24/07/2019 05:11
728 x 90

1990-cı ilin aprelində Xankəndidə baş verənlərin şahidi olmuş qələm sahibi maraqlı faktlar açır

Qarabağda nəşr edilən və qondarma erməni soyqırımını təbliğ edən, millətlər arasında ədavət toxumu səpən “Sovetakan Karabax”ın nəşri necə dayandırıldı?

img

Sərtib İslamoğlu: “Viktor Petroviç, “Sovetakan Karabax” qəzetinin bütün nömrəsi millətlərarası ədavətə, azəri türklərinin təhqirinə həsr edilib. Böyük bir xalqı nalayiq sözlərlə təhqir edən yazılarla doldurulmuş bir qəzetin çapına icazə vermək olmaz”
Polyaniçko “qəzetin nəşri dayandırılsın” əmrini verdi

 

Yüz ildən artıqdır ermənilər bütün dünyaya tarixdə baş verməyən qondarma erməni soyqırımı haqqında yalan danışmaqla məşğuldurlar. Təəssüf ki, bu gün erməni yalanlarına şərik olanlar, onların daha geniş miqyasda yayılmasına dayaq duranlar da var. Atalarımız “yalan ayaq tutar, yeriməz” desələr də, erməni yalanı xərcəng sürətilə bütün dünyanı başına götürüb.

24 apreli ermənilər və ermənipərəst kəsimlər qondarma erməni soyqırımının ildönümü olaraq qeyd edirlər. Halbuki, tarixdə belə bir hadisə yaşanmayıb, ermənilər genosidə məruz qalmayıblar. Nəinki türklər, heç qeyri-türklər belə, ermənilərə “gözün üstə qaş var” deməyiblər. Əksinə, Birinci Dünya Müharibəsi və ondan sonrakı dövrlərdə ermənilər öz satqınlıq, xəyanətkarlıq əməllərini işə salaraq özləri başqa xalqlara qarşı genosidin (lərin) həyata keçirilməsində iştirak ediblər. Bunu tarixi faktlar da, sənədlər də, arxiv materialları da sübut edir. Saxta tarix yaratmağa meylli olan ermənilər isə nə arxivlərə, nə də faktlara söykənir, öz yalanlarını yaymaqla məşğul olurlar. Çünki gerçək tarixi faktlar, birmənalı olaraq, erməni saxtakarlığının əleyhinədir.

“Vedibasar” qəzetinin baş redaktoru, tanınmış qələm adamı Sərtib İslamoğlu (Məhərrəmov) ermənilərin Dağlıq Qarabağda, konkret olaraq Xankəndidə törətdiyi əməllər və o qara niyyətlərin qarşısının alınması ilə bağlı diqqətçəkən yazı ilə çıxış edib. “Aprel, 1990-cı il - Xankəndinin sirli günləri” yazısında S.İslamoğlu şahidi olduğu bir sıra hadisələri canlandırıb.

Aprel, 1990-cı il - 20 Yanvar faciəsindən üç ay sonra...

Həmin dövrdə Azərbaycan Nazirlər Kabineti yanında Mətbuatda Dövlət və Hərbi Sirləri Mühafizə Edən Baş İdarənin rektoru işləyən Sərtib İslamoğlu qeyd edir ki, 1990-cı il ilin əvvəlləri idi. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hamısı ata-baba yurdlarından zorla çıxarılmışdılar: “Bütün Azərbaycan Dağlıq Qarabağ hadisələri ilə əlaqədar ağır günlərini yaşayırdı. Həmin dövrün siyasi dolanbaclarından heç də hamı düzgün nəticə çıxara bilmirdi. Həmin illərdə Azərbaycan Nazirlər Kabineti yanında Mətbuatda Dövlət və Hərbi Sirləri Mühafizə Edən Baş İdarənin rektoru işləyirdim. Xankəndidə fəaliyyət göstərən Respublika Təşkilat Komitəsinin tərkibində erməni dilini bilən mütəxəssisə ehtiyac vardı. Bununla əlaqədar rəhbərlik mənim getməyimin vacib olduğunu dedikdə tərəddüd etmədən razılığımı bildirdim. Bir müddət orada işlədim. Hadisələr gözlərimin önündə baş verib. Bu günün prizmasından həmin günlərə nəzər yetirməklə birbaşa iştirakçısı olduğum hadisələr haqqında oxucularda düzgün təsəvvür yaratmaq istəyirəm.

