20/05/2019 01:09
728 x 90

Mübahisəli İstanbul seçkisinin ardınca iqtidar və ana müxalifətin davranışları sərtləşir…

“Vəziyyətin bu məcrada davam etməsi ölkədə siyasi böhranla yanaşı, ciddi vətəndaş qarşıdurmasına gətirib çıxara bilər”

img

Türkiyədə son bələdiyyə seçkilərinin gərgin keçməsi hələ də siyasi partiyalar arasındakı münasibətləri yumşaltmayıb. Qeyd edək ki, bu gərginliyin pik həddi hakim partiyanın önəmli funksionerlərindən biri sayılan Binəli Yıldırımın CHP-dən olan namizəd Əkrəm İmamoğluna İstanbulda məğlub olması zamanı müşahidə olundu.

AKP-nin tələbi ilə səslər bir neçə dəfə sayılsa da, son anda bələdiyyə başqanı vəsiqəsi İmamoğluna təqdim olunub. Lakin seçkidən sonra yaşananlar göstərir ki, AKP bu məğlubiyyətin acısını hələ də həzm edə bilmir. Buna sübut kimi birinci hadisə Ərdoğanla İmamoğlunun iştirak etdiyi bir yaz mərasimində müşahidə olundu. Həmin vaxt sırada duranlarla görüşən Ərdoğan İmamoğluna əl uzatmayıb. Bu hadisənin ardınca isə Türkiyədə ana müxalifətin lideri - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Klıçdaroğlu Ankarada qatıldığı şəhid hərbçi Yener Kırıkcının yas mərasimində kütlənin hücumuna məruz qalıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları partiya sədrini qəzəbli kütlənin əlindən alıblar. Partiya sədri hadisə yerindən zirehli maşınla uzaqlaşdırılıb.

Daxili işlər naziri Süleyman Soylu müxalifət partiya sədrinə hücumun yolverilməz olduğunu və hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Seçkidən sonra CHP liderlərinə qarşı nümayiş olunan bu davranışlar nəyin əlaməti sayıla bilər?

  • Qabil Hüseynli: “Belə vəziyyəti bir dəfə Türkiyə ötən əsrin 80-ci illərində yaşayıb”

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyədə yaşananlar heç də xoş mənzərə deyil: “Həmin ölkədə Osmanlılardan bu yana biz gözəl siyasi əxlaq nümünələrinin  nümayiş edildiyinin şahidi olmuşuq. Artıq son hadisələr göstərir ki, qardaş ölkədə dərin siyasi böhran yaşanır. Hər halda, liderlər buna şərait yaratmamalıdırlar. Çünki belə məsələlər bumeranq effekti verə bilər. Əgər bir adam deyirsə: “Bay Kamal, səni məhkəmələrdə dizin-dizin süründürəcəm”, onda sadə tərəfdarlar da belə addım atar da. Xalqın səsi ilə seçilən bir adama əl uzatmamaq da yaxşı qarşılanmır. Ən azı, siyasi etiket buna yol vermir. Yəni türk siyasi arenası bu dərcədəmi deformasiyaya uğrayıb ki, xalqdan böyük səs alan bir liderin şəhərin ortasında vurub ağzını, burnunu partladırlar? Vəziyyətin bu məcrada davam etməsi ölkədə siyasi böhranla yanaşı, ciddi vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Hətta ideoloji zəmində toqquşmalarla yadda qala bilər. Belə vəziyyəti bir dəfə Türkiyə ötən əsrin 80-ci illərində yaşayıb. Həmin vaxt ideologiyası fərqli olan gənclər küçələrdə bir-birini öldürürdülər. Sonda məsələ o qədər şişdi ki, işə hərbçilər qarışıb gərginliyi aradan qaldıra bildilər. Hazırda Türkiyədə hərbinin elə səlahiyyətləri yoxdur. Hesab edirəm ki, ilk olaraq liderlər kütlə qarşısındakı davranışlarına fikir verməlidirlər ki, sadə tərəfdarlar da onlardan yaxşı örnək götürsünlər. Çox təəssüflər olsun ki, digər siyasi partiyalar bu məsələyə seyrçi qalırlar. Mən xüsusilə də MHP sədri Dövlət Bahçəlinin bu mövzudakı süstlüyünü anlaya bilmirəm. Hər halda, Türkiyə cəmiyyətini barışa, birliyə çağırmaq lazımdır. Əks halda, biz heç də yaxşı olmayan hadisələrə şahidlik etməli olacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər