23/07/2019 22:29
728 x 90

Qarabağ münaqişəsinin həlli Rusiya-ABŞ gərginliyini də aradan qaldıra bilən faktora çevrilir – Yeni və inanılmaz nüanslar…

img

Moskvada Rusiya tərəfinin təşəbbüsü və bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı  Zöhrab Mnatsakanyan arasında keçirilən görüş Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində yenə aktiv rol oynamaq niyyətinin göstəricisi sayılır.

Görüşdən sonra verilən açıqlamalardan belə bəlli olur ki, tərəflər artıq müəyyən məsələlər üzrə razılıqlar əldə edib. Bunu Sergey Lavrovun açıqlamaları da təsdiq edir: “Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə edilən razılaşmalar faydalıdır. Həmin görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı məqamlar yekun birgə bəyanatda müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti, xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlananların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”. Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: “Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə, təbii ki, məxfidir”.

Bununla yanaşı o da məlumdur ki, görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıb. Görüşlərin davam etdirilməsi hələ sülh ümidlərinin tam tükənmədiyini göstərir. Özü də o fonda ki, məsələ ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz qalır. Bakı birtərəfli qaydada bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərtilə mümkündür. Məsələnin substantiv danışıqlar vasitəsilə, mərhələli şəkildə həlli isə Bakının əsas təklifidir. Eyni zamanda, Azərbaycan bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin nizamlanması üçün hüquqi əsas təşkil edir. Burada isə birmənalı olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiqlənir. Belə durumda onu da qeyd edək ki, Rusiyanın münaqişənin həlli ilə bağlı moderatorluğu öz əlinə almaq cəhdlərinə də Bakı etiraz etmir. Moskva təmasında daha çox diqqəti cəlb edən məqam görüşün Sergey Lavrovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsidir. Burada Moskva çalışır ki, münaqişənin çözümü istiqamətində artıq müəyyən nailiyyətlər əldə olunsun. Çünki indiki şəraitdə hərbi eskalasiyaya imkan vermədən danışıqların aparılması Rusiya üçün məqbuldur. Lakin Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir və bu şərtə əməl edilməyincə eskalasiya təhlükəsi də aradan qalxmır. Bunu Rusiyada da yaxşı bilirlər və bu səbəbdən Kreml, əslində, Ermənistanı danışıqlar masasında konkret addımlar atmağa vadar etməyə çalışır.

Rusiyalı ekspert Qriqori Trofimçuk məsələnin bu tərəfinə nəzər salaraq bildirir ki, Moskva heç vaxt Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalmayıb:“Ona görə Vyana sammitinin ardınca nazirlərin Moskva görüşü keçirildi ki, Rusiya, Azərbaycan və Ermənistan yüksək səviyyəli görüşünə hazırlıq işləri başlasın. Bununla belə, Moskva özünü Vyana tədbirindən ayırmır və bəyan edir ki, əvvəllər keçirilmiş müzakirələri nəzərə almaqla hərəkət edir. Əsas mübahisə mövzusu isə, əvvəlki kimi, eynidir: Azərbaycan yeni uzun, səmərəsiz danışıqlar prosesinə cəlb olunmaq istəmir və tam aydın bilmək istəyir ki, əraziləri ona nə zaman qaytarmağa başlayacaqlar. Bunu Rusiyada da yaxşı bilirlər”. Məhz bu vəziyyətdə ekspertlərin böyük əksəriyyəti diqqəti ona yönəldir ki, Rusiyanın əlində danışıqları aktivləşdirmək və nəticə əldə etmək üçün kifayət qədər hərbi-siyasi və iqtisadi mexanizmlər mövcuddur. Düzdür, bu vaxta qədər həmin mexanizmlərdən Moskva, belə demək olarsa, səmərəli istifadə etməyib. Amma dəyişən geosiyasi vəziyyət və Ermənistanın qərbə meyllənməsi fonunda vəziyyət əhəmiyyətli dərəcədə dəyişə bilər. Dağlıq Qarabağ probleminin həllində artıq Rusiya üçün də geostrateji reallıqlar ön plana çıxmaq iqtidarındadır. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətləri və iki ölkə arasında mövcud olan etimad Moskvanı daha aktiv şəkildə məsələyə müdaxilə etməyə vadar edə bilər.

Qeyd olunduğu kimi, məsələnin həm də geosiyasi tərəfləri var. Məsələ burasındadır ki, indi ABŞ da Qarabağ münaqişəsinin həllində aktiv siyasət sərgiləmək istəyir. Artıq ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirdiyi brifinqdə faktı təsdiq edib: “Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Ardınca isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”. Qeyd edək ki, Azərbaycanda xarici işlər nazirlərinin Vaşinqtona səfərinin hazırlandığı barədə məlumatlar var idi. Bu günlərdə Milli Məclisin üzvləri Asim Mollazadə və Səməd Seyidovun daxil olduğu nümayəndə heyəti Vaşinqtonda olub, Konqresdə və digər siyasi dairələrdə görüşlər keçirib. Burada əsas müzakirə mövzularından birini də məhz Qarabağ münaqişəsi təşkil edib. Bu məlumatlar bir daha Qarabağ məsələsində ABŞ-ın da fəal mövqeyə keçdiyini göstərir və bunu Rusiyada da nəzərə alırlar.

