Özünü lider sayan hər bir kəsin siyasi döllü və ya dölsüzlüyü kompleks olaraq üç istiqamətdə göstərilən fəaliyyətlərin ortaya qoyduğu nəticə ilə müəyyən edilir. Bunlar kütləvi siyasi təsir aksiyalarının təşkili, kənar ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması və yazılı-şifahi ritorikaların aparılmasıdır. Bir çox ölkələrin və siyasətçilərin tarixinin və mübarizəsinin təhlili, nə qədər çətin olsa da, göstərilən hər üç istiqamətdə kompleks olaraq nəhəng nəticələr əldə etmiş şəxsiyyətlərin olduğunu göstərir. Elə nümunələr də var ki, həmin fəaliyyət istiqamətlərinin sadəcə imitasiyası ilə məşğul olurlar. Əslində isə belələri nə təsirli aksiyaların təşkilində, nə də qlobal-dünyəvi əlaqələr qurmaqda heç bir ciddi nəticəyə çata bilmədikləri üçün əlacsızlıqdan yazılı və şifahi ritorikanın qulpundan yapışır, sadəcə adi ekspert pilləsinə yuvarlanırlar: AXCP sədri Əli Kərimli kimi...
Başqa bir Azərbaycan siyasətçisi barədə belə bir populyar və qanadlı fikir illərdi ictimai rəydən çıxmır: “O, siyasətdə çox uzun yol gedəcək, lakin nəticəsiz və mənasız bir siyasi ömür yaşayacaq”. Bu fikir AXCP sədri haqqında məxsusi deyilməyib. Ancaq bir sıra tutarlı əlamətlərinə görə ona bundan yaraşıqlı ictimai fikir dəyərləndirməsi tapmaq mümkün deyil. Siyasətdə uğursuzluğu, nəticəsizliyi, mənasız inadkarlığı, hətta şəxsi ləyaqət hissinə lazımi önəm verə bilməməsi kimi göz qabağında olan xüsusiyyətlər AXCP sədrinə verilən ictimai qiymətin əsasına çevrilir. Azərbaycanın siyasi tarix mətbəxinə az-çox bələdçiliyi olanlar Əli Kərimlinin digər siyasi personalarla tez-tez dəyişilən şəxsi münasibətlərinə dair yəqin çox faktlar xatırlayırlar. İsa Qəmbər, Etibar Məmmədov, Mirmahmud Mirəlioğlu və digərləri ilə dəyişkən münasibətlərə dair yüzlərlə fakt məlumdur. Yəqin çoxlarının yadındadır ki, ADP sədri Sərdar Cəlaloğlu hələ 2000-ci illərin başlanğıcında AXCP sədri barədə hansı qeyri-senzuralı fikirləri deyirdi və yazırdı. Bu fikirlərin həqiqət olub-olmadığını bir kənara qoyaraq onun üzərində dayanmağı vacib sayıram ki, qəbuledilməz sözlərdən bir neçə həftə və ya bir neçə ay sonra Əli Kərimli ya Sərdar Cəlaloğlunun yanında, ya da tədbir keçirmək üçün ADP-nin qərargahında peyda olurdu. Məhz belə məqamlarda bir çoxları siyasətdə hansı məqsədin şəxsi şərəf və ləyaqətdən üstün ola biləcəyi sualına cavab axtarışlarına baş vurmaq zorunda qalırdı. Səni söyüb təhqir edən adamın qapısına getmək şəxsi ləyaqətə hörmət nümunəsi sayıla bilməz və heç bir siyasi hədəfi əsas götürməklə buna haqq qazandırmaq da olmaz.
Hesab edirlər ki, o, meydanda yeganə müxalifət lideri kimi qalıb...
Yəqin ki, Əli Kərimli və çevrəsindəki şəxslər bu gün onu müxalif təşkilat rəhbərlərinin arasında ən güclüsü, inamlı və perspektivlisi sayırlar. Hesab edirlər ki, o, meydanda yeganə müxalifət lideri kimi qalıb. Dərindən yanaşanda, deyilənlərdən çox fərqli sadə bir mahiyyət fərqinin olduğunu görürük. Fərqli mahiyyət AXCP sədrinin bu gün meydanda yeganə müxalifət lideri kimi qalması yox, cəmiyyətin əsaslı dəstək vermədiyi və mümkün qədər uzaq durmağa çalışdığı təklənmiş, yalqız bir müxalifət personasına çevrilməsidir. Siyasi mübarizədə şərəfli məğlubiyyətin özü də bir sonluqdur. Nə yazıq ki, belə sonluğu mərdanə şəkildə qəbul etmək xoşbəxtliyini heç də hamı özünə rəva görə bilmir. Yazı-pozunu dayandırmış bir məşhur yazıçıdan “nə üçün daha yazmırsınız” deyə soruşanda belə cavab verib:”Mənim oxucularım artıq ölüb”. Sənətdən, peşədən vaxtında getməyin bundan müdrik və şərəf gətirən ifadəsi ola bilməz. İsa Qəmbər, Etibar Məmmədov və bəzi başqaları məhz təklənməmək, yalqız qalmamaq üçün aktiv siyasi mübarizə meydanlarından çəkilməyi doğru hesab etdilər. Ya oxucusu ölmüş yazıçı kimi, ya da gələcək oxucularını gözləyən guşəyə çəkilmiş yazıçı kimi... Yıxılmış güləşçinin künəsi yerdən doymadığı kimi, Əli Kərimli də kürəyi yerdə süründükcə aqressivləşir, müdrik nümunələrdən dərs götürmür ki, götürmür...
