Amerikanın Kolorado ştatı da işğalçı və separatçı ermənilərə qahmar çıxanların siyahısına qoşulub. Erməni KİV-inin verdiyi məlumata görə, Kolorado ştatının Senatı aprelin 24-də qondarma və saxta “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib. Həmin qətnaməyə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanıyan maddə də daxil edilib.
Azərbaycan bu məsələyə rəsmi mövqeyini bildirib. Həmin mövqedə qeyd olunur ki, ermənilər məlumatı bir qədər təhrif ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı yayılan məlumat barədə açıqlama verib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, 24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik Senatı qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma "Artsax"ın Türkiyə və Azərbaycan tərəfindən "blokadasına" istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında “erməni xristian irsinin" “mədəni soyqırmı”nın törədildiyi iddia edilir:
"Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadən guya həmin qurumun tanınması kimi təqdim etməyə cəhd edib. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun "dövlət" kimi tanınması, ümumiyyətlə, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir".
L.Abdullayeva bildirib ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün, qısa prosedurla qəbulu mümkün olur.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.
İstənilən halda, ABŞ ştatlarının ölkəmizə qarşı nümayiş etdirdiyi bu davranışlar birmənalı şəkildə pislənməlidir. Hətta bunun qarşısının alınması üçün müvafiq addımlar da atılmalıdır. ABŞ ştatlarının bu cür qərəzli mövqeyinə qarşı hansı səviyyədə münasibət bildirilməlidir. Azərbaycan hakimiyyəti bu istiqamətdə hansı addımları atmalıdır?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür məsələlərə səthi yanaşmaq olmaz: “Bizim hansısa qurumun bir təkzib verməsi və ya materiala düzəliş etməsilə də iş bitmir. Burda ABŞ əsas kimi ştatların azadlığını qeyd edir. Biz analoji izahla Fransanın da timsalında tanış olmuşuq. Onlardan da qondarma qurum ərazisinə edilən səfərlərə belə izah verilirdi ki, bunu yerli özünüidarəetmə qurumları edir. Ancaq bir çox etirazlardan sonra bu sahədə bir sakitlik yarandı. Nə qədər olsa da, dövlətin həmin məsələlərə müdaxilə etmək, təsir göstərmək və əna azı, bir təbliğat apara bilmək kimi imkanları, resursları var. Düzdür, ABŞ ştatlarının qanunverici orqanları müstəqildir. Hətta elə ştat var ki, onun qanunvericiliyi digərindən köklü şəkildə fərqlənir. Məsələn, ştatların bəzilərində ölüm hökmü qalsa da, əksər ştatlarda bu ləğv olunub. Amma biz burada fərqli bir yanaşmanın şahidi oluruq. Əvvəl ştatlar qondarma “soyqırımı” tanımaqda yarışa girmişdilər. Hazırda, demək olar ki, bütün ştatlar qondarma “soyqırımı” tanıyıb. İndi isə bunun üzərində “Artsax”, Naxçıvan mövzularına ram atırlar. O yerlərə ki, ermənilərin açıq ərazi iddiaları var. Hətta qəbul edilən qətnamələr simvolik xarakterli olsalar belə, bunun gələcək üçün acı nəticələri ola bilər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında həmsədrlik edən ölkələrdən biridir. Hər halda, onun daxilində belə təbliğatın aparılması ürəkaçan deyil. Bunun üçün Azərbaycan bütün rəsmi kanallarla ABŞ-a sərt etirazını bildirməlidir. Artıq qondarma qurumun adı ilə bağlı təbliğatın artması təsadüfi sayıla bilməz. Erməni təbliğat maşını bütün vasitələrlə “Artsax” adını insanların psixikasına hopdurmaq istəyir”.
Politoloqun sözlərinə görə, ermənilər əksər hallarda hamı üçün mümkün olan sadə prosedurlardan istifadə edirlər: “Biz onları gözləməməliyik. Ştatların qanunvericilik orqanlarında olan həmin prosedurları yaxşı öyrənib, biz də lazım olan qanun layihələrini təqdim etməliyik. Bu sahədə lobbi fəaliyyətimizi gücləndirməliyik. Bir sözlə, düşmənlə öz dilində danışmağı tətbiq etməliyik. ABŞ-ın bütün ştatları və rəhbərliyinin nəzərinə çatdırmaq lazımdır ki, Naxçıvanda heç bir xristian izi dağıdılmayıb. Əksinə, belə vandallığı ermənilər Dağlıq Qarabağda ediblər. Qondarma qurumu isə blokadada biz yox, erməni silahlı birləşmələri saxlayır. Azərbaycan öz ərazisini niyə blokadada saxlamalıdır? Əksinə, onlar münaqişə boyunca həmin sənədə adını daxil etdikləri Naxçıvanı blokadada saxlayırlar. Bir sözlə, öz etdiklərini bizim adımıza çıxmaq istəyirlər. Hətta ciddi təsir imkanı olmasa da, Kolorado ştatının qəbul etdiyi qətnamə pislənməli, onun ləğvi üçün bütün zəruri addımlar atılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