daha böyük üstünlüklər qazandırır”.
Bütün bunlar bir daha nümayiş etdirir ki, Azərbaycan həm özü kifayət qədər güclü dövlətə çevrilib, həm də aparıcı ölkələrlə yüksək səviyyədə münasibətlər qurub. İşğalçı Ermənistanda isə bu məsələdə tamam əks vəziyyət qeydə alınır. Məhz bu hal, ekspertlərin fikrincə, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini əhəmiyyətli dərəcədə tezləşdirən məqamlar sırasında yer alır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.