23/07/2019 22:26
728 x 90

AXCP üzvlərinin Saatlıda toy qalmaqalı – İcra Hakimiyyətinin müdaxiləsi, ya əks kampaniya…

img

Artıq bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə aid olan toya yerli icra hakimiyyəti orqanlarının müdaxilə etməsi iddiası ilə bağlı məlumatlar paylaşılır.

Əsasən AXCP tərəfdarının paylaşdığı eyni məzmunlu məlumatda bildirilir ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov AXCP-nin rayon şöbə sədri Şamil Hacıbəylinin qızı ilә AXCP Gәnclәr Komitәsi Mәclisinin sәdri Ruslan Nәsirlinin toyuna mane olub: “Belə ki, Şamil Hacıbəyli toy üçün Saatlıdakı şadlıq saraylarından biri ilә danışaraq razılaşıb. Bundan xəbər tutan icra başçısı S.Cabbarovun göstərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olublar. Deyiblәr ki, əgər toy orda olsa, restoran әllәrindәn alınacaq.
Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra Hakimiyyəti bu dəfə daha da irəli gedib. R.Nәsirlinin atasına tәzyiq edәrәk, bu nikahı pozdurmaq istәyib. Lakin istәyinә nail olmayıb. Toy Ş.Hacıbəylinin həyətində baş tutub”.

Qeyd edək ki, bu hadisə ilə bağlı hətta AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində geniş status yazıb. Partiya sədri bu hadisə ilə müavini Fuad Qəhrəmanlının qızının döyülməsi arasında bir paralel apararaq, mövzunu siyasiləşdirməyə cəhd edib. Hətta bu hadisələri AXCP-yə qarşı təzyiq elementi kimi dəyərləndirib. Qeyd edək ki, F.Qəhrəmanlının qızına qarşı xuliqanlıq edən şəxsin hərəkətlərini hətta iqtidarın ən alovlu tərəfdarları belə pisləyiblər. Həmin hadisəni törədən şəxs polis tərəfindən saxlanıb, barəsində həbs qərarı seçilib. Aydın şəkildə görünür ki, bu iki hadisə arasında heç bir uyğunluq yoxdur.

  • Saatlı İcra Hakimiyyəti: “Görəsən bunu yazanlar düşünürlərmi ki, onların yazdıqları ağ yalana heç kim inanan deyil?”

Çox maraqlıdır ki, indiyə qədər məlum hadisə ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin mövqeyinə rast gəlinməyib. Məhz bu səbəbdən də biz Rayon İcra Hakimiyəti ilə əlaqə saxladıq. Saatlı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zaur Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məlumatların heç bir əsası yoxdur: “Bilirsiniz ki, rayon yerlərində toyların heç də hamısı restoranlarda olmur. Elə adam var ki, toyu öz həyətində çaldırmaq istəyir. Bu işlərə İcra Hakimiyyətinin heç bir aidiyyəti yoxdur. Kim necə istəyir, elə də toy edir. Nə də ki, toy edəndə İcra Hakimiyyəti kiminsə siyasi mənsubiyyəti ilə maraqlanır. Axı bu bizim işimizə aid məsələ deyil. Dediyiniz məsələ ilə bağlı yaradılan süni ajiotajla biz də tanış olduq. Özəl restoranlar bu məsələdə sərbəstdirlər. İndi hansı səbəbdən onlarla toy yiyəsi arasında razılaşma pozulub, bunu deyə bilmərik. Yaxşı olar ki, bunu toy yiyəsinin özündən maraqlanasınız”.

Toyun həyətdə keçirilməsi ilə bağlı qəbul edilən qərardan sonra icra başçısının tərəflərdən birinin valideyninə nikahı pozmaqla bağlı tələbini də ağ yalan adlandıran rayon rəsmisi dedi ki, axı bu inandırıcı deyil: “Necə yəni, hansısa valideyni çağırıb yanına deyəsən ki, get izdivacı poz. Görəsən bunu yazanlar düşünürlərmi ki, onların yazdıqları ağ yalana heç kim inanan deyil?”.

  • Natiq Ədilov: “Bəyəm, restoran yiyəsi dəlidir ki, öz xeyrindən qaçsın?”

AXCP Mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə qəzetimizə bildirdi ki, artıq bu məsələ tam araşdırılıb, əlavə şərhə ehtiyac duymurlar: “Bəyəm, restoran yiyəsi dəlidir ki, öz xeyrindən qaçsın? Təzyiq olub ki, belə qərar verib”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər