Məlum olduğu kimi, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclasda bir sıra məsələlər, o cümlədən KİV-in Bakıda yayımının vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitorinqin nəticələri müzakirə edilib. Monitorinqin konkret məqsədi Bakı şəhərində, həmçinin, şəhərətrafı kəndlərdə və qəsəbələrdə qəzet satışının vəziyyətini, bu sahənin problemlərini və onların nədən qaynaqlandığını öyrənmək, qəzet satışı üçün nəzərdə tutulmuş köşklərin fəaliyyətini araşdırmaq, ölkədə qəzet satışının yaxşılaşdırılması məqsədilə təkliflər paketi hazırlamaq olub.
Monitorinq zamanı müəyyənləşdirilib ki, Bakı şəhərində və ətraf kənd-qəsəbələrdə 250 köşk (176-sı Bakının özündə olmaqla) fəaliyyətdədir. Onlarda qəzet satışı istənilən səviyyədə təşkil olunmur.
Monitorinq qrupu mövcud durumdan çıxmaq üçün müəyyən təkliflər də irəli sürüb. Qəzet yayımı işinin yaxşılaşdırılması ilə bağlı addımlar da bu təkliflər sırasındadır. Bura müstəqil yayım firmalarına şəraitin yaradılması, Bakı bulvarında, parklarda, şəhərin mərkəzi küçələrində, bazarlarda və s. yerlərdə səyyar satışın (əldə yayımın) bərpası daxildir. Bununla yanaşı, təkliflərdə iri market şəbəkələrində qəzet satışının təşkili, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpası öz əksini tapıb. Həmçinin, digər təkliflər verilib.
Təkliflərə, eyni zamanda, Bakı Metropoliteninin stansiyalarında qəzet satışının bərpası üçün tədbirlərin görülməsi, Metropolitenin stansiyalarının çıxışlarında qəzet köşklərinin sayının artırılması da daxildir. İclasda bu kimi məsələlər ətrafında müzakirə aparılıb və irəli sürülmüş təkliflərin ölkə rəhbərliyinə çatdırılmasına dair müvafiq tapşırıqlar verilib.
Maraqlıdır, səyyar qəzet satışının bərpası ilə bağlı sözügedən tədbirlərin həyata keçirilməsi ölkədə qəzet satışında dönüş yarada bilərmi?
Azər Həsrət: “İstərdik ki, xüsusən insanların çox istifadə etdiyi metro stansiyalarında qəzet satışı bərpa edilsin”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin fikrincə, səyyar qəzet yayımı ilə bağlı irəli sürülən təkliflər qəzet satışında dönüş yarada bilər: “Mətbuat Şurası Azərbaycanda qəzet yayımının, satışının daha optimal bir şəkildə təşkil edilməsində maraqlıdır. Çünki nəzərə almaq lazımdır ki, vətəndaşların bir hissəsi hələ də qəzet oxuyur. Yəni informasıyanı qəzetlər vasitəsilə əldə etməyə üstünlük verir. Ölkənin ictimai-siyasi, mədəni həyatı ilə bağlı məlumatları qəzetlər vasitəsilə almaq istəyirlər. Təəssüflər olsun ki, qəzet yayımında problemlər var. Vətəndaşlar rahat şəkildə qəzet tapa bilmirlər. Şəxsən mən özüm də bir neçə dəfə belə hallarla üzləşmişəm və lazım olan qəzeti tapa bilməmişəm. Yəni ya yaxınlıqda köşk olmayıb, ya da köşk olsa belə, orada uyğun şəkildə qəzetin satışı təşkil olunmayıb. Ona görə də Mətbuat Şurası bu cür məsələlərin təhlilini, analizini apardı. Bununla bağlı müvafiq təkliflərlə çıxış etdi. Qəzet satışı ilə bağlı sözügedən təkliflər sistemləşdirilib müvafiq dövlət qurumlarına göndəriləcək. Biz istərdik ki, xüsusən insanların çox istifadə etdiyi metro stansiyalarında qəzet satışı bərpa edilsin. Eləcə də insanların kütləvi şəkildə toplaşdığı, gəzdiyi və istirahət etdiyi yerlərdə qəzet satışı təşkil olunsun. Hesab edirəm ki, ölkədə qəzet satışını normal məcraya yönəldə bilsək, qəzet satışında dönüş yarana bilər. Bundan Azərbaycan dövləti və xalqı qazanacaq. Eyni zamanda, mətbuatın daha möhkəm ayaqlar üstündə dayana bilməsi üçün əlavə imkanlar yaranacaq. O baxımdan səyyar yayımın bərpası qəzet satışında dönüş yarada bilər”.
Vidadi ORDAHALLI