23/07/2019 22:28
728 x 90

Ermənistan XİN Məmmədyarovu birmənalı təkzib edir – Rusiyanın 2016-cı il Qarabağ planında erməniləri qıcıqlandıran məqamlar…

“Moskvanın təklif etdiyi variantda “mərhələli plan” öz əksini tapır”

img

Rəsmi İrəvan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə Rusiya xarici işlər nazirinin də iştirak etdiyi Moskva görüşündə Rusiyanın 2016-cı ildəki təkliflərinin müzakirə olunduğu barədə dediklərinə münasibət bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan erməni jurnalistlərlə söhbətində xatırladıb ki, görüşün gündəliyi Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşdən dərhal sonrakı birgə bəyanatında dərc olunub:

“Birgə bəyanatlar məhz o hədəflə hazırlanır ki, görüşün bütün razılaşdırılmış fikirləri onların yekun mətnində əksini tapsın. Razılaşdırılmış mətnlə ziddiyyət təşkil edən kənar bəyanatların verilməsi qarşılıqlı etibarın möhkəmlənməsinə imkan vermir. Hazırda danışıqlar hansısa bir proqram ətrafında aparılmır. Bundan başqa, danışıqların əsas hissəsi bir-birinin mövqeləri ilə tanışlıq, onların aydınlaşdırılması və dəqiqləşdirilməsi üzərində gedir”.

Maraqlıdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov E.Məmmədyarovun Moskvada keçirilən görüşdə 2016-cı ildə irəli sürülən təkliflərin müzakirə olunduğunu bəyan etməsini təkzib etməyib: “Səhv etmirəmsə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonrakı müsahibələrinin birində xatırladıb ki, bu təkliflər müzakirə olunub. Buna görə mənim burada nəsə əlavə etməyə sözüm yoxdur”.

Belə olan halda, niyə ermənilər 2016-cı ildə irəli sürülən təkliflərin müzakirə olunduğunu təsdiqləməkdən ehtiyat edirlər?

  • Fikrət Sadıqov: “Bu səbəbdən də deyilən mövzudan kənar müzakirələrə belə aqressiv münasibət ortaya qoyurlar”

Politoloq Fikrət Sadıqov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu məsələdən yayınması təsadüfi deyil: “Kimin planı olmasından asılı olmayaraq, həm Madrid prinsiplərində, həm də Moskvanın təklif etdiyi variantda “mərhələli plan” öz əksini tapır. Ermənistanı ən çox qorxudan da elə bu plandır. Çünki onlar çalışırlar ki, plandan əvvəl Dağlıq Qarabağın guya “müstəqilliyini” tanıtsınlar, sonra müzakirələr davam etsin. Təbii ki, Azərbaycan heç vaxt buna razılıq verən deyil. Çünki dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə aiddir və bu məsələ müzakirə predmeti ola bilməz. Əlbəttə, bu prinsipiallıq Ermənistanı qıcıqlandırır. Bu səbəbdən də deyilən mövzudan kənar müzakirələrə belə aqressiv münasibət ortaya qoyurlar. Hər dəfə biz buna oxşar bəyant verəndə onlar təşvişə düşürlər. Əslində, 2016-cı illə bağlı deyilən məsələdə söhbət “mərhələli plan”dan gedib. Həmin plana əsasən işğal olunmuş ərazilər azad edilir. Sonra məcburi köçkünlər ora qayıdır və ən sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirə aparılır. Ermənistanı yalan danışmağa vadar edən bu məsələdir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər