Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərin yenidən kifayət qədər dinamik şəkildə inkişaf etməsi müşahidə edilməkdədir. Belə görünür ki, regionda marağı olan böyük güclər artıq prosesdə hansısa nəticənin əldə olunmasını istəyir. Hər halda, Rusiya və ABŞ-ın prosesə yanaşması, Avropa İtifaqının sərgilədiyi mövqe bu qənaəti daha da gücləndirir.
Xatırladaq ki, hər iki ölkə konfliktin dinc müstəvidə həlli istiqamətində indi xüsusi aktivlik nümayiş etdirir. Belə ki, cari il martın 29-dakı Vyana görüşündən cəmi iki həftə sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Bunun ardınca, məlumat verildiyi kimi, amerikalı diplomatlar Azərbaycan və Ermənistan XİN rəhbərlərini Vaşinqtona dəvət ediblər. Belə vəziyyətdə artıq o da bəlli olub ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsinin nizamlanmasında şəxsi səylərini göstərmək niyyətindədir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger isə bildirib: “Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbrsizliklə dialoqun davam etdirilməsini gözləyirik”. O qeyd edib ki, ABŞ ATƏT-in həmsədr ölkələrindən biridir: “ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır”.
Münaqişənin nizamlanmasında digər maraqlı məqam danışıqlar masasında hər hansı sənədin varlığı, müzakirə mövzusunun nədən ibarət olmasıdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva görüşündən sonra bəyan edib ki, hazırda 2016-cı ildə irəli sürülən təkliflər müzakirə edilir. Lakin erməni tərəfi bunu inkar edərək, hər hansısa sənəd ətrafında müzakirə getmədiyini bildirib. Erməni tərəfi qeyd edib ki, tərəflər bir-birinin mövqeyinin aydınlaşdırılması və tanış olma prosesini davam etdirir. Hərbi siyasi məsələlər üzrə rus ekspert Vladimir Yevseyev bildirib ki, Lavrovun bu görüşlə bağlı təşəbbüsünün məqsədi ilk olaraq gərginliyin azaldılmasına yönəlib. O qeyd edib ki, istənilən həmsədr ölkə keçmişdə əldə edilən razılaşmalar ətrafında irəliləyişə nail olmağa çalışır. Rusiya isə prosesdə daha çox nəticə əldə etmək istəyir: “Çox layihələr var. Məsələn, yenilənmiş “Madrid prinsipləri”, məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri buna dəstək nümayiş etdirib. Bölgəyə dair istənilən məsələ müzakirə edilmədən öncə gərginliyin azaldılması vacibdir. İndiki vəziyyətdə ərazilərin qaytarılmasına dair məsələnin gündəliyə daxil edilməsi üçün hələ çox iş görülməlidir”. Moskvanın bu prosesdə uzunmüdddətli layihəyə malik olub-olmamasına da toxunan Yevseyev qeyd edib ki, Rusiya tərəfi yenilənmiş “Madrid prinsipləri” ilə razıdır: “Həmsədrlər bu layihəyə tərəfdar olub”. Onun sözlərinə görə, beynəlxalq vəziyyət də bu məsələnin həllində önəm daşıyır. Moskva görüşündən sonra, qeyd olunduğu kimi, indi də Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulur. Bunun nə məna daşıdığını Yevseyev belə izah edib: “Moskva hər hansı bir tədbiri keçirdikdə, məsələn, Əfqanıstan münaqişəsinin həlli üzrə iclas keçirdiyi anda Vaşinqton fikirləşir ki, nə üçün bu tədbiri ilk öncə Amerika tərəfi keçirməyib. Artıq bu məsələnin beynəlxalq əlaqələrlə heç bir bağlantısı yoxdur. Buna görə Rusiyanın belə bir təşəbbüslə çıxış etməsindən sonra Amerikanın da bu cür tədbirə əl atması artıq təbii haldır”. Bununla belə, ekspert vurğulayır ki, Rusiyaınn münaqişənin həllinə təsir imkanları çoxdur və Moskva hansısa nəticənin əldə olunmasında maraqlıdır.
Beynəlxalq məsələlər üzrə digər ekspert Yevgeni Mixaylov da eyni mövqeni bölüşür. O, Qarabağ məsələsi ilə həm də Rusiyanın Ermənistana dərs vermək niyyətinin mövcudluğunu da gizlətmir: “Ermənistanın milli maraqlarına və Rusiya ilə siyasi əməkdaşlığa sadiqliyini sübut edən siyasi rəqibləri təqib etmək olmazdı. Paşinyan isə hakimiyyətə gələrkən öz siyasi rəqibləri olan və Moskvaya bağlı şəxslərə qarşı cinayət işi açdırıb. Rusiya prezidentinin bunu asanlıqla bağışlaması inandırıcı deyil. Bundan əlavə, ABŞ nümayəndə heyətinin İrəvanda Ermənistana kömək vəd etməsi və nümayəndə heyəti tərəfindən uydurma demokratik islahatların dəstəyinə söz verilməsi Rusiya üçün qıcıqlandırıcı bir faktordur. Açıq görünür ki, Paşinyan rəsmi Moskvaya sübut etməyə çalışır ki, onun əlində Ermənistanın taleyinə ciddi təsir göstərə biləcək real bir seçim var. Odur ki, rəsmi Moskva ya İrəvana ciddi təsir göstərməlidir, ya da ABŞ-ın Ermənistanı NATO-nun forpostuna çevirməsini izləməlidir. Mənim fikrimcə, yaxın zamanlarda buna heç kim yol verməz. Tezliklə hadisələrin inkişafı ilə Ermənistanın qarşısına bir sualın qoyulmasına şahid olacağıq: ya bizimləsiniz, ya bizə qarşı. Məhz bu hal da Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək və nazirlərin Moskva görüşü bu xüsusda atılan növbəti addımlardan biridir. Onun davamı gələrsə, Moskva Qarabağ məsələsinin həllində hansısa yenilik əldə edə biləcək”. Ekspert vurğulayır ki, belə vəziyyətdə Ermənistana dinc şəkildə ərazilərin bir hissəsinin qaytarılması üçün təzyiqlərin olması gözləniləndir. Əks təqdirdə Rusiya Azərbaycanın hərb müstəvisində Ermənistanı əzməsinə lazımi imkan yaradacaq, daha doğrusu, savaşa göz yumacaq.
Maraqlıdır ki, verdiyi gurultulu bəyanatlara rəğmən, Paşinyan özü də Rusiya ilə ciddi problemlər yaşadıqlarını bildirir. O, “civilnet” saytına müsahibəsində etiraf edir ki, Moskva İrəvana inanmır: “Mənim Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərim var, lakin Ermənistanın digər məmurlarına qarşı inamsızlıq mövcuddur. Mən çox aydın danışmaq istəyirəm. Bəli, sirr deyil ki, Rusiya elitasında Ermənistanda baş verənlərlə bağlı problemlər mövcuddur. Hakimiyyətə gələnlər keçmişdə siyasi müxalifət və aktivistlər olublar. Onlar vətəndaş sektorunda yerləşməyə məcbur idilər, çünki keçmiş hökumət onlarla əməkdaşlıq istəmirdi. Vətəndaş sektoru beynəlxalq təşkilatlar, o cümlədən Rusiyada pis qəbul edilən qurumlar tərəfindən maliyyələşdirilirdi. Bu səbəbdən biz tez-tez inamsızlıq görürük və mən əminəm ki, bu inamsızlıq zamanla ləğv olunacaq”. Lakin proseslərin gedişi Rusiyanın Paşinyana inamının əslində tam tükənməkdə olduğunu göstərir. Məhz bu durumda Moskvanın İrəvana dəstəyi də sürətlə azalır. Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer də təsdiq edir. O bildirib ki, münasibətlərdə hələ də gərginlik və qarşılıqlı inamsızlıq var: “Dəqiq desək, inamsızlıq qarşılıqlı yox, birtərəflidir. Moskva Paşinyan hökumətinə etibar etmir. Bu vəziyyət Qarabağ münaqişəsinə də təsir edir. Belə situasiyalarda əvvəl-axır nə isə başlayır. Proseslər göstərir ki, Azərbaycanın indi silahlanma sahəsində üstünlükləri var və bu üstünlük hələ də davam edir. Başqa problem isə odur ki, bu konflikt sonsuza qədər belə davam edə bilməz. Nəticə olmasa savaş qaçılmazdır”.