Bakı-Xankəndi qatarı sonuncu dayanacağını Ağdamda elədi. Dəmir yolunun Dağlıq Qarabağ ərazisindən keçən hissəsi təhlükəli olduğu üçün, erməni quldurlarından ehtiyat edildiyinə görə qatar sonadək gedə bilmədi. Taksiyə oturub Ağdamdan hərbi komendantlığa getdim. Yolda sürücüdən vəziyyəti soruşdum. Dedi ki, dünən ermənilərdən 70-dən çox top tutulub. Ağır xəbər idi. Ətraf rayonlardan səfərbər edilmiş iri traktorları Ağdam RPK-nın qarşısına toplamışdılar. Topları gətirməyə gedəcəkdilər.

Biz hərbçilərin nəzarəti altında Xankəndinə yola düşdük. Maşında MK-nın işçisi, Səhiyyə Nazirliyinin nümayəndələri də vardı. Əsgəran rayonundan keçirdik. Yolun sağında-solunda qırmızı lalələr bitmişdi. Mənə elə gəldi ki, namərd gülləsindən öldürülən ağdamlı qardaşlarımız balaları Əli və Bəxtiyarın qanıdır, yerdən göyərib. Həqiqətən də Vətən uğrunda qanını verən, ölən varsa, Vətəndir. Bir də mənə elə gəldi ki, bu qırmızı lalələr doğma Qarabağımıza doğru uzanan pis niyyətlərə, bəd əməllilərə qadağan işarəsi verirdi.

Respublika Təşkilat Komitəsinə təqdim olundum. İlk göstərişləri aldım. İlk baxışdan bir məsələ aydın idi ki, iş çox mürəkkəb və çətin bir şəraitdə gedir. 23 aprel 1990-cı il vilayətin mərkəzi “Sovetakan Karabax”, “Xorhdayin Karabax”, - “Djraberd” (Mardakert r.), “Dizak” (Qadrut), “Aşxatank” (Martuni) rayon qəzetlərinin son nömrələrini oxudum. Demək olar ki, hər nömrədə “ana Ermənistanla” yenidən birləşmək ideyası əsas xətt kimi verilir. Vilayətdə fövqəladə vəziyyətin

yaradılmasına, silahların yığılmasına qarşı açıq etiraz edilir. Əsas məqsədləri milli ədavəti yaymaq, barışmazlığı təbliğ etməkdir. Sözün açığı, bu qəzetlərin Sovetlər ölkəsində çap edildiyinə, partiya orqanları olduğuna inanmaq çətindir (Deməzsən, işlər başı elə Sovetlər ölkəsinin özü imiş).

Bu gün qəbul otağına yaşlı bir qadın gəlmişdi. Hadisələrə qədər Sumqayıtda yaşayıb. Nəvəsinə çatacaq uşaq pulunun il yarımdır verilmədiyini dedi. Səbəbini soruşduq. Cavab verməmişdən əvvəl ehtiyatla qapıya, pəncərəyə baxdı. Yavaş səslə dedi:

- Nəvəmin atası azərbaycanlıdır. Nəvəm hadisələrdən bir neçə ay əvvəl doğulmuşdur. Adını da Anar qoyduq. İndi burada uşağın pulunu vermirlər ki, bəs, uşağın adı niyə azərbaycanlı adıdır. Bizdə bir “Amaras” adlı xeyriyyə də var. Kasıblara, əl-ayaqda qalanlara əl tutur (qadın bu üzdəniraq cəmiyyətin əsl fəaliyyət dairəsini, ya həqiqətən bilmirdi, ya da...) “Amaras” da uşağa pul vermir. Deyir ki, gedin uşağın adını dəyişin, sonra. Mən qadının danışığında nə isə bir səmimilik duydum. İş yoldaşlarımdan üzr istəyib, qadınla onun öz dilində danışdım. Soruşdum ki, bu hadisələrin səbəbini o, sadə bir insan nədə görür, kimdir günahkar? Qadının cavabını olduğu kimi verirəm:

- Mən Azərbaycan çörəyi ilə böyümüşəm. Yalan danışsam, burnumdan gələr. Bunlar (əli pəncərədən bayırı göstərir, yəni ermənilər – S.İ.) Qarabağı istədilər, burada (Xankəndi – S.İ.) mitinq elədilər. Başa düşmədilər ki, türklər (bütün ermənilər kimi, o da azərbaycanlıları belə çağırırdı) sənə bir metr də torpaq verməzlər. Sonra 200 min türkü Ermənistandan qovdular. Ağdamlı iki oğlanı öldürdülər, sonra da Sumqayıt hadisəsi oldu.

Mən soruşdum ki, sən bu sözləri evinizdə, avtobusda, bazar-dükanda, beş adamın yanında deyə bilərsənmi? Qadının rəngi qaçdı. Əlini sinəsinə qoydu:

- Nə deyirsən, bala, onda biz nəsillikcə gərək həyatımızda keçmiş olaq.

Məsələ aydın idi. Bu yaşlı qadın da minlərlə o biriləri kimi mənəviyyatca girov götürülmüşlərdən idi.

Mardakert rayonundan bir müəllimin dedikləri də yəqin ki, oxucular üçün maraqlı

olar:

- Gəlib-gedən quldurları bizim də görən gözümüz yoxdur. Biz əliqabarlı, sadə camaatın bu işlərdə heç bir günahı yoxdur. Bizim bu münasibətimiz Mardakert rayonunun DİŞ-nin rəisi Ovakimyanın ürəyincə deyil. Mən ürək sözlərimi, fikrimi onun atasına da demişəm. Həmin Ovakimyandır ki, bu hadisələrin əvvəlində Əsgəranda 2 cavanın öldürülməsinə görə Əsgəran rayonundan Mardakert rayonuna dəyişildi. İndi bizim özümüzə də qənim kəsilib. Onu mehribançılığa çağırmağım

ürəyincə deyil. Ona qarşı tədbir görülməlidir.

Sərtib İslamoğlu nə üçün Polyaniçkonun yanına dəvət edilmişdi?

S.İslamoğlu yazır ki, aprelin 23-də “Sovetakan Karabax” qəzetinin açıq-aşkar düşmənçiliyi təbliğ edən bir neçə nömrəsini götürüb, komendaturada siyasi işlərə rəhbərlik edən polkovnik Bodoquxinin yanına gedib və ondan belə yazıların dərcinə niyə icazə verildiyini soruşub.

“Mənə xeyli diqqətlə baxandan sonra dedi ki, bu işə polkovnik Trunin baxır. O, daxili telefonla Trunini otağına çağırdı. Bizi tanış etdi. Söhbətimizdən aydın oldu ki, Trunin heç erməni dilini bilmir. Polkovnik Bodoquxinə dedim ki, bu gündən “Sovetakan Karabax” qəzetində dərc ediləcək materiallara əvvəlcədən özüm baxmalıyam. İnsafən o, etiraz etmədi. Səhərisi Xankəndidə səs yayıldı ki, şovinist Zori Balayan Qarabağa gəlib. Aprelin 23-ü, axşam saat 8-9 arası hərbçi-zabit qəzeti səhifə şəklində mətbəədən işlədiyim otağa gətirdi. (O vaxtlar Siyasi Maarif Evində işləyən şair Ramiz Məmmədzadə ilə bir otaqda işləyirdik). Rus dilində dedi ki, çapa getməsi üçün imzanızı atın, aparım.

Cavabında dedim:

- Mən materialları oxumamış necə imza ata bilərəm?

Zabit isə:

- Biz həmişə belə etmişik, - dedi. Zabitə bir saatdan sonra gəlməsini dedim. Sonra səhifələri oxumağa başladım. Elə belə də gözləyirdim. Səhərisi aprelin 24-ü idi. İdeoloqları Zori Balayan durmuşdu başlarının üstündə. Ermənilər bütün qəzeti “genosidə” həsr etmişdilər. Qəzet “türk”lə başlayıb, “türk”lə də qurtarırdı, ancaq hansı məzmunda, nəticə çıxartmağı oxucunun öhdəsinə buraxıram. Bir saatdan sonra zabit gələndə qırmızı qələmlə xətlənmiş səhifələri ona göstərib dedim ki, qəzet bu yazılarla çapa gedə bilməz. Zabit çiyinlərini azca qısaraq dedi:

- Sizin xəbəriniz varmı ki, işçilər mətbəəni dağıdırlar. Sabah onların “matəm

günləri”dir. Qəzet çıxmasa, nə olacağını bilirsinizmi?

- Elə ona görə də olmaz.

Zabit mübahisənin nəticəsiz olacağını görüb, otağı tərk etdi. Bir azdan növbətçi gəlib xəbər verdi ki, 20 dəqiqədən sonra Polyaniçkonun yanında olmalısınız. Görülən işlə əlaqədar hazırladığım arayışı və qəzet səhifələrini götürüb deyilən vaxtda Polyaniçkonun yanında oldum. Hamı toplaşmışdı: - başda Polyaniçko, sağında general Safonov, solunda isə solunda isə general Lelyuşenko orutmuşdular. General Voronin, prokuror Stepankov, KQB-nin sədri Vayko, polkovniklər Boqoduxin, Trunin də orada idilər. Azərbaycanlı ikimiz idik – Ramiz müəllim və mən. Hörmətli oxucu, çalışacağam ki, həmin otaqda olan söhbətləri olduğu kimi sizə çatdıram.

Polyaniçko:

- Redaktor Məhərrəmov, bu nə məsələdir?

