20/11/2019 21:27
728 x 90

İmamoğlunun mer mandatı və AKP-nin hakimiyyət perspektivləri barədə yeni müzakirələr...

“Belə seçki keçirilsə, AKP-nin uduzacağı realdır”

img

İstanbulda 31 mart bələdiyyə seçkilərindən 17 gün sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri məlum oldu. Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyadan ibarət olan Millət İttifaqının namizədi Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri oldu.

Müxtəlif etirazlar əsasında bəziləri yenidən sayılan səsvermə protokollarına görə, Əkrəm İmamoğluna 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf  Partiyasının namizədi Binəli Yıldırıma 4 milyon 156 min 036 səs verilib. Nəticənin Mərkəzi Seçki Komissiyasının sisteminə daxil edilməsindən sonra İmamoğlu Şəhər Seçki Şurasından onun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğunu təsdiqləyən möhürlü sənədi aldı. Ə.İmamoğlu daha sonra da Saraçhanədəki İstanbul Böyükşəhər Bələdiyyəsinin binasına gedərək bələdiyyə rəhbəri vəzifəsini Mövlud Üzüyoldan təhvil aldı.

İmamoğlu bunları söyləyib: "Bələdiyyə sədri vəsiqəsini aldım, şərəf və fəxr hissi keçirirəm, xoşbəxtəm. Bu vəsiqəni 16 milyon insanımız adına təhvil aldım. Bu şəhərin ehtiyaclarını bilirik. Bu şəhərdə yaşayan hər kəsin tələblərini bilirik və tez bir zamanda xidmət etməyə başlayacağıq".

Bu arada, Ədalət və İnkişaf Partiyasının Ali Seçki Şurasına seçkilərdə pozuntuların olmasını əsas göstərərək, İstanbul bələdiyyə seçkilərinin ləğvi üçün etdiyi müraciətin nəticələnməsi gözlənir.

Eyni istiqamətdə bir müraciət də Cümhur İttifaqının digər üzvü olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən edilib.

Qeyd edək ki, hakim partiyanın İstanbul məğlubiyyətinin onun siyasi perspektivinə ciddi təsir edəcəyinə dair fikirlər səsləndirilir. Siyasi təhlilçilər bu qənaətdədirlər ki, Türkiyə siyasətində İstanbulun bələdiyyə başçısı seçilmək yalnız bir şəhərə rəhbərliyin ələ keçməsi kimi xarakterizə edilmir. Belə qənaətlər var ki, siyasi partiyaları olimpə məhz İstanbul bələdiyyəsi aparır. Bu xüsusda hazırkı Prezident Ərdoğanın da İstanbul bələdiyyə sədri seçiləndən sonra parladığı və uzun illər boyu hakimiyyəti əldə saxlaya bilməsi kimi  paralellər aparılır. Bu baxımdan da  maraqlıdır, CHP-nin İstanbul zəfəri hakim partiya olan AKP-nin siyasi perspektivinə necə təsir edəcək?

  • Qabil Hüseynli: “Mən hətta Türkiyədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini də mümkün sayıram”

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İstanbul bələdiyyə seçkisi hər zaman bir lakmus rolunu oynayıb: “Ümumiyyətlə, araşdırdıqda məlum olur ki, bu seçkilərin qalibi AKP yox, “Millət” bloku olub. Yəni bu seçkini AKP-nin qələbəsi kimi qəbul edə bilmərik.  İstanbulu önəmli edən bir çox faktor var. Bunlardan başlıcası əhalinin say tərkibi və keyfiyyətidir. Türkiyə əhalisinin 35 faizi orada yaşayır. Bundan əlavə, orada yaşayan əhalinin tərkibində ziyalılar çoxdur. Yəni Türkiyə siyasətinə əsas yönü İstanbul verir. Bundan əlavə, İstanbul iri sənayə və mədəniyyət mərkəzidir. Buna görə də hesab edilir ki, İstanbula hakim olan Türkiyənin ictimai rəyinə hökm etmək imkanını qazanır. Bu məğlubiyyətə səbəb olan faktorlardan biri də AKP və onun liderlərinin arxayın və sərt danışıqları oldu. Eyni zamanda, ölkənin iqtisadiyyatında müşahidə edilən geriləmə artıq AKP-nin zəiflədiyini göstərir. Mən hətta Türkiyədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini də mümkün sayıram. Bunu xalq tələb edəcək. Belə seçki keçirilsə, AKP-nin uduzacağı realdır. Bütün daxili faktorlar bunu söyləməyə əsas verir. İstanbul qələbəsindən sonra mənəvi üstünlük CHP-nin əlinə keçəcək. Bundan sonra CHP diktə edən tərəf olacaq. Bu partiyanın verdiyi mesajlar ciddi rezonansa səbəb olacaq. Bir sözlə,  artıq ölkə dəyişiklik ab-havasına girəcək. Yəqin ki, erkən parlament seçkilərində biz bu nəticəni görəcəyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər