Azərbaycanda ilin əvvəlindən başlanan sosial-iqtisadi islahatlar bu gün beynəlxalq miqyasda da xüsusi diqqət cəlb edir. Xüsusən də bu islahatların ölkə əhalisinin maddi rifah halını əhəmiyyətli dərəcədə yüksəltməsi təkcə Azərbaycan cəmiyyəti yox, elə beynəlxalq aləmdə də təqdir olunur.
Məsələn, Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye bütün bunları yüksək qiymətləndirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sosial müavinətlərin artırılması ilə bağlı sərəncamları əhalinin alıcılıq qabiliyyətinin artırılması üçün böyük əhəmiyyət daşıyır. O vurğulayır ki, əslində, "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər: "Hazırda Fransada davam edən "Sarı jiletlilər" hərəkatının üzvlərinin də öz dövlət başçılarından tələbi bu yöndədir. Azərbaycanda verilən qərar isə ölkə əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmağa xidmət edir". A.Vilye Azərbaycanın imicinin dünya miqyasında artdığını, prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətin öz bəhrəsini verdiyini də vurğulayıb.
Proseslərin inkişaf axarı isə Azərbaycanda həyata keçirilən islahatların daha geniş miqyas alacağını, ölkənin bu istiqamətdə yeni nailiyyətlərə imza atacağını göstərir. Xatırladaq ki, bu xüsusda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən "Doing Business 2020"yə dair islahat icmalı da yuxarıda qeyd olunan fikri təsdiq edir. İcmaldan belə bəlli olur ki, biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, "Yaşıl dəhliz", elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılır. Bu səbəbdən Azərbaycanın növbəti ildə də ən islahatçı ölkə statusunu qoruyacağı gözlənilir. Qeyd edək ki, Dünya Bankının hazırladığı sonuncu "Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb və ən islahatçı ölkə elan olunub. Gələn il üçün də Azərbaycanın bu xüsusda mövqelərini daha da yaxşılaşdırması gözlənir. Bunu iqtisadçı ekspert Vüqar Bayramov da təsdiq edir. Onun sözlərinə görə, "Doing Business 2020"yə dair islahat icmalının təqdim edilməsi ondan xəbər verir ki, Azərbaycan hökuməti bu il də islahatları davam etdirmək və dərinləşdirmək niyyətindədir.
Ekspert qeyd edib ki, Azərbaycan "Doing Business 2019"da ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri elan olunmuşdu: “Doing Business 2020”yə dair islahat icmalında 11 indikator üzrə mövcud vəziyyətin qiymətləndirilməsi, eləcə də təkmilləşdirilməsi ilə bağlı fəaliyyət təqdim olunub. "Doing Business"in əsas fəlsəfəsi və qiymətləndirmə meyarı ondan ibarətdir ki, xidmətlərin alınması üçün tələb edilən günlərin, prosedurların sayında azalmalar olsun, iş adamları, vətəndaşlar daha az xərc və xidmətlərdən faydalana və yararlana bilsinlər. "Doing Business"in 11 indikatoru üzrə həm ötən il, həm də bu il həyata keçirilən islahatlara diqqət yetirsək görərik ki, biznesin qeydiyyatı, tikinti üçün icazələrin alınması, elektrik təchizatına qoşulma, əmlakın qeydiyyatı ilə bağlı prosedurların sayında ciddi azalmalar müşahidə olunub. Bir neçə gün öncə əmlakın qeydiyyatı ilə bağlı çıxarışların elektronlaşdırılması həyata keçirilib. Azərbaycan əmlakın qeydiyyatına görə dünyada 17-cidir. Bu, ilk iyirmiliyə daxil olmaq deməkdir. Güman olunur ki, son islahatlardan sonra bu indikator üzrə mövqeyimiz daha da yaxşılaşacaq. Eyni zamanda, tikintiyə icazələrin verilməsi, elektrik enerjisindən istifadə ilə bağlı tələb edilən günlərin və prosedurların sayında azalmalar var. Bu il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklər vergi yükünün azalmasına gətirib çıxardı. Bu bizim mövqeyimizə və "Doing Business 2020" hesabatında qiymətləndirməyə birbaşa təsir göstərir. Azərbaycanda idxal və ixrac üçün tələb edilən günlərin və prosedurların sayında da azalmalar var. Çünki "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi günlərin sayının azalmasına səbəb oldu”.
Ekspert vurğulayır ki, aparılan islahatlar Azərbaycanın əsas istiqamətlər üzrə "Doing Business 2020"də mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxara bilər: "İslahatların aparılması növbəti illərdə ölkəmizin hesabatda ilk 20-liyə daxil olmasına şərait yaradacaq. İslahatların dərinləşməsi fonunda Azərbaycan, hesabata əsasən, qarşıdakı illərdə dünyada ən yaxşı investisiya mühitinə malik olan 20 ölkədən biri seçilə bilər. Məqsəd beynəlxalq hesabatlarda mövqeyimizin yaxşılaşdırılması ilə yanaşı, iş adamlarının daha yaxşı biznes mühitindən faydalana, xidmətlərdən elektron qaydada yararlana bilmələridir. "Doing Business 2020" hesabatında mövqeyimizin daha da yaxşılaşması Azərbaycanda aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə olunur". Bütün bunlar beynəlxalq miqyasda Azərbaycanın nüfuzunu yüksəltməklə yanaşı, ölkəni iqtisadi cəhətdən daha qüdrətli dövlətə də çevirir.
Nahid SALAYEV