Dünyanın ən nüfuzlu və mötəbər təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi yanlışlığa yol verib. Qurumun müəyyənləşdirdiyi prosedura görə, BMT üzvü olan hər bir ölkənin illik hesabatını qəbul edir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma "Dağlıq Qarabağ Respublikası"nın “hesabatının” BMT-nin saytında yerləşdirilməsinə nail olub.
Məlum “sənəd” “rəsmi hesabat” statusunda 6 dildə yayılıb. Hər halda, bu, Ermənistanın təxribatı olsa da, buna BMT tərəfindən şərait yaradılıb. Necə ola bilər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamənin müəllifi olan BMT "Artsax" adı ilə hansısa “hesabatı” qəbul edir?
Artıq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin də “hesabatını” BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi və bu sənədlərin BMT rəsmi səhifəsində yayıldığı ilə bağlı məlumatlara münasibət bildirib. L.Abdullayeva deyib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz. Onun sözlərinə görə, mətbuatda məlumatı təqdim edərkən onun dəqiqliyinin yoxlanılması vacibdir:
"Ermənistan KİV-in bir çox hallarda müəyyən mövzuları öz maraqlarına cavab verəcək şəkildə təqdim etdiyinin dəfələrlə şahidi oluruq. Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edir. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq, təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır".
BMT-də Ermənistan nümayəndəliyi tərəfindən yayılan sənədə gəldikdə isə, L.Abdullayeva bildirib ki, bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb: "Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilmiş və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olumuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilmişdir".
İstənilən halda, BMT kimi mötəbər qurum bu cür yanlışlıqlara görə məsuliyyət daşıyır. Qurumun kifayət qədər ciddi mahiyyətə malik olan məsələyə belə səhlənkar münasibəti təsadüfdür, yoxsa...
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzuya bir qədər obyektiv və kompleks şəkildə yanaşmaq lazımdır: “Birincisi, həmin “hesabat” rəsmi xarakter daşımır və BMT-nin mövqeyini əks etdirmir. Yayılan “sənəd”lə tanış olsanız görərsiniz ki, orada tanınmamış qurumun “hesabatı” olduğu qeyd edilir. Yəni BMT öz prosedurlarına əsaslanaraq həmin sənədi dərc edib. Bu heç də Azərbaycana olan qərəzdən irəli gəlmir. Qurumun saytına baxsanız görərsiniz ki, başqa tanınmayan qurumların da müraciətləri yayılır. Bu birinci dəfə deyil ki, belə hallar baş verir. Biz maraqlanmışıq, BMT belə hallarla bağlı qadağa tətbiq edə bilmədiyini deyir. Belə olan halda, biz də adekvat cavablar verməliyik. Rəsmi etirazla yanaşı, həm də elə BMT-nin özünün müəyyənləşdirdiyi prosedurlara uyğun şəkildə mübarizə aparmalıyıq. Nəyə görə bizim Dağlıq Qarabağın Azərbaycan İcması adlı qurum məhz həmin səhifədə öz hesabatını dərc etmir? Heç bir halda, BMT həmin sənədin yayılmasına qarşı çıxmaz. Əgər dərc eləməsə, onda bizim deyiləsi sözümüz daha çox olar. Elə qaydalar var ki, biz onlara mütləq əmək etməliyik. Artıq belə hal son bir ildə üçüncü dəfədir baş verir. Mən öz hesabatlarımda bunu qeyd etmişəm. Bir qədər əvvəl Sərsəng su anbarı ilə bağlı müraciət etmişdilər. BMT ona edilən istənilən sənədi yaymağı öz hüququ hesab edirsə və bunun qadağan olunmasını mümkün saymırsa, onda biz elə həmin təşkilatın saytında impulsiv cavablar verməliyik”.
Politoloqun sözlərinə görə, biz onların yazdığından 10 qat artıq gücdə olan bir sənədi yerləşdirməliyik: “Bunu mən öz adımdan edə bilmərəm, Dağlıq Qarabağın Azərbaycanlı İcması etməlidir. Özü də hər vaxt erməni etdi, biz cavab verməməliyik. Bir çox məsələdə onları qabaqlamalıyıq. Sizi əmin edirəm ki, ermənilər görsə ki, bizim icma BMT-nin saytında fəallıq göstərir, qaçıb oradan gedəcəklər. Etirazdan çox, əməli işə keçməliyik. Qoy onlar daha çox bizim etdiklərimizə etiraz etsinlər. Bir daha xatırladıram ki, həmin “sənəddə” BMT-nin heç bir mövqeyi yoxdur. Ermənilər bunu BMT-nin bəzi qoşulmuş funksiyalarından yararlanaraq edirlər. “Sənədin” orada yerləşməsi BMT-nin onları dəstəkləməsi anlamına gəlmir. Yenə deyirəm, BMT bu məsələdə bir sənədi yayıb, digərini yaymasa, onda bizə qərəzli olduğunu ortaya qoymuş olar. Həmin “sənəddə” Dağlıq Qarabağdakı qondarma qurumu ayrıca “respublika” kimi təqdim etsəydi, bu olardı qərəz. Biz görürük ki, harda Dağlıq Qarabağ azərbaycanlıları irəliləyir, fəallıq göstərir, ermənilər həmin beynəlxalq təşkilatdan qaçırlar. Elə prosedurlar var ki, biz onu qadağan etmək gücündə deyilik. Ancaq bu o demək deyil ki, ermənilər nəsə etməlidir, biz cavab verməliyik. Qoy bizim icma bir sənədi yazıb yapışdırsın ora, görün sonrası nə olur? Əminəm ki, nəticə müsbət olacaq”.
Məhəmmədəli QƏRİBLİ