Pekində Azərbaycan Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Tzinpinin görüşü olub.
Çin Xalq Respublikasının Sədri Si Tzinpin Prezident İlham Əliyevi qarşıladıqdan sonra dövlət başçıları birgə foto çəkdiriblər.
Çin Xalq Respublikasının sədri Si Tzinpin deyib ki, Bakı ilə birlikdə ortaq səylərlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazırdır:
“Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır”.
Prezident İlham Əliyev cavab çıxışında deyib:
Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik. Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.
Çin Xalq Respublikasının Sədri Si Tzinpin Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğulayaraq, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın “Vahid Çin” siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev Si Tzinpini ölkəmizə səfərə dəvət edib, dəvət məmnunluqla qəbul olunub.
Prezidentin başqa ikitərəfli görüşləri də olub. Belə ki, Azərbaycan Prezidenti Pekində “ZTE” Korporasiyasının sədri Li Zixue ilə görüşüb. "ZTE" Korporasiyasının sədri rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirib. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğulayıb və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirib.
Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlət başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini deyib. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançinlə də görüşüb.
Görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirib. O, bu sahədə Azərbaycanla əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğulayaraq, əlaqələrin inkişaf etdiyini bildirib.
Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlət başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirib və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.