Aydındır ki, Rusiya Qarabağ münaqişəsinin ABŞ tərəfindən həllinə çətin razılıq verər. Amma Kreml yaxşı bilir ki, təşəbbüsün ABŞ-ın əlinə keçməsini istəmirsə, bunun üçün artıq konfliktin çözümü istiqamətində real nəticəsi olan addımlar atmalıdır. Belə vəziyyətdə ABŞ-ın da fəallığı artırması, ekspertlərə görə, əslində Moskva və Vaşinqtonu ortaq mövqedən çıxış etməyə yönləndirə bilər. Xatırladaq ki, Qarabağ məsələsində ABŞ və Rusiyanın indiyə kimi hansısa mənafe toqquşması olmayıb. Əksinə, məhz Qarabağ məsələsinin həlli uzun müddətdir aralarında kəskin ziddiyyətlər yaşanan bu iki ölkəni, nəhayət, konkret əməkdaşlığa gətirə bilər. Xatırladaq ki, zaman-zaman bu xüsusda təkliflər də olub. Məsələn, bundan öncə ABŞ-ın Avrasiyada münaqişələrin nizamlanması üzrə xüsusi nümayəndəsi Keri Kavano belə bir açıqlama ilə çıxış etmişdi ki, Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ probleminin həllində Rusiya ilə əməkdaşlıq etməlidir: "Prezident Tramp Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu dəfələrlə bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə fəaliyyət digər sahələrdə də əməkdaşlığa təkan verə bilər. Bu, ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır. Tərəflər  ümumi məqsədlərə cavab verərək qarşıdurma ehtimalını azalda, münaqişənin sülh yolu ilə həllinə töhfə verə bilər”. 1999-2001-ci illərdə ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri olan Kavano onu da vurğulamışdı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün tərəflərin maraqlarına uyğundur. İndiki vəziyyətdə isə o da faktdır ki, münaqişənin eskalasiyası həm Rusiya, həm də Qərb üçün risqlidir. Vəziyyət gərginləşdiyi halda məsələyə beynəlxalq güclərin qarışması Rusiya və Qərb üçün əlavə problemlər deməkdir. Onların xüsusi maraqlarının olduğu mühüm regionda irimiqyaslı hərbi münaqişə heç də parlaq mənzərə deyil. Məhz bütün bunlar o deməkdir ki, Qarabağ münaqişəsi Rusiya və Qərbə, aralarındakı mövcud ziddiyyətlərə rəğmən, əməkdaşlıq üçün ciddi stimul yaradır.

Aydındır ki, Rusiya və Qərbin Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən çox şey tələb etməsi vacib deyil. Onlar sadəcə, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə nail olmaqla münaqişənin qısa müddətdə çözümünə nail ola bilərlər. Yalnız bundan sonra hərbi insidentlərin minimuma endirilməsi, yeni müharibə risqlərinin azaldılması mümkünləşə bilər. Eyni zamanda, Dağlıq Qarabağ prosesi sonradan digər postsovet münaqişələrində, məsələn, Abxaziya, Cənubi Osetiya, Donbas məsələsinin tənzimlənməsində tətbiq oluna biləcək uğurlu model ola bilər. Bu modelin işə düşməsi isə Qərb - Rusiya münasibətlərinin yaxlışmasına vacib təkan vermək iqtidarındadır.  Başqa sözlə, Qarabağ münaqişəsinin həlli Rusiya - Qərb münasibətlərində mənfi meyillərin dayandırılması istiqamətində bir vasitə ola bilər. Hər halda, Azərbaycan proseslərin məhz bu istiqamətdə inkişaf etməsində maraqlı tərəf kimi çıxış edir.

Digər tərəfdən, Vyana görüşündən az sonra Moskvada görüşün keçirilməsi, bundan dərhal sonra yeni görüş haqqında danışılması və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də bunu təsdiqləməsi danışıqlar prosesinə yeni dinamizm gəldiyini söyləməyə əsas verir. Burada vasitəçilər nəzərə alır ki, Azərbaycan artıq problemin həll edilməsinin vaxtının çoxdan çatdığını düşünür və bunun üçün ən qətiyyətli addımlar atmağa həm hərbi-iqtisadi, həm də siyasi-diplomatik baxımdan hazırdır. Bakının gücə müraciət etməməsi üçün isə, ABŞ və Rusiya yaxşı başa düşür ki, artıq konfliktin çözümü istiqamətində müəyyən addımlar atılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, bu məsələ ətrafında qarşılıqlı addımlar ABŞ və Rusiyanın öz münasibətləri baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu mənada istisna deyil ki, tərəflər münaqişənin çözümü üçün artıq nəticəsi olan birgə əməkdaşlıq mövqeyi sərgiləyə biləcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər