24/07/2019 05:12
728 x 90

PKK, “Əl-Qaidə”, İŞİD gələ bilmədi, “Hizbullah” Azərbaycana gələ bildi(?)...

img

ABŞ Dövlət Departamenti “Hizbullah”ın Azərbaycanda fəal olması ilə bağlı məlumat yayıb. Jurnalistlərə brifinq zamanı Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin koordinatoru Nathan Sayles deyib ki, Livanın hərbi birləşməsi və siyasi partiyası “Hizbullah”ın təsir dairəsi Yaxın Şərqlə məhdudlaşmır, onların nümayəndələri bir sıra dövlətlərdə fəallıq göstərirlər:

“Məsələn, şəbəkənin nümayəndələri Azərbaycanda aşkar ediliblər. "Hizbullah” şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır... “Hizbullah”ın keçmiş illərdəki fəallığı Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Panama, Peru və Tailand kimi ölkələrdə ortaya çıxıb”.

Əslində, koordinatorun hansı faktlara əsasən belə açıqlama verməsi çox maraqlıdır. Təbii ki, zaman-zaman Azərbaycanda terrorizmə bağlı olan bəzi elementlərin fəallaşması cəhdlərini görmüşük, lakin onların da qarşısı zamanında alınıb. Hətta həmin qrupların arasında belə “Hizbullah” nümayəndələrinə rast gəlinməməsi ABŞ-ın yaydığı xəbəri inandırıcı etmir. Onda isə ABŞ Dövlət Departamentinin “Hizbullah”ın Azərbaycanda fəal olması ilə bağlı söylədiklərinə ekspertlərin rəyini öyrənmək maraqlı olar.

  • Arzu Nağıyev: “Zənnimcə, burada əsas məsələ İranla bağlıdır”

Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun tam şəkildə belə olduğu qənaətində deyil: “Məlumdur ki, Azərbaycan terrorla mübarizədə daim ön planda olan dövlətlərdən biridir və bu istiqamətdə də xüsusi xidmət və hüquq-mühafizə orqanları daim mübarizə aparırlar. Hətta belə əlaqələr müəyyənləşəndə bununla bağlı müvafiq tədbirlər görülür. Maraqlısı odur ki, Azərbaycanın adını elə dövlətlərlə bir yerdə çəkirlər ki, çoğrafi cəhətdən belə uyğun gəlmir. Zənnimcə, burada əsas məsələ İranla bağlıdır. “Hizbullah”ın adı son vaxtlar Suriya, Rusiya və İranla daha çox çəkilir və məlum məsələdir ki, Böyük Britaniya tərəfindən də bu təşkilat terror təşkilatlarının siyahısına salınıb. Bu bəyanatı da məqsədyönlü saymaq olar. Buna görə də Azərbaycan heç vaxt öz ərazisində belə təşkilatların nümayəndələrinin olmasına şərait və ya imkan verməz. Dini radikal qurumlarla bağlı həbs edilən şəxslər arasında kimlərsə bu təşkilata üzv olduqlarını deyə bilərlər, lakin bu o demək deyil ki, onlar fəaliyyət göstərirlər. Bundan başqa, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində də separatçılar tərəfindən onların fəaliyyət göstərməsi inkar edilmir. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu da nəzərə alsaq, ABŞ koordinatoru Nathan Saylesin bəyanatında müəyyən həqiqət ola bilər”.

  • Tural İrfan: “Bu kimi təşkilatların ölkəmizdə fəallıq cəhdləri olub, lakin belə halların qarşısı dərhal alınıb”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Hizbullah”ın guya Azərbaycanda fəallaşması haqda deyilən fikirlərlə razılaşmır: “Azərbaycanda təhlükəsizlik tədbirlərli kifayət qədər təmin olunur. Bu cür fikirlərlə hesab edirəm ki, hansısa xarici maraqlı qüvvələr guya Azərbaycanda belə bir halın olmasını əsas gətirərək kiməsə təsir göstərmək istəyirlər. Ola bilsin ki, bu fikir İran faktoruna görə səslənib. İranla qonşu dövlətik, “Hizbullah”  da İrana bağlı bir təşkilatdır. Lakin bu əsas vermir ki, Azərbaycanda bu təşkilatın hansısa izinin olduğu bəyan edilsin. Təbii ki, zaman-zaman tək Hizbullah yox, digər bu kimi təşkilatların ölkəmizdə fəallıq cəhdləri olub, lakin belə halların qarşısı dərhal alınıb”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər