25/08/2019 22:56
728 x 90

ABŞ-ın yeni Orta Şərq planında Azərbaycan və Türkiyə məsələsi...

Məhəmməd Əsədullazadə: “Orta Şərq planı Türkiyənin, İranın regionda zəiflədilməsinə və İsrailin təhlükəsizliyinə hesablanıb”

img

“Cənubi Qafqazda ABŞ yeni nizam formalaşdırmağa çalışır və burada Azərbaycana dəstək yer tutur”

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampın məsləhətçisi və kürəkəni Cared Kuşner "Əsrin anlaşması" adlandırılan Orta Şərq sülh planının Ramazan ayından sonra açıqlanacağını bildirib. Ancaq Tramp administrasiyası planın detalları haqqında hələlik açıqlama vermək istəmir. Bununla yanaşı, planın detallarının əvvəlcədən açıqlanacağı bildirilir. Fələstinlilər Trampın İsrailin xeyrinə qərarlar qəbul etməsinə görə "Əsrin anlaşması" planına çox soyuq yanaşır. Ancaq Tramp administrasiyası hələ də Fələstin prezidenti Mahmud Abbasın planı dəstəkləyəcəyinə ümid edir. Keçmiş ABŞ prezidenti Barak Obama dövründə İsrail səfiri olmuş Şapiro planın Fələstinin tələblərinin yerinə yetirilməsindən uzaq olacağını, ancaq İsrail hökuməti tərəfindən qəbul edilə biləcəyini deyib. Onu da qeyd edək ki, bu layihənin qısa məzmunu Amerika tərəfindən Yaxın Şərqin yenidən şəkilləndirilməsi adlandırıla bilər. Böyük Orta Şərq layihəsinin hədəfi müsəlmanlar yaşayan və əsasən Osmanlı İmperiyasının ərazisi olmuş bölgələrə yeni sərhəd cızılmasını nəzərdə tutur. Bu layihə ilk dəfə 2003-də ABŞ-ın NATO nəzdindəki Daimi Təmsilçisi R.Nikolas Börns tərəfindən Praqada, ABŞ Dövlət katibinin köməkçisi Mark Grossman, o zamankı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi, sonralar isə Dövlət katibi olmuş Kondaliza Rays tərəfindən ifadə olunub. O da məlumdur ki, İraqa ABŞ müdaxiləsindən sonra bölgədə sabitlik bərqərar olmayıb. 2011-ci ildə başlayan “Ərəb baharı”ndan sonra prosesin mərkəzində Suriya hadisələri dayanır. Kifayət qədər mürəkkəb, ziddiyyətli və risqli geosiyasi mənzərə yaranıb. Bu da lokal, regional və qlobal miqyasda özünü büruzə verir. Yeni Orta Şərq sülh planında nələrin olacağı maraq doğurur. Çünki sözügedən plan bu və ya digər dərəcədə region dövlətlərinə öz təsirini göstərəcək. O səbəbdən ki, bölgədə gedən proseslər bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ABŞ supergüc olaraq dünyanın geosiyasi baxımdan şəkillənməsində əsas güc mərkəzidir. Trampın verdiyi bir sıra qərarlar sözügedən məsələnin yetərincə ciddi olmağından xəbər verir. Bütün bunlarla yanaşı, Orta Şərq planında Türkiyə və Azərbaycanla bağlı nələr ola bilər? Bununla bağlı hansı ehtimallar mövcuddur?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Əvvəla, ABŞ-ın Yaxın Şərq planı əsasən 2004-cü ildən məlumdur. Mərakeşdən başlayaraq Çin sərhədinə qədər olan ərazini əhatə edən bu strategiyada yeni kvazi dövlətlərin yaradılması və sərhədlərin dəyişdirilməsi əks olunub. 2011-dən başlayan “Ərəb baharı”nın Şimali Afrikadan başlayaraq digər ərəb ölkələrini əhatə etməsi məhz burada İsrailin təhlükəsizliyinə zəmanət yaradır. Bu plana əsasən, fələstinlilərin Sinay yarımadasına köçürülməsi və İsraildən kənar yeni dövlətin yaradılması nəzərdə tutulur. Qeyd edim ki, Trampın yəhudi əsilli kürəkəni Kuşnerin bu planı Yaxın Şərq planının İsrailə aid olan yeni versiyasıdır. Türkiyə hazırda regionda İsrailin geosiyasi maraqlarını önləyən böyük dövlətdi. Məhz bu planda yeni kvazi dövlət - Kürdüstanın da yaradılması əks olunub. Hesab edirəm ki, Türkiyəyə qarşı hər hansı plan yeni böhrana gətirəcək. Ankara qətiyyətlə bu planın qarşısını alacaq. Təəssüf ki, bu gün Türkiyə hədəfdədir, gələcək perspektivdə parçalanması nəzərdə tutulur. O üzdən, Türkiyəyə qarşı planı Azərbaycan əleyhinə hesab edirəm. Çünki iki qardaş ölkənin milli maraqları ortaqdır. Azərbaycan ABŞ-ın Cənubi Qafazda strateji tərəfdaşıdı. ABŞ çalışır ki, Rusiyanın regionda mövqeyini zəiflətməklə Qarabağ münaqişəsinin BMT qətnamələri əsasında həllinə nail olsun. ABŞ dövlət katibi Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüş təklifi məhz xüsusi Qafqaz planından irəli gəlir. Cənubi Qafqazda ABŞ yeni nizam formalaşdırmağa çalışır və burada Azərbaycana dəstək yer tutur. Ümumiyyyətlə, Kuşnerin Orta Şərq planı Türkiyənin, İranın regionda zəiflədilməsinə və İsrailin təhlükəsizliyinə hesablanıb”.

Vidadi ORDAHALLI

Son xəbərlər