Əli Kərimlinin qrupunun içində olduğu yanlış və qeyri-real düşüncələrdən biri məlum fəaliyyətlərini guya xalqın mənafeləri naminə etdiklərinə inanmaqlarıdır. Əslində ortada xalq mənafeyi deyilən nəsnənin olmadığını tutarlı şəkildə sübut edən məntiq və tezislər var. Xalq, cəmiyyət bu qədərmi nankor oldu ki, onun mənafeyi üçün vuruşduğunu iddia edən siyasi personanı meydanlarda ən yaxşı halda 2-3 min etirazçının əhatəsində köməksiz, yalqız buraxdı?! Xalq üçün vuruşduğunu iddia edən kəs xalqın belə müdafiəyə ehtiyac hiss etdiyini soruşdumu? Xalqın bu gün Bakının küçələrində təpikləşmə-şillələşmə formasında müdafiələrə ehtiyacı varmı? Varsa, o zaman niyə belələrindən mümkün qədər uzaq durmaq istəyir, nəinki dəstəkləmək... Xalq bu gün Əli bəy kimi uzun, ancaq nəticəsiz və perspektivsiz yol gedən siyasətçilərə dəstək vermədiyi, inanmadığı üçün ona və onun kimilərə sanballı beynəlxalq siyasi dairələrdən dəstək də yoxdur. 2004-cü ildə Tiflisin küçələrində aksiya keçirən Saakaşviliyə o zamankı ABŞ prezidenti Buşun telefon açdığını yəqin ki, xatırlayırsınız. Buşu bu jestə sövq edən tək Saakaşvili yox, onun adına meydana yığışmış yüz minlərlə insanın gücü idi. İndiki ABŞ prezidenti Tramp Ukrayna prezidenti Zelenskiyə, Liviyanın ən böyük siyasi gücünə çevrilməkdə olan admiral Xəlifə Haftara telefon açmasına da eyni məntiqlə yanaşmaq lazımdır. Əli Kərimliyə, dünyanın dövlət liderləri bir yana qalsın, hakim siyasi partiya liderləri bir yana qalsın, hətta kiçik partiya rəhbərlərinin belə telefon açdığına dair nümunə yoxdur. Hətta Bakıdakı səfirlər, diplomatik korpus rəhbərləri görüşə, danışığa hər hansı maraq göstərmirlər. Çünki qarşılarında güc görmürlər, Əli Kərimli Azərbaycan dilindən başqa dil bilmir, küçə-meydan aksiyalarının və seçki proseslərinin təşkilində heç bir güc nümayiş etdirə bilmədiyinə görə yazılı və şifahi ritorika ilə məşğul olan sıradan bir siyasi ekspertə çevrilib, vəssalam...
Elçibəylə İsa Qəmbərin gərgin münasibətlərinin kökünü məhz Əli Kərimlinin...
