Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Rusiyada baş tutan məlum görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə çözülə biləcəyinə dair ümidlər bir qədər artıb. Təbii ki, hər şey Ermənistanın bundan sonra üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsindən asılı olacaq. Bura nazirlərin son görüşündə əldə edilən razılıqlar da daxildir.
Xatırladaq ki, bu razılığa əsasən, tərəflər münaqişə zonasında, xüsusilə də kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olanlar üçün sabitlik yaradacaqlarını bildirib. İndiyə qədər isə cəbhəyanı ərazilərdə Ermənistan silahlı qüvvələri bu xüsusda atəşkəsi pozmaqla ciddi problemlər yaradıb. Moskva görüşündə tərəflər həm də əsirlərlə ailələri arasında əlaqələr yaradılmasına şərait yaratmaq barədə razılığa gəlib. Bu xüsusda da Ermənistanın indiyə kimi ciddi problemlər yaratması heç kimə sirr deyil. Qeyd edilənlərlə yanaşı, nazirlər Moskva görüşhündə həm də xalqlar arasında əlaqələrin qurulması, o cümlədən media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması üçün konkret iş görülməsi barədə istəklərini ifadə ediblər. Qarşıdakı günlər ərzində İrəvanın bu məsələlərdə üzərinə götürdüyü öhdəliklərə nə dərəcə sadiq qalacağı bəlli olacaq. Məhz bunlar həm də Ermənistanla danışıqların davam etdirilməsinin nə dərəcədə effektiv olacağını müəyyənləşdirəcək.
Yaranmış durumda Ermənistan hakimiyyəti başa düşür ki, bu dəfə öhdəliklərə əməl etməsə və nəticədə müharibə olsa, çox böyük itkilərə məruz qalacaqlar. Ermənistanın Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Manvel Sarkisyan da bunu etiraf edir və bildirir ki, son razılaşma müsbət haldır: “Əks halda bunun sonu müharibədir və bu müharibə Ermənistana çox baha başa gələ bilər. Münaqişənin həll olunmaması isə regionun, xüsusilə Ermənistanın gələcəyini çox böyük sual altına qoyur”. Rusiyanın “regnum.ru” portalı da məsələyə eyni prizmadan yanaşaraq yazır: “Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Rusiya XİN başçısı Sergey Lavrovun qatıldığı görüşün nəticələrindən indi gözləntilər böyükdür. Aydın idi ki, münaqişə tərəfləri Dağlıq Qarabağ münaqişəsinin kəskin problemlərinə sadəcə növbəti dəfə yanaşmayıblar, ev çantalarında hansısa tədarükləri var idi.
Məmmədyarovun danışıqların yekunları üzrə heç vaxt olmadığı qədər yetərincə açıq bəyanatı dəyərləndirilsə, belə də olub:“Sergey Lavrov, mən və Zöhrab Mantsakanyan birinci növbədə üçtərəfli görüş keçirdik. Görüş səmərəli oldu. Biz indiyədək irəliləyişə mane olan məsələləri konkret müzakirə etdik. Deyə bilmərəm ki, bu tam irəliləyiş idi. Lakin Ermənistan tərəfi və mən bütünlükdə bəzi problemli məqamları daha hərtərəfli və dərindən anlaya bildik. Biz Rusiya tərəfinin 2016-cı ildə təklif etdiyi plan əsasında müzakirə apardıq. Əlbəttə, bu görüşdə bütün məsələləri həll edə bilmədik. Görüşün xeyri bundan ibarətdir ki, hansı problemlərin olduğunu və hansıların həllinin gərəkdiyini daha dərindən dərk etdik. Məsələn, Ermənistan status və təhlükəsizliklə bağlı məsələ qaldırır. Biz isə birinci növbədə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin qayıdışı məsələsini qaldırırıq. Biz bu dörd məsələ ətrafında hərtərəfli müzakirə apardıq. Düşünürəm ki, bunu davam etdirməyə razılaşmışıq. Görüşdə müxtəlif fikirlər səsləndi. Bu təkliflərin nə olduğunu indi söyləmək istəmirəm. Bunlar Rusiya tərəfinin, həmsədrlərin, Azərbaycan və Ermənsitanın təklifləri idi. Bu yöndə işi davam etdiririk”.
Yada salaq ki, Moskva 2016-cı ildə sonradan “Lavrov planı” adlandırdığı və Dağlıq Qarabağın uyğun statusunun müəyyən edilməsilə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini nəzərdə tutan ssenari təklif edib. Görünür, Smolensk meydanının analitik düşüncəsi o çağdan bəri bir addım da irəliləməyib, amma Mənmmədyarova görə, danışıqlarda “müxtəlif təklif və rəylər səslənib”.
Bununla belə, ATƏT MQ həmsədrlərinin yekun bəyanatı bu fonda müəyyən ayrıntıları irəli sürür. Məlum olur ki, münaqişə edən tərəflər “münaqişə zonasında durumun sonrakı, özəlliklə kənd təsərrüfatı işlərinin gedişində sabitləşməsinə maraq göstərib”, onlar “habelə ailələrin tərəflərin uyğun saxlama mərkəzlərində göz altında olan qohumları ilə görüşünə imkan vermək üçün qarşılıqlı əsasda tədbir görməyə razılaşıb” və “adamlar arasında təmasların qurulması üçün, o cümlədən KİV təmsilçilərinin qarşılıqlı səfərləri vasitəsilə konkret işə başlamaq razılığını ifadə ediblər”.