- Viktor Petroviç, “Sovetakan Karabax” qəzetinin bütün nömrəsi millətlərarası ədavətə, azəri türklərinin təhqirinə həsr edilib. Böyük bir xalqı nalayiq sözlərlə təhqir edən yazılarla doldurulmuş bir qəzetin çapına icazə vermək olmaz, - dedim və yerimdə əyləşdim.

Mənim sözlərim general Safonovun xoşuna gəlmədi:

- Sən gəlməmişdən qəzetlər çap olunmurdu? Polkovnik Trunin yaxşı da nəzarət edirdi. İndi nə oldu?

Mən dayana bilməyib ikinci dəfə ayağa durub dedim:

- Polkovnik Trunin erməni dilini bilmədiyi üçün, o, “Sovetakan Karabax”da erməni dilində verilən materiallarda nə yazıldığını necə bilə bilər?

Bu sözləri deyib yenicə yerimə oturmuşdum ki, iki metr boyu olan Safonov ayağa durdu və yüksək tonla amiranə şəkildə dedi:

- Mənim zabitimin (polkovnik Trunini nəzərdə tuturdu) pis vəziyyətdə qalması sənin xoşuna gəlir?

Bütün nəzərlərin mənə dikildiyini hiss etdim. Öz torpağımda rus generalının hökm və iddia ilə danışması əzdi məni. Üçüncü dəfə ayağa durub:

- Sizin zabitiniz peşəkar deyil, işini də bilmir, - dedim və yerimə oturdum. Yüngülləşdim, çiyinlərimdən dağ götürüldü elə bil. Ramiz müəllim ehmalca dizimi sıxdı. Dönüb ona baxdım. Çox həyəcanlı idi. Səbəbini otaqda dedi.

Söhbətləri səbrlə dinləyən, müdaxilə etməyən Polyaniçko zəhmli baxışları ilə mənə baxıb sakit səslə dilləndi:

- Arayış yazmısanmı?

- Bəli, hazırdır. Bunu deyib özümlə hazır gətirdiyim arayışı ona təqdim etdim. Otağa ölü bir sükut çökdü. Heç kim danışmırdı.

Azərbaycanda işlədiyi illərdə həmişə Moskvanın mənafeyini müdafiə edən, o vaxtlar onlarla erməni ailəsinin Azərbaycana yenidən qayıtmasına Ə.Vəzirovla bərabər sevinən Polyaniçkonun qəbul edəcəyi qərarı hamı səbrsizliklə gözləyirdi. O isə arayışı oxudu və heç kimin gözləmədiyi halda dilləndi:

- Qəzetin nəşri dayandırılsın.

Mənimlə qabaq-qənşər oturmuş Vayko başını qaldırıb üzümə baxdı və xəfifcə gülümsünərək sağ gözünü qıydı” - deyə S.İslamoğlu bildirir.

“Sovetakan Karabax”ı almağa gələnlər əliboş qayıdırdılar…

S.İslamoğlu bildirir ki, aprelin 24-də səhər tezdən qəzet köşklərinə “Sovetakan Karabax”ı almağa gələnlər əliboş qayıdırdılar. O vurğlayır ki, aprelin 24-ü həmin dövrdə Ermənistan SSR Ali Sovetinin qərarı ilə ermənilərin “matəm günü” kimi qeyd olunurdu. “Xankəndinin kənarında bir abidə kompleksi var. Böyük Vətən Müharibəsi illərində həyatlarını qurban verənlərin xatirəsini əbədiləşdirmək üçün qoyulub. Sonradan həmin kompleksə bir əlavə də olub – 1915-1918-ci illərdə guya Türkiyədə ermənilərin kütləvi surətdə qırılması münasibətilə 2-ci abidə. 1988-ci ilin ruslar və ermənilər tərəfindən təşkil edilən Sumqayıt hadisələrindən sonra 3-cü bir əlavə də olub. Bir sözlə, “matəm abidələr ansamblı” yaradılmışdı. Aprelin 24-də minlərlə adam “matəm abidələr ansamblı”nın ətrafında yığışmışdı. Fövqəladə vəziyyətlə əlaqədar mitinqlər keçirməyin qadağan oldunduğunu hərbi komandanlığın rəhbərləri “başbilənlərə” dönə-dönə xatırlatsalar da, ermənilər öz

işlərini gördülər. Anti-Azərbaycan, antitürk xarakterli qeyri-sağlam əhval-ruhiyyəli mitinqlərdə müxtəlif məzmunlu şüarlar deyildi, çağırışlar edildi…” - deyə S.İslamoğlu vurğlayır.

İradə SARIYEVA

Son xəbərlər