İllərdir Əli Kərimlinin adının üstündə qarabaqara onu izləyən xəyanətkar və xəyanətə meyllilik yarlığı xüsusi yanaşma tələb edir. Yarlığın reallıqla əlaqəsi olmayan adicə uydurma olduğunun sübutuna yönəlmiş çoxillik səylər nəticə vermir. Çünki faktlar var. Xalq Cəbhəsi hakimiyyətinin iki populyar fiquru olan Elçibəylə İsa Qəmbərin gərgin münasibətlərinin kökünü məhz Əli Kərimlinin qayda tanımayan oyunlarının nəticəsi sayanlar hələ yaşayır. Bu insanların heç də haqsız olmadığına sübutlar var. Belə ki, Əli Kərimli hələ o dövrdən özünü hərəkat lideri Elçibəydən və onun sağ əli İsa Qəmbərdən üstün hesab edən örtülü ambisiyalara sahib idi. Açıq-aşkar onların hər ikisinə qarşı mübarizə aparmaq və üstünlüyünü göstərmək gücünə malik olmadığı üçün başqa taktika seçdi: Elçibəylə İsa Qəmbərin arasını vurmaqla onları daimi münaqişə vəziyyətinə gətirmək. Seçilmiş taktika öz nəticəsini verdi. Elçibəy və İsa Qəmbər düz bir il eyni komandanın ayrı-ayrılıqda iki başı kimi göründü, İsa Qəmbər öz siyasi partiyasını formalaşdırana qədər (o vaxt hələ Müsavat Partiyası yox idi – A.Q) parlament seçkilərinin keçirilməsinin təxirə salınmasına nail oldu, AXC iqtidarı 93-cü ildə hakimiyyətdən gedəndən sonra Elçibəylə İsa Qəmbərin “bir adam” olmadıqları tam görüntü ilə üzə çıxdı, hər kəs öz yolu ilə getdi və ulduzları heç vaxt barışmadı. Çünki intriqanı kökdən alovlandıran şəxs mərhum Elçibəyin düz bir addımlığında mövqe tutmuşdu. Əbülfəz bəy siyasətdən fiziki olaraq gedəndən sonra Əli Kərimlinin İsa Qəmbərə qarşı əl-qolu açıldı, bir vaxtlar AXC iqtidarı daxilində hətta Elçibəyə qarşı çevrilmiş örtülü siyasi oyunlarını sərbəst şəkildə aparmaq imkanı əldə etdi. AXC iqtidarının cəmi bir il yaşamasına səbəb olmuş yarıtmaz və tənəzzül siyasətinin əsas müqəssirlərindən biri Dövlət katibi postunu tutan Əli Kərimli oldu.
2000-ci ilin parlament seçkilərindən qabaq müxalifətdən mandat almış deputatların Milli Məclisə getməməsi barədə saziş olsa da, bu sazişi ilk Əli Kərimli pozdu. İsa Qəmbərə yaxın mətbuatın guya onun barəsində yanlış, böhtan yazdığını əsas gətirərək sazişi həmən pozdu və 4-5 nəfər partiyadaşı ilə birlikdə parlamentə, üstəlik, AŞPA-ya getdi. İndi barışmazlıqla mübarizə apardığı hakimiyyətin o zamankı parlamentində mandat sahibi olmaq Əli bəyin şəxsi maraq oyunlarına uyğun idi. 2003-cü ilin prezident seçkilərində yanbayan hakimiyyət-komanda ortağı olmuş İsa Qəmbərə yox, Etibar Məmmədova dəstək verməsini də demokratiya naminə gediş yox, şəxsi ambisioz planlara uyğun manevr saymaq olar. Bu kimi deyilən və deyilməyən faktların qarşısında AXCP sədrinin adının üstündən siyasi etibarsızlıq və xəyanət yarlığının silinməsinə yönəlmiş çoxillik səylərin nəticə verməməsi çox təbii görsənir.
Əli Kərimli təəssübkeş dövlətçi yox, adi qisasçı təfəkkürdə olduğu üçün...
Əli Kərimlinin yazılı və şifahi siyasi ritorikalarını izlədikcə qarşıya çıxan başqa bir məqama da toxunmaq lazımdır. Bu gün Azərbaycanda hər şeyi qara rəngdə görmək, heç bir pozitiv görüntü qeydə almamaq, hakimiyyətin birmənalı və yalnız barışmaz ittihamçısı rolunu oynamaq öz yerində... Bütünlüklə xaricdən Azərbaycanın əleyhinə çevrilmiş təmayül və hadisələrə biganəlik, onlara toxunmamaq xüsusi söz-söhbətlər üçün əsas verir. Əli Kərimlinin təəssübkeş dövlətçi yox, adi qisasçı təfəkkürdə olduğunu iddia edərək onun öz övladlarını xarici ölkələrdə saxlamasına fakt kimi söykənənlərin əlinə daha ağır və çəkili arqumentlər düşür. Qərb ölkələri Krımın ilhaqına görə Rusiyaya sanksiyalar tətbiq etdikləri halda oxşar ilhaq faktına görə Ermənistanın təcavüzkarlığına susdular, Əli Kərimli də onlara qoşularaq susdu, bu mövzuya toxunmadı. Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyanda, İsrailin işğal edilmiş Suriya torpaqları üzərində suverenliyini tanıyanda da Azərbaycan radikalları, içi Əli Kərimli qarışıq, sükuta daldılar, “gözəl bir gündə” işğal edilmiş Qarabağın üzərində işğalçının suverenliyinin tanına biləcəyi təhlükəsinə göz yumdular. Sabah BMT Təhlükəsizlik Şurasıının Dağlıq Qarabağla əlaqədar 4 qətnaməsinin niyə yerinə yetirilmədiyinə dair məsələ qaldırmağa Əli Kərimlinin və qrupunun nə dili, nə də mənəvi haqqı qalacaq. Çünki həmin Təhlükəsizlik Şurasının Qüds və Colanla bağlı qətnamələrini ayaqlar altında tapdalayanlara bir kəlmə də olsun, əks fikir yazmadılar. Çünki ortada Trampın və ondan sonra gələcək prezidentlərin Əli Kərimlinin hakimiyyət perspektivlərinə mane ola biləcəklərinə oxşar mücərrəd və əslində Azərbaycana düşmən mahiyyətli qorxu hissi var...
