Məlum olduğu kimi, aprelin 15-də Rusiyanın təşəbbüsü, həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü keçirilib.
Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, bu ilin 29 mart tarixində Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.
Danışıqlarla bağlı həmsədrlərin bəyanatında detallı məlumat verilməsə də, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bir sıra məqamlara aydınlıq gətirib, bəzi razılaşmalardan bəhs edib. Onun sözlərinə görə, Rusiya tərəfinin 2016-cı ildə təklif etdiyi plan əsasında müzakirə aparılıb: “Biz indiyədək irəliləyişə mane olan məsələləri konkret müzakirə etdik. Deyə bilmərəm ki, bu, tam irəliləyiş idi. Lakin Ermənistan tərəfi və mən bütünlükdə bəzi problemli məqamları daha hərtərəfli və dərindən anlaya bildik. Biz Rusiya tərəfinin 2016-cı ildə təklif etdiyi plan əsasında müzakirə apardıq. Əlbəttə, bu görüşdə bütün məsələləri həll edə bilmədik. Bugünkü görüşün xeyri bundan ibarətdir ki, hansı problemlərin olduğunu və hansıların həllinin gərəkliyini daha dərindən dərk etdik. Məsələn, Ermənistan status və təhlükəsizliklə bağlı məsələ qaldırır. Biz isə birinci növbədə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin qayıdışı məsələsini qaldırırıq. Biz bu dörd məsələ ətrafında hərtərəfli müzakirə apardıq. Düşünürəm ki, bunu davam etdirməyə razılaşmışıq”.
O da məlumdur ki, tərəflər bəzi üçüncü dərəcəli məsələlərdə razılığa gəliblər. Məsələn, jurnalistlərin qarşılıqlı səfərləri, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması. Ancaq bütün bunlardan vacibi tərəflərin danışıqları hansı plan üzrə aparmasıdır.
Elmar Məmmədyarovun qeyd etdiyi kimi, dörd məsələ ətrafında hərtərəfli müzakirələrin aparılması, bir növ, Ermənistanın substantiv danışıqlara məcbur edilməsinin göstəricisidir. Çünki qeyd olunan məsələlər substantiv danışıqların mahiyyətinə uyğundur və onları özündə ehtiva edir. Hansı ki, nəticəyə hesablanmış olan substantiv danışıqlar Azərbaycanın maraqlarına uyğundur və Ermənistan illər idi ki, belə danışıqlara heç cür başlamaq istəmirdi. Substantiv danışıqlar ilk növbədə ərazilərin işğaldan azad edilməsini və köçkünlərin geri qayıtmasını nəzərdə tutur. Tərəflər arasında danışıqların bu yöndə aparılması müsbət dinamika yarada bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanın separatçı qurumun danışıqlarda tərəf kimi iştirak təşəbbüsü fiaskoya uğradı.
Bütün bu deyilənlərlə yanaşı, maraqlıdır, Rusiya tərəfinin 2016-cı ildə təklif etdiyi planın mahiyyəti nədən ibarətdir? Bu nə plandır? Hesab etmək olarmı ki, Azərbaycan Ermənistanı substantiv danışıqlara getməyə vadar edə bildi? Bütün bunları ekspertlər necə şərh edirlər?
Elman Nəsirov: “2016-cı ildə Rusiyanın təklif etdiyi plan, əslində, Kazan planının bir oxşarı kimi təqdim olunur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Elman Nəsirov bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Əvvəla Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial və qətiyyətli mövqeyə malikdir. Bunu Ermənistan rəhbərliyi ilə aparılan danışıqlarda və ən yüksək beynəlxalq kürsülərdə də səsləndirib. Sonuncu Vyana görüşündə də cənab Prezidentin mövqeyi dəyişməz oldu. Yəni münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan hər dəfə separatçı qurumun danışıqlarda iştirakını istəyirdi. Prezident bu məsələdə də prinsipial mövqeyini ortaya qoydu. Nəticədə danışıqlar Azərbaycan və Ermənistan rəhbərləri arasında getdi. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri danışıqlarda iştirak edir. Bu baxımdan Moskva görüşünə xüsusi maraq var idi. Çünki bu görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə keçirilirdi. Təbii ki, Lavrovun Putindən aldığı təlimat əsasında bu görüş keçirildi. Elmar Məmmədyarovun verdiyi açıqlamadan bəlli oldu ki, 4 məsələ ətrafında çox ciddi və mürəkkəb danışıqlar aparılıb. Azərbaycan ərazilərin işğaldan azad olunması və köçkünlərin geri qaytarılması ilə bağlı təklif edib. Ermənistan tərəfi isə bunun qarşılığında status və təhlükəsizlik məsələlərini ön plana çəkib. Bu dörd məsələ ətrafında aparılan müzakirələrdə hər hansı bir razılaşmanın əldə olunması ilə bağlı məlumat yoxdur. Məlum olan odur ki, humanitar sahələrdə tərəflər arasında razılaşma var. Bu da icmalar və media arasında təmaslardan ibarətdir. Bir də girovlarla bağlı razılıq var”.
2016-cı ildə Rusiyanın təklif etdiyi plana gəldikdə isə, E.Nəsirov bunları dedi: “Məsələ ondadır ki, 2016-cı ilin aprel döyüşlərindən sonra, aprelin 7-8-də Rusiya Baş naziri Dmitri Medvedyev regiona səfər etdi. O zaman Rusiyanın təklif etdiyi plan, əslində, Kazan planının bir oxşarı kimi təqdim olunur. Çünki 2011-ci ildə münaqişənin həlli ilə bağlı Kazan planı vardı. Burada söhbət işğal olunmuş ərazilərin mərhələli şəkildə geri qaytarılmasından gedir. Yalnız sonrakı mərhələdə Dağlıq Qarabağın statusuna baxılması nəzərdə tutulur. İlk növbədə 2004-cü ildə irəli sürülmüş Praqa prosesinin məntiqi, 2007-ci ildə irəli sürülmüş Madrid və 2009-cu ilin dekabrında irəli sürülmüş Yenilənmiş Madrid prinsiplərinin ruhundan çıxış edərək münaqişənin həlli məsələləri nəzərdə tutulur. Bütün bunlar paket həll deyil. Bunlar mərhələli həlldir. Lakin bütün bunlarla bağlı Ermənistan konstruktiv mövqe ortaya qoymayıb. Bu da bəlli bir məsələdir. Bütövlükdə, Moskva görüşünü ona görə müsbət qiymətləndirmək lazımdır ki, hər halda, fundamental məsələlərlə bağlı razılaşma əldə edilməsə də, humanitar sahədə müəyyən irəliləyişlər əldə edilib. Bunu müsbət bir impuls kimi dəyərləndirmək lazımdır. Moskva görüşü göstərdi ki, Rusiya münaqişənin həllində əsas vasitəçi tərəf kimi özünü təsdiqləmək istəyir. Bu tendensiya da diqqətdən yayınmır”.
Ramil Hüseynov: “Moskva görüşünün nəticələri substantiv danışıqlarla bağlı müəyyən ümidlər yaradır”
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Moskva görüşünün nəticələri substantiv danışıqlarla bağlı müəyyən ümidlər yaradır: “Çünki dörd məsələ ətrafında müzakirələrin aparılması bu qənaətə gəlməyə əsas verir. Ermənistanın sona qədər bunlara nə dərəcədə sadiq qalacağını demək çətindir. Çünki dəfələrlə bu ölkə danışıqları pozub. O baxımdan bundan sonra proseslərin hansı istiqamətdə inkişaf edəcəyini demək çətindir. Ancaq Moskva görüşü göstərdi ki, separatçı qurumun danışıqlarda iştirakı gündəmdə deyil. Danışıqlar konkret məsələlərlə bağlı Azərbaycanla Ermənistan arasında aparılmalıdır. Ermənistan pozuculuq siyasəti həyata keçirməsə, danışıqlarda müsbət nəticə əldə etmək olar. Hesab edirəm ki, substantiv danışıqların nəticə verməsi üçün həmsədrlər Ermənistana təzyiq etməlidirlər”.
Vidadi ORDAHALLI