Bəs sonra? ATƏT MQ qeyd edir ki, “görüş iştirakçıları ən yaxın zamanda təmasları davam etdirməyə razılaşıblar”. Moskvada nə baş verib ki? Məmmədyarovun reaksiyasına əsasən, çox ehtimal ki, masa üzərinə Bakı və İrəvanın mövqeyinin addım-addım yaxınlaşmasını nəzərdə tutan “humanitar” deyilən silsilədən çoxlu konkret təkliflər qoyulub. Yalnız bu yöndə irəliləyiş Moskva-Bakı-İrəvan üçbucağında görüşün baş tutacağına zəmanət verir. Bu yöndə hiss olunan addımlar olmasa, Rusiya prezidenti Vladimir Putinin də Qarabağ dialoquna qatılmağının və qabaqkı kimi bəlli köhnə formatlarda keçiriləcək “diplomatik çalxalanma”nın mənası yoxdur.
Bu fonda demək olar ki, Ermənistan və Azərbaycan XİN başçılarının Moskva görüşü tərəflərə indilikdə mühüm irəliləyiş gətirməyib, amma yeni ümidlər yaranıb”. Portal daha sonra yazır ki, yeni ümidlər özünü doğrultmasa, Qarabağ uğrunda yeni savaşın başlanmasını gözləmək olar. Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, həm Bakı, həm də İrəvan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Nazir Moskva görüşündə tərəflər arasında humanitar sferada tədbirlər haqda əldə edilmiş razılaşma barədə də danışıb. Bildirib ki, həmin tədbirlər görüşün yekunu olaraq qəbul edilən bəyanatda əksini tapıb: “Mən bunları çox faydalı razılaşmalar hesab edirəm. Bəli, mən belə şərhlər də oxumuşam ki, bu cür məsələlər, xüsusən də humanitar sferada, əvvəllər də razılaşdırılıb, amma həmişə yerinə yetirilməyib. Bu doğrudur. Lakin Moskvada baş tutmuş təmasların yekunu əsasında məndə belə əsas yaranıb ki, hazırda işlərin getdiyinə dair atmosferi hiss edim. Və məndə belə əsas var ki, Bakı və İrəvan bu dəfə həmin razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna kömək edəcəyik”. Ekspertlər isə bildirir ki, razılıqların kağız üzərində qalmaması üçün Moskvanın İrəvana təzyiqlərini artırması vacibdir. Əks halda, yuxarıda qeyd olunduğu kimi, bölgədə Moskvanın marağında olmadığı savaşın başlanması qaçılmaz olacaq.
Erməni mediası isə yazır ki, əslində, Moskva görüşünün təşkili ilə Rusiya yenidən Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq niyytəini ortaya qoyub. Amma bu o vaxtda baş verir ki, Moskva ilə İrəvanın münasibətləri heç də əvvəlki kimi rəvan deyil. ”İravnuk” qəzeti qeyd edir ki, indiki vəziyyət daha çox Azərbaycanın maraqlarına uyğundur: ”Çünki Bakı ilə Moskvanın əməkdaşlığı son dövrlərdə xeyli intensivləşib. Digər tərəfdən, Rusiya ilə yaxınlaşan Türkiyənin də prosesə təsiri nəzərə alınmalıdlır. Türkiyə daim Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. Bunu hətta Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin İrəvanda keçirilən 52-ci iclasında iştirak edən komitənin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Mətin Gündoğdu Ermənistanın mərkəzində yenidən açıq bəyan etdi. Bildirdi ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ probleminin həlli kontekstində nəzərdən keçirmək lazımdır: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmadan Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulmasından söhbət gedə bilməz. Azərbaycan həmişə Türkiyə üçün önəmli müttəfiq olub - biz iki dövlət, bir millətik. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, onda bu, bütün regiona rifah gətirəcək”. Bu yanaşma, əslində Türkiyənin rəsmi mövqeyidir. Ona görə də Türkiyənin Rusiya vasitəsilə Qarabağ məsələsinə müdaxiəlsi İrəvan üçün müsbət heç ən vəd etmir. Bu səbəbdən hadisələrin Ermənistan üçün ən pis ssenarilərinə belə hazır olmaqda fayda var”.
Ümumiyyətlə, Kremlin Ankara ilə regiondakı konfliktli məsələlərdə əməkdaşlıq və anlaşma əldə etməyə başlaması və Suriya timsalında bu əməkdaşlığın artıq uğurlu nəticələr verməsi erməniləri getdikcə daha çox narahat etməkdədir. Bu xüsusda “1 in.am” saytı yazır: “Hadisələrin gedişi Rusiya-Türkiyə ittifaqının daha da möhkəmlənəcəyini göstərir. Xüsusən də S-400 havadan müdafiə sistemləri ətrafında yaranan qalmaqal bunu şərtləndirən mühüm amilə çevrilib. Suriya nümunəsində rus-türk əməkdaşlığının nəyə gətirdiyini görmək mümkündür. Məsələ ondadır ki, konfliktlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində də Türkiyə Suriyadakı kimi Rusiyanın yüngül əli ilə “nizamlama” prosesinə cəlb oluna bilər. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə yaxınlaşdıqdan sonra fikirlər səslənir ki, Qarabağ məsələsinin Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatında müzakirəsi mümkündür. Elə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya da Ankaranın Qarabağa dair danışıqlar prosesində daha fəal iştirakının əleyhinə deyil. Bütün bunlar düşünmək üçün belə bir zəmin yaradır ki, rus-türk qarşılıqlı yaxınlaşmasının hədəfləri sırasında Qarabağ məsələsi də ola bilər”.
Proseslərin qeyd edilən istiqamətdə inkişafı indiki şəraitdə Azərbaycanın maraqlarına tam uyğundur. Ermənistanın isə hadisələrin bu səpkidə inkişafının qarışısını almağa hansısa ciddi imkanı yoxdur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.