AXCP sədrinin ritorikalarının əbədi mövzularından biri torpaqları işğal etmiş Ermənistan rəhbərlərinin siyasətini bir kənara qoyaraq, təkcə Azərbaycan hakimiyyətini ittiham etməkdir. İttiham subyektlərinin sırasında Ermənistanın siyasəti və rəhbərləri niyə yoxdu? Gizli gələn maliyyə kanallarının dünya erməni lobbisinə bağlı mərkəzlərdən, fondlardan gəldiyi barədə iddialar bu yerdə bir az da möhkəmlənir. Möhkəmləndirici arqumentlərin sırasında bəzi beynəlxalq təşkilatların Azərbaycan barədə qəbul etdikləri açıq-aşkar qaralayıcı, qərəzli sənədlərinin bəh-bəhlə qarşılanmasıdır, həm də bilə-bilə ki, bu tip sənədlərin arxasında Azərbaycanı zəif və müti duruma düşürməklə Qarabağ probleminin hər cür həllinə hazırlamaq kimi məqsəd güdən ermənipərəst dairələr də var. Belə sənədlərin qəbul olunmasına bizə düşmən beynəlxalq mərkəzlər bir cür dəstək verir, Əli Kərimli Avropada cəmlənmiş bəzi mühacir qrupları yönəltməklə başqa cür dəstək verir. Dəstək isə dəstəkdir...
Hərəkat düşərgəsində Əli Kərimliyə antipativ – emosional münasibətin kökü...
Bu gün Azərbaycan siyasətinin şəxsi-emosional müstəvidə aydın görünən fenomenlərindən biri sıravi müsavatçılar, digər hərəkat partiyaları və AXCP-nin özündən ayrılmış partiya üzvləri arasında Əli Kərimliyə şəxsi antipativ münasibətin mövcudluğudur. Bir vaxtlar eyni komandada olmuş bu şəxslərin antipativ davranışları tək onunla bağlı deyil ki, Əli Kərimli siyasi rəqabətdə İsa Qəmbərə güzəşt etməyib və həmişə ona boy göstərib. Köklər daha dərindədir. Əli Kərimlinin hərəkat içindəki tək özünə münasib “Yurd” oyunları, AXC iqtidarı daxilində Elçibəy-Qəmbər birliyini şikəst etməsi, Elçibəyin Heydər Əliyevlə daha konstruktiv siyasi müxalifətçilik platformasına maneçilik törətməsi, AXCP-nin bir partiya olaraq neçə yerə parçalanması ilə bağlıdır. Bu gün də həmin eqoist siyasətin davamı olaraq tərəfdarları hətta müsavatçıların, digər partiya üzvlərinin qatıldığı mitinqlərdə Əli Kərimlini müxalifətin “ən güclü və şəriksiz lideri” kimi qələmə verməkdədirlər. Onlar AXCP sədrini hər cür siyasi tələ və labirintlərlərdən sağ-salamat çıxmağa müvəffəq olmuş guya bacarıqlı lider kimi qələmə verdikcə, müxalif düşərgənin digər nümayəndələrinin gözündə Əli bəyin öz müttəfiq və tərəfdaşlarına qarşı gizli oyunlar aparan, ona münasib olmayan hər kəsi yarı yolda qoyan, hətta Elçibəy kimi təşkilat lideri əleyhinə iradə göstərən, xəyanət ştrixlərinə malik portreti canlanır.
Siyasi portreti göstərilən mənəvi-psixoloji və praktik cizgilərə malik personanın vətənpərvərlik duyğuları və əsl dövlətçilik şüurunun daşıyıcısı olduğunu söyləmək isə mümkünsüzdür. “Yurd”un xəyanət və sürüşkənlikdən doğan siyasi oyun ssenarilərinin qurbanı tək Elçibəy yurdu olmadı. Ölümə də getməyə hazır minlərlə gəncin demokratiya və dövlətçilik idealı alt-üst oldu, həbsxanalarda çürüdü, cəlayi-vətən olub Avropanın küçələrinə səpələndilər, hakimiyyət perspektivi həmişəlik itirildi, vətənpərvərlik duyğuları komik günə qoyuldu. Tək bir nəfərin – Əli Kərimlinin xüsusi bir istedada söykənməyən siyasi dölsüz ambisiyaları naminə...
Aydın QULİYEV