Burada geosiyasi amillərə də xüsusi nəzər salmaq lazım gəlir. Məsələ burasındadır ki, Qərb və Rusiya arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Kremlin Azərbaycan, Türkiyə kimi ölkələrlə əlaqələrin dərinləşməsinə ehtyiacı daha da artır. Rusiyaya indiki şəraitdə daha böyük yük olan Ermənistana görə isə Kreml adları çəkilən ölkələrlə əməkdaşlığın genişləndirilməsini dayandırmaq niyyətində deyil. Elə bunun nəticəsidir ki, Rusiya Türkiyəyə Suriyada hərbi əməliyyatları istədiyi formada həyata keçirməsi üçün bütün imkanları tanıyıb. Bu mənada, Qarabağda da Azərbaycanın hərbi əməliyyatlara başlaması, hətta bu məsələdə Türkiyədən müəyyən yardımlar ala bilməsinə Moskvanın hansısa müqavimət göstərməsi gözlənilmir. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Qarabağ münaqişəsinin həlli istiqamətində geosiyasi müstəvidə tamamilə yeni bir vəziyyət yaranır. Bu vəziyyətdə Azərbaycanın mövqeləri güclənməyə doğru getdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Hesab edilir ki, yaranmış vəziyyətdə real addımlar atılması Qarabağ münaqişəsinin dinc müstəvidə həllini tezləşdirə bilər. Bu da bölgədə maraqlı qüvvələrin, o cümlədən Rusiyanın özünün maraqlarına tam cavab verir. Əks halda, yuxarıda qeyd olunduğu kimi, Moskva Azərbaycanın hərbi əməliyyatlara start verməsinə hansısa formada müqavimət göstərəmyəcək.
Maraqlıdır ki, Ermənistanda da hadisələrin məhz bu səpkidə inkişaf edə biləcəyindən ciddi narahatlıq ifadə olunur. Məsələn, “Sputnik Ermənistan”a müsahibəsində “DQR prezidentinin” məsləhətçisi Tiqran Abramyan bu xüsusda bildirir: “Dağlıq Qarabağ münaqişəsi zonasında nisbi sakitlik qalır, ancaq vəziyyət istənilən vaxt dəyişə bilər”. Onun sözlərinə görə, Azərbaycan indi çox intensiv silahlanır və siyasi qərar qəbul ediləndən sonra uzun müddət gözləmək lazım gəlməyəcək: “Bakı öz arsenalını aktiv şəkildə yeniləyir, yeni silahlar da alınacaq. Bundan başqa, vaxtaşırı hərbi təlimlər və başqa hərbi tədbirlər keçirilir, mühəndis-istehkam işləri aparılır”. Abramyan Azərbaycan ordusunun gücünü və yüksək döyüş hazırlığını etiraf edib. O qeyd edib ki, vaxtaşırı təmas xəttinin müəyyən dərinliyində Azərbaycanın hərbi gücləri və hərbi texnikasını görmək olar. Bu fonda həmin texnikadan intensiv hərbi əməliyyatların gedişində istifadə erməni tərəfi üçün yaxşı heç nə vəd etmir.
Ekspertlər hesab edir ki, məhz bu durumda Ermənistan artıq danışıqlar prosesində nəticəsi olan addım atmaqla savaşı əngəlləyə bilər. Özü də burada İrəvan nəzərə almalıdır ki, indi böyük güclər də bu məsələdə nəticə əldə olunmasında Azərbaycanın mövqeyini müdafiə edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.