Ermənistanın baş naziri Nikol Paşinyan Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə dil tapmağın yolları barədə məsləhətlər verib. Bu haqda danışan Paşinyanın sözlərinə görə, Zelenski açıq və doğru danışsa, Putinlə ümumi dil tapacaq:
“Mən hesab etmirəm ki, onun üçün Putinlə ünsiyyət qurmaq mürəkkəb olacaq. Burada şərtlər var: əgər sözünü birbaşa desən, dürüst olsan, aldatmasan, çətin olmayacaq. Sadəcə olaraq birbaşa və dürüst danışmaq lazımdır. Fikrimcə, istənilən adam bunu qiymətləndirər, əgər görsə ki, həmsöhbəti onu nədəsə aldatmağa çalışmır, nə barədəsə boşboğazlıq etmir, nəyisə təhrif etməyə çalışmır. Düşünürəm ki, bu, bütün münasibətlərdə çox düzgün maneradır”.
Öz növbəsində, Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib ki, Putin hələlik Zelenski ilə görüşüb danışıqlar aparmağa hazırlaşmır. Uşakov qeyd edib ki, əvvəlcə seçkilərin rəsmi nəticələrinin açıqlanmasını gözləmək lazımdır, sonra isə Ukraynanın yeni prezidentinin davranışlarına baxacaqlar.
Paşinyanın başqa dövlətin yeni seçilən dövlət başçısına bu sahədə məsləhət verməsi qəribə görünməyə bilməz. Sanki Paşinyan illərin təcrübəli siyasətçisidir və dünyada böyük söz sahibidir ki, durub belə məsləhətlər verir. Əslində, Paşinyanın Putinlə münasibətlərinin o qədər də yaxşı olduğunu demək mümkün deyil. Hər halda, nə qədər gizlətməyə çalışsa da, tərəflər arasında bir sıra fikir ayrılıqları var. Ancaq bütün bunlarla yanaşı, bu məsələdə Paşinyanın Ukraynanın yeni seçilən prezidentinə məsləhət verməsinə anlam vermək çətindir. Ola bilsin, Paşinyan bununla göstərmək istəyir ki, guya Putinlə münasibətləri normaldır. Ya da göstərmək istəyir ki, bu məsələdə buraxdığı səhvlərə görə tənbeh olunub. Hər halda, onun belə müraciət etməsinin arxasında nə dayanır? Belə tövsiyə ilə çıxış etməyin mənası nədir?
Arzuxan Əlizadə: “Ola bilər ki, Putin haçansa onu bərk danlayıb və o buna görə pis vəziyyətə düşüb”
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bunda Paşinyanın bir neçə məqsədi ola bilər: “Əvvəla dövlət başçısının belə açıq formada məsləhətlə çıxış etməsi siyasətçiyə yaraşan hal deyil. Özü də Paşinyan ranqında olan dövlət başçısı bu haqda danışmasa yaxşıdır. Danışırsa, özünü daha gülünc vəziyyətə qoyur. Hansısa təkbətək görüşdə Paşinyan belə bir tövsiyə ilə çıxış etsəydi, bunu anlamaq olardı. Ancaq bu formada danışmaq və bunu anlamaq mümkün deyil. Bu onu göstərir ki, Paşinyan siyasi baxımdan naşı və təcrübəsizdir. Ancaq naşı dövlət başçısı bu cür çıxış edə bilər. Görünür, Paşinyan öz aləmində fikirləşir ki, Zelenski siyasi baxımdan təcrübəsizdir, o üzdən belə tövsiyə ilə çıxış edir. Ya da ola bilər ki, Putin haçansa Paşinyanı bərk danlayıb və o buna görə pis vəziyyətə düşüb. Daha sonra nəticə çıxarıb. İstəmir ki, Ukraynanın yeni prezidenti onun vəziyyətinə düşsün. Yaxud da bununla özünü Putinin yanında yaxşı göstərmək istəyir. Buna rəğmən, Paşinyanın Putinlə münasibətlərinin yaxşı olduğunu demək çətindir. Ona görə ki, Paşinyan Putinin dostu, keçmiş prezident Robert Köçəryanı hələ də həbsdə saxlayır. Bütün hallarda, Paşinyanın kiməsə sözügedən məsələ ilə bağlı açıq məsləhət verməsi gülünc haldır”.
Vidadi ORDAHALLI